Bu ərazilərin su təchizatı sistemləri yenilənir

 

"Azərsu" ASC Bakının Yasamal rayonunun Yeni Yasamal 1 yaşayış massivində və Abbas Mirzə Şərifzadə küçəsindəki çoxmənzilli yaşayış binalarının məhəllədaxili su təchizatı sistemlərini yeniləyir.

"Demokratikmusavat.com" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu ilin may-iyun aylarında bu ünvanlarda binaların daxili su təchizatı sistemləri yenidən qurulub, şaxtalarından keçən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılıb, 990 mənzilə yeni ev birləşmələri verilərək yeni sayğaclar quraşdırılıb. Bundan sonra məhəllədaxili paylayıcı şəbəkələrin yenilənməsi işlərinə başlanıb. Yeni layihəyə əsasən, binaların həyətlərində müxtəlif diametrli polietilen borularla 2,6 km metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Şərifzadə küçəsində icra olunan layihə çərçivəsində mövcud nasos stansiyasında yeni nasoslar quraşdırılacaq.

Sovet dövründə tikilmiş həmin çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddət istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verib. Bu da mənzillərə və zirzəmilərə su sızmalarına səbəb olub. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirməklə uçotun düzgün aparılmasına problemlər yaradıb.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması, məhəllədaxili şəbəkənin yenidən qurulması binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, xidmət haqqının vaxtında yığılmasına və debitor borcların yaranmamasına kömək edəcək.

Binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu”yun balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

0.14023995399475