Rusiya çarəni lirədə tapdı: rəsmən başlandı

 

Ukrayna müharibəsindən dolayı Avropanın sanksiya və embarqoları ilə üz-üzə qalan Rusiya xarici valyutalarla bağlı araşdırma aparıb.

"Demokratikmusavat.com" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı hesabat yayımlayıb.

Sənəddə qeyd edilib ki, xarici ölkələrin valyutaları ilə rubla təsir göstərmək üçün dost ölkələrin valyutalarının ehtiyatlarda daha çox istifadə edilməsi məsələsi araşdırılıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb dövlətləri Rusiya Mərkəzi Bankının xarici banklardakı 600 milyard dollarlıq beynəlxalq ehtiyatlarından təxminən 300 milyard dollarını dondurub.

Rusiya Prezidenti Vladimir Putin isə ölkəsinə qarşı sanksiya tətbiq edən bütün ölkələri “dost olmayan ölkələr” adlandıraraq, bu ölkələrin Rusiyanın müxtəlif məhsullarını, xüsusən də təbii qazı yalnız rublla ala biləcəklərini bildirib. 

Rusiya iqtisadiyyatını dirçəltmək üçün dollar və avroya alternativ olaraq dost ölkələrin valyutalarından istifadə ideyası son vaxtlar populyarlıq qazanır. Rusiya Mərkəzi Bankının avqust ayında açıqladığı hesabatda xarici valyutalarla rubla təsir göstərmək üçün dost ölkələrin valyutalarının ehtiyatda daha çox istifadə edilməsi məsələsinin araşdırıldığı vurğulanıb.

Məlumata görə, Rusiya Maliyyə Nazirliyi Milli Rifah Fondunun yenilənməsi üçün əməliyyat metodu və türk lirəsi, yuan və rupi kimi dost ölkələrin valyutaları üçün büdcə qaydası metodunun tətbiqi üzərində işə başlayıb. Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları iyulda 1,4 trilyon rubl artaraq 12,1 trilyon rubla (təxminən 201 milyard dollar) çatıb, fondun yarısı isə qeyri-dost valyutalardan ibarətdir. Fondda dollar ehtiyatı olmadığı halda, 40 faizi ingilis funt sterlinqində, 10 faizi yapon yenisində, 30 faizi yuanda, qalanı isə qızıl və rublda saxlanılır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 18-də verdiyi açıqlamada milli valyutalarla ticarətə keçidin sürətləndirilməsinin lazım olduğunu bildirib. Sözügedən prosesdə atılan ən konkret addım, Rusiyanın Avropaya satdığı təbii qaz üçün ödənişi dollar və ya avro əvəzinə rublla qəbul etməsi olaraq görülür.

SWIFT Beynəlxalq Ödəniş Sisteminin avqust ayında dərc etdiyi hesabatda Rusiyanın beynəlxalq ödənişlərdə 4 faiz payla yuandan istifadə edən üçüncü ölkə olduğu bildirilir. Rusiya əvvəllər yuandan ən çox istifadə edən ölkələr siyahısında deyildi. Digər tərəfdən, Rusiya ilə Çin arasında ticarət həcmi artdıqca yuanın sözügedən ticarətdəki payı 2014-cü ildəki 3,1 faizdən 2021-ci ildə 17,9 faizə yüksəlib. Hindistan mətbuatında çıxan xəbərlərdə Qərb ölkələrinin sanksiyaları səbəbilə Rusiya neftinin rupi ilə ödənilməsi üçün xüsusilə danışıqların aparıldığı bildirilib.

Billurə

 

0.14843487739563