“General-podpolkovnik”...

 

“General-podpolkovnik”...
Kiyev sağ göstərib sol vurdu. Çoxumuz gözləyirdik ki, ukraynalılar cənubda Xersona hücuma keçəcək, amma Ukrayna Silahlı Qüvvələri şimal-şərqi – Xarkov ətrafını işğalçılardan təmizləməyə başladı.
USQ düşməni əzə-əzə qovur, rus əsgəri də dabanına tüpürüb əkilir. Rusiya tarixçiləri və təbliğatçıları rus əsgərini nə qədər öysələr də, 1-ci Dünya savaşı bütünlükdə və 2-ci Dünya savaşının ilk ayları bu iki faktı bütün çılpaqlığı ilə ortaya qoydu: Rusiya hərbçisi asanlıqla əsir düşür və fərarilikdə onun tayı tapılmaz. Təsadüfi deyil ki, Stalin fərariliyə qarşı qaçan əsgəri güllələyən SMERŞ-i icad etmişdi.
Rus generaliteti üçün əsgər sadəcə “canlı material”dır və belə “ət ehtiyatı” sarıdan korluq çəkmədiyi üçün Rusiya ekspansiyası sərhəd tanımaylb. “Əsgərə heyfiniz gəlməsin, arvadlar yenə doğar” deyən Jukov və onun Suvorov kimi sələfləri 100 minlərlə, milyonlarla rus əsgərinin cəsədi üzərində “böyük sərkərdə” olublar.
Amma Ukrayna savaşında rus əsgəri rus generalının papağını yerə soxdu, imicini korladı və rüsvayi-cahan etdi. Üstəlik, bəlli oldu ki, bu “sərkərdələr” soldafon toy generallarıdır və çoxlarına mundir şərəfi də yaddır.
Balakleya şəhəri uğrunda döyüşdə rus ordusunun “yağlı balıq”larından sayılan general-leytenant Andrey Sıçevoy USQ-nin toruna düşüb. Özü də general əsir düşərkən “podpolkovnik” geyimində olub. Necə deyərlər, yerinə... soyadını edəsən Sıçevoy.
Bu barədə siyasi analitik Taras Berezovets sosial şəbəkədə məlumat yayıb. O, Ukraynanın etibarlı və ciddi mənbələrindən sayılır. Düzdür, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak general-leytenantın həbsini birmənalı təsdiq etməyib: “Əmin olmaq üçün hazırda bütün informasiyalar dəqiqləşdirilir, çünki müxtəlif variantlar ola bilər”.
Ukrayna telegram-kanalları əsir düşən “podpolkovnik”in eynilə general-leytenant Sıçevoyun kopyası olduğunu bildirirlər. Əgər gerçəkdən də əsir götürülən RF Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ümumqoşun ordusunun keçmiş komandanı, Rusiya Ukraynaya girəndən sonra “Qərb” Qoşun Qruplaşmasının komandanı təyin olunan Andrey Sıçevoydursa, Ukrayna savaş başlayandan rus ordusunun “ən iri şişka”sını ələ keçirib.

Demokratikmusavat.com

0.13573503494263