Bakıda kirayə mənzillər bahalaşıb - QİYMƏTLƏR

 

Hər il ənənəvi olaraq yeni tədris ilinin başlaması ilə əlaqədar Bakıda kirayə mənzillərə təlabat artır. Bu təlabat nəticəsində paralel olaraq kirayə qiymətlərində də artımlar müşahidə edilir.

Daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov “Demokratikmusavat.com ”a açıqlamasında bildirdi ki, bahalaşma təqribən 15-20% çərçivəsindədir. 

Ekspertin sözlərinə görə, Yasamal və Nərimanov rayonlarında kirayə evlərə təlabat daha yüksəkdir. Çünki, qeyd olunan rayonların ərazilərində təhsil müəssisələri daha çoxdur.  

“Yasamal rayonu üzrə köhnə tikili binalarda hazırda qiymətlər müvafiq olaraq bir otaqlılar üzrə 350-400 manat, iki otaqlılar üzrə 400-600 manat, üç otaqlılar üzrə 500-700 manat hədlərindədir. Eyni rayon üzrə yeni tikili binalarda isə qiymət bir otaqlılarda 500-600 manat, iki otaqlılarda 600-800 manat, üç otaqlılarda 750-2000 manat arasında dəyişir.  

Nərimanov rayonu üzrə köhnə tikili binalarda hazırda qiymətlər müvafiq olaraq bir otaqlılar üçün 350-400 manat, iki otaqlılar üçün 450-600 manat, üç otaqlılar üçün 650-900 manat, yeni tikili binalarda isə bir otaqlılar üçün 500-600 manat, iki otaqlılar üçün 550-900 manat, üç otaqlılar üçün 750-2000 manat aralığındadır”, - deyə B. Həsənov qeyd edib.

Ekspert bahalaşmaya bir sıra amillərin təsir etdiyini də bildirib: “Daşınmaz əmlak bazarında tələbin yüksək olması, ildən-ilə kirayə mənzil bazarında ucuz mənzillərin sayının azalması, həmçinin istismar müddəti başa çatan və yerində tikilən yeni tikili hündür binaların köhnə binaları əvəz etməsini əsas amillər kimi göstərmək olar. Xüsusən də, sonuncu amil mənzil bazarında qiymətlərin artmasına daha çox təsir edir”.  

 

0.13796710968018