Pis vərdişlərdən qurtulma müddəti nə qədərdir? - AÇIQLAMALAR

 

Narkotik asılılığından qurtulmaq üçün 15 və ya 21 günlük müalicə kifayət deyil.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyib. Onun fikrincə, ölkədə narkotik asılılığı olanların reabilitasiya mərkəzlərinin sayı da azdır:

“Ərazilərdə əməliyyatlar aparılır, "bariqalar" həbs edilir. Yüzlərlə narkotik asılılığı olan şəxslər üçün bu gün ölkədə neçə qapalı reabilitasiya mərkəzi var? Özəl mərkəzlərin qiyməti fantastikdir. Cəmiyyəti sağlam görmək istəyirik? 15 və ya 21 gün, hətta 1 aylıq müalicə ilə bu bəladan qurtulmaq olmaz.

O zaman bu mərkəzlər yaradılmalıdır, asılılıqdan qurtulan vətəndaşların sosial rifahı düzəlməlidir. Bunlar olmadıqca təzə "barıqalar" və satış olacaq”, - deyə o əlavə edib.

332524

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan narkoloq həkim Asif Kəngərli bildirib ki, 21 gün sadəcə müalicə müddətidir. Onun sözlərinə görə narkotik aludəçilərinin bu asılılıqdan qurtulması üçün 6-24 ay vaxt lazımdır:

“Əslində, müalicə müddəti bəzi hallarda 21 gündən daha az çəkir. Müalicə müddətində narkotik asılılığı olan şəxsin ağrıları keçir, yuxusu bərpa olunur, iştahı açılır, əsəbləri və depressiyası azalır.

Bundan sonra isə xəstə ya psixoloqa ya da reabilitasiya mərkəzinə getməlidir ki, reabilitasiya kursu keçsin. ABŞ-ın proqramına görə, reabilitasiya üçün 6-10 ay vaxt lazımdır.

Əgər narkotik asılılığından əziyyət çəkən şəxs sonra reabilitasiyaya getməsə, bu zaman müalicəsi yarımçıq qalır. O, müalicə ilə fiziki asılılıqdan çıxsa da, psixi asılılıqdan qurtula bilmir. Bunun üçün isə ona aylar və illər lazımdır. Əslində, tam sağalmaq üçün 2 il tələb olunur. Bu müddətdə reabilitasiyadan keçdikdən sonra aludəçi psixi asılılıqdan çıxmış hesab olunur. Reabilitasiyaya getməsə, xəstənin təkrar narkotikə qayıtma ehtimalı böyükdür”.

Mütəxəssis narkotik maddələrdən və sentetik uyuşduruculardan (“patı”, “şüşə”) isdifadə edən şəxslərin müalicəsində kəskin fərqlər olmadığını bildirib:

“Narkotik vasitələrdən və sentetik uyuşduruculardan istifadə edən insanların hansı tezlikdə asılılıq yaratmasından və zərərlərinin nə qədər olmasından asılı olmayaraq hər ikisinin müalicə və reabilitasiya müddəti təxminən eynidir”, - deyə o əlavə edib.

332525

Səhiyyə Nazirliyindən Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq bildirilib ki, narkotik Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tərtib olunmuş siyahıya daxil olan psixoaktiv maddələrə (PAM) aiddir. Bildirilib ki, PAM istifadəçilərinin müalicəsində qoyulan məqsədlər PAM istifadəsini dayandırmaq, asılılığı olan şəxsin səhhətini və sosial fəaliyyətini yaxşılaşdırmaq, fəsadların və residivlərin qarşısının alınmasıdır.

“PAM-dən asılılığı olan şəxslərin müalicə müddəti bir çox faktorlardan (xəstənin yaşı, narkotik istifadəsi müddəti, sosial statusunun enməsi, şəxsiyyət pozuntusu dərəcəsi və s) asılıdır və buna görə də individual xarakter daşıyır. 

PAM istifadəçiləri arasında “patı”, “şüşə” adlandırılan metamfetamin yüksək narkogenliyə malik olduğu ilə yanaşı insan psixikasına ciddi ziyan yetirir. Müalicəsi opioid müalicəsindən fərqlidir”.

Nazirlikdən həmçinin bildirilib ki, psixoaktiv maddə istifadəçilərinin müalicəsinə tələb olunan dərman preparatları tam həcmdə dövlət tərəfindən təmin olunur.

Ölkəmizdə PAM istifadəçilərinin müalicə və reabilitasiyası mərkəzlərinin az olmasına gəlincə isə qeyd edilib ki, onların müalicəsi üçün Respublika Narkoloji Mərkəzi, Sumqayıt, Lənkəran, Gəncə şəhər Narkoloji Dispanseri, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri və mərkəzi rayon xəstəxanalarında narkoloji kabinetlər mövcuddur.

“Yaxın gələcəkdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən narkoloji reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub”, – cavabda vurğulanıb.

Billurə Yunus

0.13492202758789