Rusiya "Şimal Axını 1" kəməri vasitəsi ilə Avropaya qaz nəqlini dayandırdı. Rəsmi Moskvanın qaz təchizatının bərpası üçün irəli sürdüyü şərt Qərbin sanksiyaları ləğv etməsidir.
Demokratikmusavat.com xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Rusiyaya qarşı 8-ci paket sanksiyaların müzakirə edildiyi bir zamanda Brüsselin Moskvanın bu şərti ilə razılaşacağı inandırıcı görünmür. Bu isə o anlama gəlir ki, artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında da soyuq qışa hazırlıq gedir:
"Avropa İttifaqını gözləyən tutqun payız və buzlu qış fəsilləri qədim qitə üçün həm də iqtisadi təsirlər ilə müşahidə olunur. Avro tədavül tarixində dollara nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9,1%-ə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8,9 % idi. Ötən il isə bu rəqəm cəmi 2,2% idi.
Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3,7% artım proqnozlaşdırılan avrozonada ÜDM-in il ərzində 2,8% böyüyəcəyi gözlənilir. Hətta bu göstəricinin də Avropa üçün “sonuncu dayanacaq” olmayacağını düşünənlər az deyil. İttifaq dövlətlərində illik orta iqtisadi artımın daha az olacağı gözlənilir".
V. Bayramovun sözlərinə görə, qlobal sanksiyalar artıq Rusiyanın makroiqtisadi göstəricilərinə təsir göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4,3% azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7% kiçiləcək.
"Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6% intervalında azalacağı gözlənilir.
Göründüyü kimi, hər iki tərəf “va-bank” gedişlərə üstünlük verir. Bu qarşıdurmadan itirən dünya iqtisadiyyatındakı yeni və daha ağır iqtisadi böhran isə artıq qapıları döyür", - deyə millət vəkili əlavə edib.