Mais Bərxudarovun başı üzərində qara buludlar dolaşır… – “Beyləqan işi” araşdırılır…

 
Rəsmi açıqlamalara görə (xatırlayırsınızsa, B. Orucov saxlanıldığı gün adının hansı cinayət işində keçməsi barədə yazmışdım) Hərbi prokurorluq tərəfindən aparılan cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilərək Orucov Bəkir Şirin oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
General-mayor Bəkir Orucov

Ötən gün bir xülasə yazmışdım ki, Bəkir Orucovun həbsi ilə bağlı bir mənalı fikir söyləmək, müzakirə açmaq çətindir. Ehtimallar isə kifayət qədərdir. Hətta yazmışdım ki, Bəkir Orucovun niyə və hansı səbəbdən həbs olunduğunu demək də bir qədər zordur. Lakin dəqiq bildiyim bir məsələnin altını cızmışdım.

Xatırlayırsınızsa, həmin yazıda “Tərtər işi” ilə yanaşı, eyni vaxtda törədilmiş “Beyləqan işi” üzrə bir cinayətdən bəhs edirdim. Hansı ki, Bəkir Orucovun da adı həmin “Beyləqan işi” üzrə cinayət işində keçirdi.
Mais Bərxudarov II-ci Ordu Birləşməsinin komandanı

Həmin cinayət işində Bəkir Orucovla yanaşı, II-ci Ordu birləşməsinin komandanı Mais Bərxudarovun da adını keçdiyi haqda xüsusi qeydlər etmişdim. Həmin xülasəli yazıda hərbi prokurorluğun Sabirli Adil Tehran oğlunun ölüm işi üzrə cinayət işinin bəzi təəfərrüatlarına toxanmışdım. Qeyd etmişdim ki, Bəkir Orucovun və Mais Bərxudarovun adı hərbi prokurorluğun cinayət işi üzrə ittiham aktında və iş üzrə məhkəmə istintaqında keçir.

Bir daha qeyd etmək istəyirəm ki, Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun ayrı-ayrı general və zabitlərinin göstərişi ilə “N” saylı hərbi hissənin zabiti Sabirli Adil Tehran oğlu “Vətənə xəyanət” ittihamı ilə suçlanaraq və ağır işgəncələrə məruz qalaraq tab gətirməyib ölür. Bu hadisə baş verir Müdafiə Nazirliyinin Beyləqan korpusunun tabeliyində olan Həmlə taborunun padvalında. Və bütün qeyri-insanı rəftarlar, şiddət və işgəncə faktları məhz elə bu taborda baş verir.
İşgəncələrə məruz qalaraq öldürülən zabitimiz Sabirli Adil Tehran oğlu

Sabirli Adil Tehran oğlunun işgəncə verilərək öldürülməsi ilə bağlı cinayə işi üzrə hərbi prokurorluğun apardığı araşdırmalar zamanı (şahid ifadələrinə əsasən) II-ci Ordu birləşməsinin komandanı Mais Bərxudarovun, korpusun qərərgah rəisi Bəkir Orucovun, kəşfiyyat taborunun rəisi Ziya Kazımovun və korpusa tabe ayrı-ayrı rütbəli şəxslərinin adları çəkilir.

Qeyd edək ki, Hərbi prokurorluğun cinayət işi üzrə apardığı araşdırma zamanı şahidlərdən biri maraqlı bir ifadə verir. Ki, Sabirli Adil Tehran oğlu II-ci Ordu birləşmələrinin tabeliyində olan “N” sahlı hərbi hissəyə gətirib, işgəncə verilərkən, korpus komandiri Mais Bərxudarov həmin hərbi hissəyə gəlir.Və bir neçə dəqiqədən sonra da tələm-tələsik qayıdır. Artıq bu ifadə belə deməyə əsas verir ki, Korpus komandirinin zabitin həmin hərbi hissədə olmasından və sorğulanması prosesindən məlumatı var. Demək ki, baş verənlər planlı şəkildə həyata keçirilir. Mais Bərxudarov gedəndən bir neçə saat sonra isə Sabirli Adil Tehran oğlu ona verilən işgəncələrə, şiddətə tab gətirə bilməyib ölür. Həmin gecənin səhəri-süp tezdəndən isə Masi Bərxudarov ölkəni tərk edərək gedir xarici ölkəyə. Əcaba, bir gecədə nə baş verir…? Mütləq idim ki, böyük bir Ordu birləşməsinin komandanlığı belə bir vəziyyətdə ərazini, ordunu başsız, sahibsiz qoyub ölkəni tərk etməsi?.. Buna bir qədər sonra aydınlıq gətirəcəyik.

Keçək digər bir şahid ifadəsinə: Cinayət işinin istintaqı zamanı başqa bir şahid ifadəsində cinayət işində korpus komandirinin müavini vəzifəsində işləyən Elşad Əbilovun da əlinin olduğu qeyd edilir: “Elşad Əbilov bizi çağırıb dedi ki, korpus komandirinin göstərişidir, gedib Ağdaşdan (təlimdən) üç əsgər gətirməlisiniz burda bir zabit var onun sorğulamasında iştirak edəcəklər.”
Elşad Əbilov – II-Cİ Ordu Korpusunun komandir müvini

Düzdür, Elşad Əbilov məhkəmə istintaqında korpus komandirinin ona üç hərbiçinin Ağdaşdan gətirilməsini etiraf etsə də, lakin onları hansısa zabitin sorğulanması prosesində iştirak etmək üçün yox, başqa bir məqsəd üçün gətirildiyinə dair ifadə verir. Hakim isə çox şeyi qurdalamır. Hər şeyin üzərində sükutla keçir. Bildirilir ki, Korpus komandrinin tapşırığı ilə Ağdaşdan təlimdən gətirilən həmin hərbiçilər korpusun kəşfiyyat taborunun xüsusi təyinatlıları olub. Onlar əlbəttə ki, sorğu altına alınan zabitə işgəncə vermək üçün gətiriliblər. Yoxsa, korpusda başqa əsgərmi yox idi?! Əlbəttə var idi, sadəcə olaraq Ağdaşda idmançı, qolu zorlu, peysəri yoğun xüsusi təyinatlılardan ibarət qulluqçuları gətirməkdə məqsəd zabiti döymək, ona işgəncə verməklə etmədiyi əməli – düşmənə cəsusluqda itihamı onun boynuna zorla qoymaqdan ibarət olub.

Qeyd edək ki, cinayət işinin məhkəmə prosesində təqsirləndirilən tərəfin vəkilinin cinayət işi üzrə ittiham aktında adları keçən 2-ci Ordu Korpusunun yüksək rütbəli şəxslərinin məhkəməyə gətirilməsi ilə bağlı verdiyi vəsatətlərin məhkəmə tərəfindən təmin olunmayıb.
İndi qayıdaq Mais Bərxudarovun gecə ilə ölkəni tərk etməsi məsələsinə. Mais Bərxudarovun ölkəni tərk edərək xaricə getməsinin bu qədər vacib səbəbi nə ola bilərdi? Ələxüsusda həmin dönəmlərdə. Sizcə, bu Sabirli Adil Tehran oğlunun işgəncələrə, şiddətə məruz qalaraq ölməsi faktı ilə əlaqəli ola bilərmi? Niyə də ola bilməz ki??? Sadəcə olaraq buna cavab vermək indi ki, vəziyyətdə olduqca çətin məsələdir. Gərək belə məsələlərdə səbr edib gözləyəsən.Tələskənlilik etməyəsən. Ona görə ki, hələ buna dair ortada hər hansı bir rəsmi açıqlama və ya konkret araşdırma yoxdur. Fərziyələrlə isə danışmaq olmaz. Bir bildiyimiz eləcə odur ki, Mais Bərxudarovun da adı Bəkir Orucov kimi məlum cinayət işində keçir. Lakin ona istintaq təqbi orqanı nə kimi qiymət veriləcək və yaxud verilibsə də əlimizdə buna dair heç bir əsaslı arqument belə yoxdur. Ola bilsində ki, çox keçməz Bərxudarov da gözlənilməyən halda həbs oluna bilər. Hazırda iş gedişatı onu göstərir ki, Mais Bərxudarovun da başının üzərində qara buludlar əsir. Movcud durum onun üçün də yaxşı nəsə vəd etmir. Ancaq bir məsələ də var ki, Azərbaycanda heç vaxt birincilərə dəymirlər.
Azərbaycan Müdafiə Naziri Zakir Həsənov

Maraqlı odur ki, Azərbaycan respublikasının işğal olmuş ərazilərinin təmas xəttində müdafiə funksiyasını yerinə yetirən böyük bir Ordu birləşməsinin komandanı baxmayaraq ki, həmin ərazidə Vətənə xəyanətlə bağlı düşmənlə əlbirlikdə olan zabitlərin araşdırılması aparıldığı bir halda, həmin birləşməni başsız qoyaraq xarici ölkəyə gedir. Çox qəribədir. Bu qədərmi, vacib idi, belə bir vəziyyətdə ərazini, ordunu başsız qoyub ölkəni tərk etmək?..

Bir halda ki, sən tabeçiliyində olan Ordu birləşməsinin tərkibində zabit Vətənə xəyanətdə suçlanılaraq, sorğulandığını, işgəncələrə məruz qoyulduğunu və hər an da əraziyə hücum oluna biləcəyini, həmin ərazilərin mühafizə zonaları satıla biləcəyini, minalanmış ərazilərin kordinatları düşmənə verilə biləcəyini bildiyin halda bunu edirsən. Belə olan halda böyük bir Ordu birləşməsinin komandanının ölkəni tərk edərək xarici ölkəyə getməsi şüphə doğurmur? Və yaxud Mais Bərxudarov bilmirdi ki, həmin zabit düşmənə işləyir ya işləmir? Həmin vaxt Mais Bərxudarova kim icazə vermişdi ki, ölkəni tərk etsin? Yoxsa ki, Müdafiə naziri bilmirmidi ki, həmin ərazidə düşmənə işləyən zabit tutulub? Bilirdi! Bəs, niyə bir ordu birləşməsinin komandanına icazə verirdi ölkəni tərk etməyə? Qeyd edim ki, sonradan bütün bu ittihamlar öz təsdiqini tapmadı. Vətənə xayanətdə ittiham olunaraq öldürülən hərbi qulluqçular barəsində bəraətverici qərarlar çıxarıldı. Ancaq belə bir informasiyanın olduğu halda, bu ərazidə bir yox, bir neçə zabit Vətənə xayanətdə suçlanıb aşkarlana bilərdi…
Bəlkə də elə Mais Bərxudarov həmin zabitin ölümündən sığortalanmaq, yaxasını ələ verməmək üçün ölkə dışına çıxıb. Artıq bu proseslər Mais Bərxudarovun bu işlərdən xəbərinin olduğu şübhələrini ortaya qoyur.
Bəkir Orucovun həbsi belə deməyə əsas verir ki, qara buludlar Mais Bərxudarovun da başının üzərini alıb. Kim deyə bilər ki, növbəti həbs dalğası Mais Bərxudarovu “vurmayacaq”.
Ramin Məhəmmədoğlu,
“RealMedia.az” saytının baş redaktoru – jurnalist
0.15204310417175