Moskva, Kiyev və Ankara arasında bağlanmış müqavilə əsasında Ukrayna ərazisindən ixrac edilən bütün taxıl sonda inkişaf etməkdə olan ölkələrə deyil, Avropaya göndərilib.
“Demokratikmusavat.com ” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda Şərqi İqtisadi Forumda deyib.
“Biz Türkiyə ilə birlikdə Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi etdik. Əgər Türkiyəni vasitəçi ölkə kimi istisna etsək, demək olar ki, Ukraynadan ixrac edilən taxılın hamısı inkişaf etməkdə olan yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə göndərilir”, - deyə o qeyd edib.
Putinin sözlərinə görə, bir çox Avropa dövlətləri son onilliklərdə və əsrlərdə müstəmləkəçi kimi çıxış etdikləri kimi, bu gün də fəaliyyətlərini davam etdirirlər: “Yenə onlar sadəcə olaraq inkişaf etməkdə olan ölkələri aldatdılar və aldatmaqda davam edirlər”.
Putin bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyasının daha da böyüyərək görünməmiş humanitar fəlakətə səbəb olacağı fikrini də ifadə edib.
O həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynadan Avropaya taxıl və ərzaq ixracının məhdudlaşdırılması imkanlarını müzakirə etmək niyyətindədir: “Bəlkə bu marşrutla taxıl və ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik? Mən bu məsələ ilə bağlı Türkiyə Prezidenti cənab Ərdoğanla mütləq məsləhətləşəcəyəm”.
Mürtəza
Demokratikmusavat.com