Səadət Şıxıyeva: "Nəsimi o faciəli taledən qaçmaq istəmədi…"

 

– Necə bilirsiniz, şair, eyni zamanda filosof Nəsimi fəlsəfədən poeziyaya gəlib, yoxsa poeziyadan fəlsəfəyə?

Çox maraqlı sualdır. Araşdırmalarım əsasinda gəldiyim nəticə belədir ki, Nəsimi şeirdən fəlsəfəyə gəlib. Yəni Nəsiminin əsərlərini oxuyanda görürük ki, o, fitrətən, yaradılış etibari ilə bir şairdir. Nəsimi hürufiliyə qədər də şair idi, hürufiliyi qəbul edəndən sonra da, elə ömrünün sonuna qədər də şairdir. Çünki o, özünün filosof, arif, hürufi şəxsiyyətini şeirlə ifadə edirdi. Və şeir onda ön plandadır. Ərəb tarixçilərindən Abbas Əzzavi deyir ki, Nəsimi olmasaydı, hürufilik ölüb gedər, unudulardı. Niyə? Çünki Nəsimi hürufiliyə özünün şeiriyyəti ilə elə gözəl don geydirdi, elə poetizm, lirizm qazandırdı ki, bu təlim geniş dairələrdə də sevildi. Nəsimi hansı mövzuda yazır-yazsın – dünyəvi, dini, hürufilik – ilk öncə şairdir. Filosofluğu daha sonradır. Amma çox təəssüf ki, Nəsiminin hürufiliyə bağlılığı onun şair şəxsiyyəti üzərinə müəyyən qədər kölgə salır. Hətta bəzi tədqiqatçılar, o cümlədən İsmayıl Hikmət deyir ki, əgər Nəsimi hürufi olmasaydı, daha böyük şair ola və özünü daha gözəl ifadə edə bilərdi. Hürufilik isə onun şair şəxsiyyətini müəyyən qədər buxovlayıb. Amma mən bu fikirlə razı deyiləm. Belə hesab edirəm ki, hürufilik Nəsiminin şeirinə bir rəng qatdı, onu fərdiləşdirdi. Yəni biz başqa şairlərin əsərlərində dünyəvi mövzu da görürük, irfani də, başqa mövzular da. Amma Nəsimi şeirinə fərdiyyət qazandıran həm də hürufiliyə bağlı olmasıdır. Nəsimi bir şəxsiyyət etibarilə çoxyönlüdür. Amma bütün çoxyönlülüyü də hər şeydən öncə bir şair kimi ifadə edir.

– Fəzlullah Nəiminin edamından sonra hürufilərin bir hissəsi Osmanlıya sığındı, bir hissəsi cəzalandı, bəs, təriqət əhlinə belə münasibət nədən qaynaqlanırdı?

Burda yanlışlıq var. Ümumiyyətlə, keçmiş Sovet dövründə, eləcə də Azərbaycandan kənarda yazılmış araşdırmalar və tədqiqatlarda da hürufilərin təqib olunması, kütləvi şəkildə yandırılması, sürgünlərə göndərilməsi və s. kimi məsələlər çox qabardılıb.

– Sizcə bu yanlışlıqları yaymaqda məqsəd nə idi?

Baxır hürufilik kimin əlində hansı ideyanı ifadəyə yönəldilib. Məsələn, hürufilik və onun ən böyük şəxsiyyəti, təbliğatçısı Nəsimi Sovet ideologiyasının əlində bir alət idi. Yəni guya Nəsimi Allahı inkar edirmiş. Şairin dünyagörüşü  ateizmlə, materializmlə yaxınlaşdırılırdı. Və bu kontekstdə onlar Nəsiminin dünyagörüşünü əllərində alət edirdilər. Lakin Nəsimiyə bu yöndən baxmaqla orta əsrlər fəlsəfəsini izah etmək mümkün deyil. Onunla əlaqəli konfliktləri, ziddiyyətləri, anlaşılmazlıqları çox şişirdirdilər. Guya orta əsrlərdə açıq fikirli olan hürufilik düşüncəsinin daşıyıcısı olan insanları təqib edirdilər, öldürürdülər. Amma hürufiliyin tarixi ilə bağlı illər boyunca apardığım araşdırmalar tamamilə fərqli nəticəni ortaya qoyub. Hürufilər dövrünün hakimləri ilə, iqtidar sahibləri ilə çox yaxşı münasibətdə olublar. Qaraqoyunlu Qara Yusifin sarayında onlar hökmdara yaxın insanlar idilər. Təsəvvür edin ki, Qara Yusif onlarla eyni süfrənin arxasında oturub yemək yeyirmiş, onları müxtəlif içkilərə, təamlara qonaq edirmiş. Hürufilər onun ailəsinin, sarayının yaxın adamları idi. Qara Yusif hürufiliyə maraq göstərən yeganə Qaraqoyunlu hökmdarı deyildi. Onun oğulları –Cahanşah Həqiqi, Şah Məhəmməd, İsgəndər Mirzə hürufilərlə çox yaxın münasibətdə idilər. Fəzlullah Nəimi özü dövrünün müxtəlif hakimlərinə, hökmdarlarına elçilərini göndərirdi. Məsələn, yaxın dairəsindən olan, çox inandığı, sonralar “Vəsiyyətnamə”sində öz övladlarını da etibar etdiyi Fəxrəddini Toxtamış xanın yanına göndərir ki, onun təriqətini təbliğ etsin. Başqa bir nümayəndəsini Səmərqəndə Əmir Teymurun yanına göndərərək, öz görüşlərini qəbul etdirmək istəyir. Yəni onların hər zaman təqib olunması Sovet tədqiqatçıları tərəfindən şişirdilib.Tədqiqatçılarımızın çoxu hazır tədqiqatlar əsasında araşdırma yazır. Bir nəfər tədqiqat aparır, digərləri də ondan götürür və nəticədəfikirlər bir qədər təhrifli çatdırılır.  Ən son tədqiqatlarımdan birini yazarkən məlum oldu ki, Əmir Teymurun oğlu Şahruxa sui-qəsddən sonra hürufilərin kütləvi şəkildə edam olunması, sürgün edilməsi, hətta yandırılması və s. kimi iddialar sadəcə təhrifdir.

– Hürufilik fəlsəfi cərəyan olmaqla yanaşı, həm də siyasi bir hərəkat idi…

Bəli. Hürufilik Fəzlullahın sağlığında daha çox dini, fəlsəfi yönümlü hərəkat idi, siyasi yönümləri bir qədər passiv, hadisələrin arxa planında idi. Fəzlullahdan sonra bu daha qabarıq göründü. Yəni Fəzlullahın nüfuzlu xəlifəsi Əlüyül-Əla Qara Yusifi hürufiliyə cəlb edir, Nəsiminin özünün edamı ilə bağlı verilən fərmandan da açıq aşkar görünür ki, şair dövrünün sayılıb-seçilən bəyliklərindən olan Zülqədər bəyliyi, eləcə də Ağqoyunlu Qara Yölük Osmanla ittifaqa girərək siyasi birlik qurub. Əslində Nəsiminin kütlələr üzərində olan dini nüfuzu həmin bəylərin siyasi qüdrəti ilə birləşəndə Misir sultanına böyük təhlükə yaranırdı… Bu baxımdan hürufilik birmənalı təriqət deyil.

– Nəsimi öz faciəli sonundan qaça bilərdimi?

Belə deyək, Nəsimi o faciəli taledən qaçmaq istəmədi. O, hər şeydə ilahi təqdirə, alın yazısına, Allahın verdiyi qismətə inanan bir şəxs idi. Əsərlərində tez-tez yazır ki, həqdən nəsibim bu oldu. Hətta oğlunun adını həqdən ona verilmiş bir qismət hesab edir: “Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Özünün Nəsimi təxəllüsünü də eyni cür mənalandırır: Adımı həqdən Nəsimi yazaram” və yaxud“Daim ənəlhəq söylərəm, həqdənçü Mənsur olmuşam // Kimdir məni bərdar edən, bu şəhrə məşhur olmuşam.”… Gördüyümüz kimi, Nəsimi Allahın onun üçün müəyyənləşdirdiyinə qarşı çıxan bir şəxs olmayıb və taleyindəki hər təzahürlə razılaşıb. Bununla belə, Nəsimi onu gözləyən faciədən qaçmaq üçün iki dəfə cəhd edib. Onu gözləyən faciəli aqibətə münasibətini ilk dəfə sizə söyləyəcəyəm. Son araşdırmalarımda üzə çıxardığım iki məqam var: birincisi, Nəsimi həbs olunanda Hələbdə deyildi, oranı tərk etmişdi. O, Misir sultanının niyyətindən xəbər tutanda Hələbi tərk edərək, Maraşa gedir və  kürəkəni Zülqədər bəyi Nəsrəddinə sığınır. Kürəkəni onu sona qədər müdafiə edir. Amma Misir sultanı israrlı olur. Sərhəd bölgəsində yerləşən Zülqədər bəyliyinin bəyi Nəsrəddin bütün ömrü boyu çalışırdı ki, Misirlə mümkün qədər sülh şəraitində yaşasın. Çünki Misir hökmdarı çox qüdrətli idi, çox böyük bir coğrafiyanı idarə edirdi onun dövləti istənilən zaman kiçik bir bəyliyi məhv edə bilərdi. Bu səbəbdən Nəsrəddin bəy çox müqavimət göstərə bilmir. Məcbur olur ki, Nəsimini təhvil versin və Nəsimi Maraşdan Hələbə gətirilir. Nəsiminin faciəli taleyindən qaçmaq üçün göstərdiyi ikinci cəhdi onun zindanda yazdığı mədhiyyədir. İndiyə kimi heç bir tədqiqatçı şairin yazdığı bu mədhiyyədən bəhs etməyib. Sadəcə Həmid Araslı ümumi şəkildə yazır ki, Nəsimi dostları olan Anadolu bəylərinin xahişi ilə mədhiyyə- məktub yazıb. Amma hansı məktub olduğu haqda açıqlama vermir. Araşdırmalarım göstərdi ki, həmin məktub üç dildə– ərəb, fars və türk dillərinin növbələşməsi ilə yazılmış müləmmə-qəsidədir. Mətndən açıq-aşkar görünür ki, o, Misir sultanına müraciət edir və orada deyir:“Mən istəmirdim ki, sənin dövlətin dağıdılsın və həbsxanada qalmaq məni çox üzüb”. Yazdığı mənzummətndə bağışlanmağa ümidinin olmadığını bildirsə də, hər halda xilas olmaq üçün bir cəhd edir. Əlbəttə, biz bilirik ki, nəticə etibarilə Misir sultanı onun müraciətini qəbul etmir…

– Mənbə olaraq dediyiniz faktlar haradan qaynaqlanır?

Bu informasiyaların bir hissəsi ərəbcə qaynaqdandır və nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm. Amma türkcə divanında olan mədhiyyənin təhlilini çap etdirmişəm. Mədhiyyə onun üç dildə yazılmış bir müləmmə qəsidəsidir və Misir sultanına ünvanlanıb. Yəni orada elə nüanslar var ki, açıq-aşkar müəyyənləşdirirsən ki, bu həm həbsdə yazılıb, həm də müxatib Misir sultanıdır.

– Misirin bir məmlük sultanı–Şeyx əl-Müəyyəd Nəsiminin edam hökmünü verir, digər məmlüksultanıolan Qansuhəl-Qavri öz qələbəsi şərəfinə və Nəsimiyə ehtiram əlaməti olaraq məqbərəsini təmir etdirir. Bunu necə anlamaq olar, məntiqlə Nəsimi onların düşməni idi.

Qansuhəl-Qavri Nəsimiyə olan rəğbətini təkcə onun məqbərəsini təmir etdirməklə ifadə etməyib. Onun Nəsimiyə nəzirələri də var. Ümumiyyətlə,Qansuhəl-Qavri türk dilində də divan bağlamış və bizim şairlərin bir qisminə nəzirələr yazmış çox maraqlı bir şəxsiyyətdir. Misir Məmlük xanədanının sonuncu nümayəndələrindəndir. Əslində Nəsimi ilə çərkəz məmlükləri arasındakı qarşıdurma şəxsi qarşıdurma deyildi və hürufilərin Misir məmlük sultanlarını inkarı səviyyəsində də deyildi. Yəni bu, konkret olaraq,Şeyx əl-Müəyyədlə Nəsimi arasında olan bir münasibətidi. Bu mənada sonra gələn Misir məmlük hökmdarları, təbii ki, Şeyx əl-Müəyyədin siyasətini davam etdirməyə bilərdilər. Elə o cür də olur. Nəsimidən sonra Misirdə yenə hürufilik mövcud idi və təlimin ideyaları ərəb dilində yayılırdı. Təsəvvür edin ki, onlar hürufiliyi tamamilə aradan qaldıra bilmədilər. Nəsimi həyatda ikən  isə Misir sultanı ilə türk bəyləri arasında qarşıdurma mövcud idi. Bunu Faruk Sumer “Oğuzlar” kitabında belə əsaslandırır ki, uzun müddət Misirdə türk mənşəli məmlüklər hakimiyyətdə idi. XIV əsrin sonlarına doğru çərkəz əsilli məmlüklər hakimiyyətə gəldilər və artıq XV əsrin başlanğıcında türk bəyləri, xüsusilə Hələbdə mövcud olan qüvvələr israrla Hələbi Misir hakimiyyətindən çıxartmaq və Misir sultanını devirmək niyyətində idilər. Çərkəz əsilli Misir sultanını devirib, yerinə türk əsilli sultan qoymaq istəyi vardı. Yəni konfliktin mənbəyi, ocağı Hələb idi, döyüş və qarşıdurmalar hər zaman orada baş verirdi. İbn Həcər əl-Əsqəlani yazır ki, “Misir sultanının fərmanı gələnə qədər Nəsiminin sərəncamı hər tərəfə işləyirdi”. Nəsimi təkcə Hələbdəki hürufi mərkəzinin şeyxi deyildi. Hürufi qaynaqlarında göstərilir ki, o, Hələb və Şam torpaqlarında, yəni Yaxın Şərqdə – böyük bir coğrafiyada mövcud olan hürufi qüvvələrinin şeyxi idi. Siz təsəvvür edin, Nəsimi kimi güclü bir şəxsiyyət, nüfuzlu, kütlələrə həm şeiri, həm sözü, həm də məntiqi ilə təsir edə biləcək bir şəxs, üstəgəl digər bəylər: zamanının siyasi nüfuz sahibi olan Ağqoyunlu Qarayölük Osman, Zülqədər bəyləri olan Əli bəy, qardaşı Nəsrəddin bəy, eləcə də Hələbin özündə də mövcud olan digər siyasi qüvvələr birlikdə böyük bir güc idi. İstənilən zaman Misir sultanını devirə bilərdilər. Araşdırdım, Nəsiminin edamından sonra baş verən bütün proseslər Misir sultanının xeyrinə işləyir. Nəsimini o dəhşətli edam hökmünə məruz qoymaqla o, bütün rəqiblərini yolunun üzərindən götürə bilir.

– Misir sultanı Nəsimini aradan götürməklə onu tərəfdarları arasında nüfuzdan salmış olur?

O, Nəsimini nüfuzdan salmaq üçün o cür dəhşətli edam hökmünü verir. Çünki Nəsimi zamanında övliya idi, şeyx idi. Nəsimi haqqında verilən fərmanla bağlı da fikir ziddiyyəti var. Bəzi qaynaqlara görə, sərəncam beləydi; dərisi soyulsun, 7 gün Hələbdə car çəkilsin, əzaları kəsilərək Zülqədər bəyləri – Nəsrəddin və qardaşı Əli bəyə və Qarayölük Osmana göndərilsin. Çünki Nəsimi onların etiqadını pozub. Yəni sultan Nəsimiyə bir böhtan atır. Halbuki Nəsimi hürufiliyə qədər bir din alimi idi, hürufilik isə onu bu sahədə daha da kamilləşdirmişdi. Amma Misir hökmdarı Nəsiminin üzərinə bu iftiranı ataraq onu aradan götürür. Sultan Nəsiminin kütlələr arasındakı nüfuzunu sındırmaq üçün bildirir ki, o, dini etiqada yad şəxsdir.

–  Nəsiminin bu adla edamı onu nüfuzdan saldımı? 

Yox, əlbəttə. Amma məqsəd bu idi. Əvvəla, dərisinin soyulması haqqında verilən fərman təhqiramiz idi. Yüksək nüfuz və ali məqam sahibi insan haqqında “dərisi soyulsun” hökmünün verilməsi Şeyx əl-Müəyyədin Nəsimiyə qarşınə qədər hikkə və qəzəb dolu olduğunu göstərir. Həm də nəzərə alsaq ki, bəzi tarixi qaynaqlar, eləcə də Nəsiminin kiçik müasiri İbn Həcər əl-Əsqalani yazır ki, “Sultandan fərman gəldi: boynu vurulsun, dərisi soyulsun”. İnsanın boynunun vurulması artıq onun həyatının sona yetməsi deməkdir. Bəs, nədən dərisinin soyulmasına ehtiyac vardı?… Sadəcə bu fərman Nəsiminin tərəfdarlarına görk verir ki, baxın, mən bu şəxsəm. Bir tərəfdən, düşmənlərini qorxudurdu, ikinci bir tərəfdən, Nəsiminin nüfuzunu kütlə arasında azaldırdı, yəni övliya dediyiniz şəxsə baxın, verdiyim fərmana qarşı çıxa bilmədi və mən onu məhv etdim. Hər bir baxımdan Misir sultanının bu hərəkəti çox düşünülmüş bir hərəkət idi. Sultan bu qətlə fərman verməklə niyyətinə nail oldumu? Olmadı. Tam əksinə, Nəsiminin edamı şairi kütlələrin gözündə bir qəhrəmana çevirdi və Nəsimi yüzillər boyunca Xızır peyğəmbər məqamına qədər yüksəldildi. Sultan yalnız qısa müddətdə qələbə qazana bildi. Özü isə Nəsimidən sonra cəmi 4 il yaşayıb. 1421-ci ildə o, uzun sürən bir xəstəlikdən sonra vəfat edib. Türkiyənin tanınmış tədqiqatçılarından olan Kazım Yaşar Kopramanın ilkin qaynaqlara əsaslanaraq  yazdığı Şeyx əl-Müəyyədin həyatı və siyasi fəaliyyəti haqqında yazdığı monoqrafiyanı əldə etmişəm. Həyatına aid oxuduqlarımdan heyrətə düşdüm. Nəsimi haqqında o qəddar hökmü verən şəxs ondan sonra həyatda qalır, amma yarımcan şəkildə. Elə bir xəstəliyə tutulur ki, uzun müddət yataq şəraitində müalicələr alır, müharibələrə gedə bilmir. Onu əsgərlərini ruhlandırmaq üçün döyüşlərə gəcavədə və ya yataqda aparırmışlar. Yəni Nəsimidən sonra sultanın yaşadığı dörd il normal insan həyatı olmur. Sanki Şeyx əl-Müəyyəd Nəsimiyə edam hökmünü imzalamaqla özünü çox ağır cəzaya məhkum edir. Qeyd edim ki, o, təbiət etibarilə çox qəddar və hakimiyyət hərisi olan biri idi. Məsələn, 20 yaşdakı oğlunun ona sui-qəsd hazırladığı haqda gəlib xəbər verirlər. Sərəncam verir ki, “öldürün”. Oğlunu zəhərlədir. Son anda peşman olsa da, onu xilas edə bilmir.

– Nəsiminin ölümündən sonra çox əzablara düçar olmuş Şeyx əl-Müəyyəd hürufi alimə verdiyi edam hökmünün peşmanlığını çəkirmi?

Yox, qaynaqlarda elə bir məqama rast gəlməmişəm. Düzdür, Nəsiminin ölümündən sonra Şeyx əl-Müəyyəd qələbələr qazandı, amma bu çox qısa müddət çəkdi. Edam fərmanından sonra sultanın yaşadığı 4 ili yataqda, xəstəliklərlə mübarizədə keçib.

– Nəsimi yaradıcılığında şiəlik rüşeym halında özünü büruzə verirmi? 

Bu haqda mübahisələr var, tədqiqatlarda bu haqda konkret fikirlər söylənilmir, bəzən isə ziddiyyətli fikirlərə rast gəlirik. Şəxsi qənaətim belədir ki, Nəsimi ciddi mədrəsə təhsili görüb və mədrəsələrdə tədris olunan ortodoksal İslam, təbii ki, sünni məzhəbinə uyğun idi. Bu barədə heç bir şübhə yoxdur. Amma Nəsiminin mənsub olduğu hürufilik şiə yönümlü təriqətdir. Burada hz.Əli, Əhli-beyt sevgisi ilə yanaşı, Mehdi etiqadı da var. Mehdinin dönüşünə inam, Mehdinin bəzən İsa peyğəmbər, bəzən Fəzlullahla eyniləşdirilməsi, Fəzlullahın Mehdi Sahib əz-Zamanın canişini olması və s. şiəlikdən qaynaqlanır. Amma orasını da deyim ki, Nəsiminin şeirində Həzrət Əli sevgisi o qədər poetik, o qədər gözəl ifadə olunub ki, bəzən oxuyanda düşünürsən ki, bu bir dünyəvi gözələ, bir yaxın dostuna və yaxud çox bağlı olduğu bir insana yönəlib. Orada verdiyi ipuclarını araşdıranda isə görürsən ki, bu vəsf olunan şəxs həzrəti-Əlidir. Nəsiminin Əhli-beytə sevgisi həm səmimidir, həm də ifadə tərzi elmlidir. Bir məqamı da qeyd edim: Nəsiminin yaradıcılığında şiə yönümlü, imamiyyə xarakterli şeirlər çoxluq təşkil edir. Amma onların hamısı da Nəsimiyə məxsus deyil. Bəzi şeirlərin poetizm, üslubundan hiss edirsən ki, Nəsimidən ilhamlanaraq yazılmış və onun adına deyilmiş şeirlərdir.

– Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi gəncliyində bir şeir yazıb:

 “Dünya səltənəti və rəhbərliyi onundur,

Özü ərəbdir, amma dünya və dünyadakıların çırağıdır”.

Cahanşahın onu ərəb adlandırmağı Nəsiminin milliyyətinəmi işarədir?

O fikir yanlışdır. Şeir Cahanşah Həqiqinin olsa da, müxatib Nəsimi deyil. Veyis Dəyirmançayın tədqiqatında belə bir məqam var ki, Cahanşah Nəsimini Hələbi deyə yad edir. Tədqiqatçı ehtimal irəli sürür ki, Hələbi deyəndə nəzərdə tutulan Nəsimi də ola bilər. Amma o şeir Nəsimiyə ünvanlanmayıb. Bir də o, Nəsimiyə Hələbi deyə bilməzdi, çünki şair Hələbdə 3-4 il yaşayıb. Hələbi adlanmaq üçün azından orada 15-20 il yaşaması lazım idi ki, orada məskunlaşmış şəxs olaraq, o coğrafiyanın adını öz üzərinə götürsün.

– Nəsimi təxəllüslü şairin erməni qızına ithaf etdiyi şeir İmadəddin Nəsimiyə məxsusdur, yoxsa onun davamçıları tərəfindən yazılıb?

O şeir İmadəddin Nəsiminin deyil. Mən türkiyəli Nəsimişünas alim Hüseyn Ayanın araşdırmasınaistinad edirəm. O, Nəsiminin elmi-tənqidi mətnini hazırlayıb, eləcə də Nəsiminin türkcə divanı üzrə doktorluq müdafiə edib. Türkiyənin bu tanınmış alimi birbaşa qaynaqlarla işləyib. Yazır ki, Nəsimiyə aid edilən “Erməni” rədifli şeirə XVI əsrdən öncə üzü köçürülən əlyazmalarda rast gəlmədim. Ən qədimi XVI əsrdir. Nəsimiyə sevgi çox böyük olub. Onun üslubunda yazan şairlər bəzən şeirlərini Nəsimi təxəllüsü ilə qələmə alıblar. Məsələn, çoxları bu gün dillər əzbəri olan “Kimə nə?”, “Ağrımaz”, eləcə də “Etdilər” rədifli şeirlərin Nəsimiyə məxsus olduğunu düşünürlər, əslindəisəmüəllif o deyil. Son iki şeirdə Nəsiminin edam səhnəsi təsvir olunur, insan özü öz edamını həmin anda şeirlə ifadə edə bilməz. “Erməni” rədifli qəzəldə təqribən belə bir yer də var: “Hətta mən sənin millətinin içində sənin kimisini görmədim”. Yəni şair təəccüblənir ki, bu nə əcəb belə yaxşıdır. Bununla belə, yenə həmin şeir Nəsiminin deyil.

– Hürufilərə görə, Fəzlullah Nəimi həm də həzrəti-Adəmin ruhunun daşıyıcısıdır. Bunu necə qiymətləndirirsiniz; hürufilər reinkarnasiyanı qəbul edirdilər? Yəni onlarda hülul varmı?

Yox, hürufilikdə hülul yoxdur. Ümumiyyətlə, hülul islami nöqteyi-nəzərdən küfr sayılan bir inancdır. Fəzlullah özü baş qazının oğlu idi; ciddi təhsil görmüşdü, İslamı çox gözəl bilirdi, hafiz idi. Onun fəlsəfəsində hülul, tənasux yoxdur. Amma təsəvvüfdə ruhun seyri anlayışı var. Kamil insanların ruhu birindən digərinə seyr edərək gəlir. Bu reinkarnasiya deyil. İslamda bu bir qədər fərqlidir. Kamil insanların biri digərinin ruhunun daşıyıcısı ola bilir. Yəni insan həmin düşüncənin, əqidənin sahibidir, amma o deyil. Məsələn, Fəzlullah üçün deyilir ki, “o, Allahın yer üzündə canişinidir”. Nəsimi deyirdi ki, “Fəzlullah yarın bədəlidir”, “Haqqın məzhəridir”, özündə ondan bir zərrə daşıyır… Bu bizim bildiyimiz tam anlamda ruhun eynilə köçməsi deyil. Burada bir rəmz var, məcaz var. Yəni onlar fikirləşmirdilər ki, Adəmin ruhu Fəzlullaha köçüb. Sadəcə Adəm peyğəmbərin Allahın yanında statusu nə idisə, hürufilərə görə, Fəzlullahın statusu da o idi. O da Adəm kimi Allahın yer üzündəki xəlifəsi idi və onun həqiqətlərindən xəbərdar idi. Ciddi tədqiqatçılar İslamda olan ruhun seyri ilə, hind fəlsəfəsində olan tənasüxü və qeyri-islami hülulu fərqləndirirlər. Fəzlullahın Adəmin, həzrəti-İsanın ruhunun daşıyıcısı olması məcazi xarakterlidir.

– Nəsimi fəlsəfəsində İslama zidd yozula biləcək məqamlar varmı?

Tapmaq mümkündür, amma bu da təsəvvüfdən irəli gəlir. Onda gərək biz eyni kontekstdə Mövlananı, Fəriddəddin Əttarı da qəbul etməyək və bütün təsəvvüf tarixindən imtina edək. Çünki təsəvvüf tarixində elə məqamlar var ki, hazırlıqsız oxucu onu küfr kimi qəbul edə bilər. Amma hazırlıqlı oxucu mahiyyətə varanda görür ki, əslində butəlim Allaha səsləyir, ilahi sevgini ifadə edir. Sadəcə deyir ki, sən üzünü daşa-divara tutub Allahı axtarma, onu könlündə axtar, onu sevgi gözü ilə gör.

– Şəriət mənsubları ilə təriqət mənsublarının bu münaqişəsi nə zamandan başlayır?

Təriqətlə şəriətin və yaxud təriqətlə siyasi hakimiyyətin qarşıdurması mütləq anlamda deyil. Heç zaman da mütləq olmayıb. Yerindən və zamandan asılı olaraq dəyişib. Məsələn, təsəvvüf tarixində İmam Qəzali şəriətlə təsəvvüfü barışdıran bir şəxsdir. Yəni ilk dəfə olaraq İslamda təsəvvüfə doğru bir addım atan, bu iki fikir axınını birləşdirən, vahid axara salan İmam Qəzali olub. Ümumiyyətlə, bir sıra ciddi təhsil görmüş din xadimlərinin sonradan təriqətə gəldiyi təriqətlər tarixindən məlumdur. Mən belə düşünürəm ki, bu da təsəvvüfdəki mərhələliliklə bağlıdır. Bilirik ki, şəriət ilk mərhələdir. Sən şəriətin əsaslarını öyrənməlisən. Daha sonra təriqət mərhələsi gəlir, amma təriqətdə də qala bilməzsən, çünki mərifətə və həqiqətə getməlisən. Şəriət bu mərhələlərin ilk addımıdır. İlk addımda qalırsansa və yalnız bilikləri mənimsəyib insanlara ötürürsənsə, Nəsiminin nəzərində bu, hələ aşağı mərtəbədir. İnsan daha üst qata yönəlməlidir. Təriqətlə də kifayətlənməməli, üst qatda olan ilahi vüsala çatmalı və o yolla da kamilləşməlidir. Amma ona qədər də insan mənən kamilləşir ki, Allah ona o yolu açsın.

Şəriətlə təriqət hər zaman qarşı-qarşıya olmayıb, əksinə, təriqətlər tarixi ilə bağlı bir çox araşdırmalarda qeyd olunur ki, təriqət sahibləri, məsələn, Əhməd Yəsəvi, Yunus Əmrə İslamı yaymaqda yaxından iştirak ediblər. Mövlananın özü nə qədər xristianların İslama gəlməsinə səbəb olub. Yəni bu mənada biz deyə bilmərik ki, təriqət şəriətə qarşı çıxmaq niyyəti ilə yaradılıb. Əksinə, bəzi təriqətlər elə İslami görüşləri yaymaq üçün bir vasitə olub. Təriqətdə bir qədər barışdırıcılıq da var. Məsələn, Mövlana xristianlara, məcusiyə deyir ki, gəl təriqətimə. Sən axtardığını təriqətimdə taparsan. Onun təriqətinə gələn, təbii ki, İslami görüşlərin sahibi olmuş olur.

– Belə ifadə etmək olarmı; şəriət daha radikaldır, təriqət isə liberal?

Bu yerindən və şəxsdən asılıdır. O yerdə ki, təhlükə hiss ediblər, təriqət rəhbərləri təqib olunub. Amma yeri gələndə istər şəriət xadimləri, istərsə də iqtidar sahibləri təriqət sahibləri ilə ittifaqa giriblər. Məsələn, Şahrux Şah Nemətullah Vəli ilə söhbət edir, onun görüşlərini bilmək istəyir: “Ətrafında bu qədər ardıcılın var, niyyətin nədir?” Eyni niyyətlə başqa təriqət sahiblərinin də söhbətə cəlb olunduğu, onların görüşlərinin öyrənildiyi məlumdur. Mir Həmzə Seyid Nigariyə qədər bu ənənə davam edib. Eləcə də Şeyx Sədrəddinlə Hülakü hökmdarının çox maraqlı söhbəti var. Hülakü hökmdarı ona deyir ki, “Şeyx, sənin davamçıların çox olar, yoxsa mənim əsgərlərim”. Şeyx başını aşağı salıb gülümsəyir: “Hökmdar sağ olsun, sənin əsgərlərin həm də mənim ardıcıllarımdır”. Bəli, onlar arasında bir ittifaq vardı. Yeri gələndə, kütlələr üzərində öz nüfuzunu bərqərar eləmək üçün hökmdarlar təriqət sahiblərini himayə də edirdi, onlara müəyyən vəqflər də ayırır, maddi yardımlar edirdilər. Təriqət sahibləri həm də kütlələr arasında nüfuz, söz sahibləri idilər. Hökmdar hər zaman hakimiyyətini qılıncla qoruya bilməz ki… Amma təriqət sahibinin çox qüvvətləndiyini və hakimiyyətinə qarşı hər hansı təhlükəni hiss edəndə bütün münasibətlər pozulurdu.

 – Nəsimi tədqiqatında sizi qane etməyən nədir?

Digər sahələrdə olduğu kimi, Nəsimişünaslıqdada təkrarçılıq var. Bəzən tədqiqatçılar dil bilmədiklərinə görə ilkin qaynaqlara müraciət etmir, əlyazmalarla işləmirlər. Gözləyirlər ki, kimsə ortaya hazır tədqiqat qoysun, onlar da nəticədən bəhrələnsinlər. Amma Nəsimi hər tədqiqatçıya öz sirrini açmır. Nəsimi elə bir şəxsiyyətdir ki, ona fədakarlıqla, səmimiyyətlə yanaşanda görürsən ki, dünyaları açır. Tam fərqli bir dünyaya daxil olursan. Nəsimiyə iddialı yanaşanda, özünüreklam üçün istifadə edəndə tam əks nəticə vermiş olur. Hesab edirəm ki, Nəsimi haqqında tədqiqatlar ciddi yazılmalı, qaynaqlara söykənməli, obyektiv olmalıdır. Bəzi şəxslər öz görüşləri üçün Nəsimidən istifadə edirlər. Hətta yaxınlarda bir iddiaya rast gəldim və bu, məndə etiraz doğurdu: guya Nəsiminin edamının səbəbi rafizilərlə sünnilər arasında olan ziddiyyət imiş. Yəni tamamilə yanlış bir yozumdur. Nə Nəsiminin rafiziliyə bir aidiyyəti var, nə də sünnülərlə qarşıdurması olub. Bəzən deyirlər ki, Nəsimiyə məhkəməsiz edam hökmü kəsilib. Xeyr, bu belə deyil. Nəsimiyə məhkəmə qurulub, o özü də məhkəmədə iştirak edib. Çox maraqlıdır ki, o məhkəmədə sünniliyin dörd qolundan üçünün –hənbəlilik, hənəfilik, malikiliyin baş qazısı və digər din alimləri iştirak edib. Onların heç biri Nəsimi haqqında kafir və ya zındıq hökmü verməyib, əksinə, ittihama etirazlarını bildiriblər.

– Nəsimi məhkəmədə konkret nədə ittiham edilirdi?

Məhkəmədə Misir sultanına yaxın olan iki din alimi tərəfindən şair kütlələrin etiqadını, inancını pozmaqda, İslama zidd  görüşlərin daşıyıcısı olmaqda ittiham edilir və ona ölüm hökmü tələb edilir. Nəsiminin son məhkəməsi çox maraqlıdır: Hələbin bir çox din alimləri, sünniliyin üç məzhəbinin baş qazısı və digərləri həmin məclisdə iştirak edirlər. Sonuncu məhkəməyə qədər olan bütün toplantılarda Nəsimi ona qarşı olan bütün iddiaları təkzib edir. Onu heç nədə ittiham edə bilmirlər. Sonuncu məclisi idarə edən Hələbin hakimi Yaşbəkdir. Çıxış edən İbn Şənqaşi adlı ittihamçı Nəsiminin ölümünü tələb edir. Yaşbək ona maraqlı formada müraciət edərək deyir: “Mən bir sənin sözünlə edam hökmü verə bilmərəm. Sən ya dediklərini sübuta yetirəcəksən, ya da mən səni öldürəcəyəm!”. Yəni Hələbin hakimi bilir ki, məsələ sultanın nəzarətindədir, amma buna etiraz edəcək qədər cəsarətlidir. Bu da Nəsimiyə olan rəğbətindən irəli gəlir. Onun sözlərindən sonra İbn Şənqaşi qorxur və çəkilərək yerində oturur. Məhkəmədə müzakirələr gedərkən içəri İbn Hilal adlı bir nəfər  daxil olur. Deyir ki, “mən indi sultanın yanından gəlirəm, siz bu gün Nəsimiyə ölüm hökmü verməlisiniz”. Orada olan bütün qazılar etiraz edir. Hətta məhkəməni qələmə alan tarixçi onun gəlişini belə təsvir edir: “Tez-tələsik məclisə daxil oldu, getdi maliki qazısının yanında oturdu. Maliki qazısı durdu onun yanından və yerini dəyişdi”. Yəni həmin şəxs o qədər sevilməyən biri olub. İbn Hilal da Nəsiminin ölümündə israr edir. Maliki qazisi isə ona deyir ki, “Sən öz əlinlə ona ölüm hökmü yaza bilərsənmi?” Tarixçi yazır ki, İbn Hilal bir mətni götürdü, başladı onun üzünü köçürməyə. Görünür ki, o,ölüm hökmünün mətnini özü ilə hazır gətirmişdi. İmza atmaq üçün hansı qazıya yaxınlaşdısa, hamı imtina etdi və etirazlarını bildirdilər. Yaşbək İbn Şənqaşiyə dediyi sözü İbn Hilala təkrarlayır ki, edam hökmünü sən istəyirsən deyə, verə bilmərəm. Mən qərarımızı Misir sultanına göndərəcəyəm. Özü istədiyi qərarı versin. Bu sözlərlə Yaşbək tarixi məsuliyyəti boynundan atır. Bir neçə gündən sonra Misir sultanından Nəsiminin edamı ilə bağlı sərəncam gəlir. Gördüyünüz kimi, sünnilik məzhəbində də Nəsimiyə qarşı düşmən münasibət olmayıb, əksinə, şeyx əl-Müəyyəd kimi qəddar hökmdarın təbəələri onun yanlış hökmünə etiraz edirlər. Həm də bu etiraz passiv deyil, aktivdir, nümayişkaranədir.

– Yəni məhkəmə Nəsimiyə bəraət versə də, Misir sultanı israrla heç bir günahı olmayan Nəsimiyə edam fərmanını imzalayır?

Bəli. Məhkəmə Nəsimiyə bəraət verir. Çünki “günah”ı sübuta yetirilmir. Amma Misir sultanı israrlı idi.

 – Azərbaycan tarixi romanlarında, filmlərdə – İsa Hüseynovun “Məhşər” romanı, istərsə də “Nəsimi” filmində şairin yaradıcılığı, onun tarixdəki yeri nə qədər tarixə adekvatdır?

İsa Hüseynovun romanı Nəsimi haqqında yazılan digər əsərlərə baxanda tarixiliyə nisbətən sadiq qalıb. Yazıçı o dövrün tarixinə aid əsərlər oxuyub, şəxsiyyətləri araşdırıb, Əmir Teymurla bağlı söylədikləri tarixi qaynaqlara söykənir. Özünün maraqlı sezmələri var. Əlbəttə, əsərin çoxu bədii təxəyyülün məhsuludur. İsa Hüseynovun əsərində mövcud təhriflər onun düşüncəsindən deyil, o dövrün Nəsimişünaslığından irəli gəlir. Yəni  o dövrün Nəsimişünaslığı İsa Hüseynovu o istiqamətə yönəldib. Filmdə təhriflər var: Nəsimi ilə Fəzlullahın qohumluq əlaqələri, Nəsiminin onun qızı ilə evlənməsi heç bir tarixi qaynağa söykənmir. Fəzlullahın vəsiyyətnaməsindən belə nəticəyə gəlmək olar ki, Fatimə atasının sağlığında onun xəlifələrindən birinə ya ərə verilibmiş, ya da nişanlanıbmış. Çünki o qızından dönə-dönə üzür istəyir ki, “mən həmin adamı bir iş dalınca göndərdim, o, qayıdıb gəlmədi”. Hürufi mətinlərini izləyəndə gördüm ki, Fatimənin övladları haqqında məlumat yoxdur. Görünür ki, Fatimə sonradan ailə qurmayıb. Amma Fəzlullahın digər iki qızının nəsli barədə qaynaqlarda məlumat var. Nəsiminin Əmir Teymurla da görüşməsi tarixi qaynağa söykənmir. Amma hürufilərin Əmir Teymurun oğlu Miranşahla dostluq münasibətləri olub. Onların Şirvana gəlməsi Miranşahın razılığından sonra gerçəkləşib. Və Şirvan suyu adlandırdıqları Xəzər vasitəsilə Bakıya gəliblər. 

– Nəsimi ilə bağlı araşdırmalarda hansı boşluqları görürsünüz?

Bir tədqiqatçı kimi çox arzu edərdim ki, məktəblilər üçün Nəsiminin izahlı nəşri hazırlansın. Vaxtilə tanınmış alim Əlyar Səfərli Sovet dövründə hazırlamışdı, amma orada müəyyən təhriflər, yenidən gözdən keçirilməsinə ehtiyac olan məqamlar var. Nəsiminin dini dünyagörüşünün, İslamla bağlı görüşlərinin ciddi təhlilə ehtiyacı var. Quran təfsirləri kontekstində də Nəsimi öyrənilməlidir. Nəsimi ilə bağlı görüləsi işlər çoxdur, onların bir hissəsini öhdəmizə götürmüşük. Ümid edirəm ki, bacaracağıq. Nəsiminin indiyə qədər oxuculara tam şəkildə təqdim edilməmiş farsca divanının tərcüməsi üzərində kiçik bir qrup olaraq işləyirik. Həmin qrupa mən rəhbərlik edirəm. Divan oxuculara sətri tərcümə şəklində təqdim ediləcək. Nəsimişünaslıqda mövcud boşluqlardan biri də Nəsiminin nəsr əsəri “Müqəddimətül-həqayiq”in nəşr olunmamasıdır. Onu da hazırda transliterasiya edirəm, ümid edirəm ki, bu il ərzində bitirə biləcəyəm. Ümumiyyətlə, ərəb ölkələrində şair haqqında yazılmış az sayda tədqiqat məlumdur, daha çox İranda, Türkiyədə araşdırmalar aparılıb. Çalışırıq ki, Nəsimi haqqında yazılmış bir sıra dəyərli əsərləri tərcümə edərək, oxucuların diqqətinə çatdıraq.

– Bu Nəsiminin yeganə nəsr əsəridir?

Əlimizdə olan yeganə nəsr əsəridir, amma onun “İnsan” risaləsi, bir də nəsrlə nəzmin növbələşməsi ilə yazılan “Təriqətnamə” adlı əsəri haqqında məlumat var. İkinci əsər İranda çapa hazırlanır, “İnsan” isə Türkiyədədir. Bu iki əsərlə də tanışlıq, əlbəttə ki, Nəsimi haqqında daha dolğun məlumata sahib olmaq deməkdir. Nəsiminin əlimizə çatmayan kiçik həcmli “Mənzumə fiməsləkihürufiyyə”(“Hürufilik məsləki haqqında mənzumə”) adlı əsəri də var.

Ülviyyə Tahirqızı, 1905.az

Müsahibə ilk dəfə 6 may 2019-cu ildə dərc olunub. 

0.17104411125183