Laçınlı müəllim: "Yurdumuzdan piyada əliboş və itkilərlə çıxmışdıq, indi isə..."

 

Xəbər verdiyimiz kimi, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, həmçinin Zabux və Sus kəndlərini tam nəzarətə götürdü.

Ölkə.az xəbər verir ki, artıq Laçına qayıdışla bağlı hazırlıq işlərinə başlanıb.

Laçına qayıtmağı səbirsizliklə gözləyənlərdən biri də Şeylanlı kənd sakini Abbasov Rövşən Əbil oğludur.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ölkə.az -a danışan R.Abbasov ötən günləri belə xatırlayır:

“1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində doğulmuşam. Ömrümün 26 ilini bu kənddə yaşamışam.

1992-ci ilin may ayı laçınlıların qəlbində ağır bir yara kimi iz buraxıb. Biz çox ağır bir şəraitdə oranı tərk etmişik. Laçından çıxanda ailəmiz məndən və yaşlı anamdan ibraət idi. Kəndimiz Kəlbəcər rayonuna yaxın yerləşirdi. Ona görə də Laçından çıxanda əksəriyyət piyada olmaqla Murov yolu və Ömər aşırımı böyük çətinliklərlə, ağır itkilərlə üzləşərək, körpələr analarının belinə şələlənmiş formada keçib gəldik. 

Laçında kəndimizin qəhrəman qadını Qəmzə anamız öz yurdunu tərk etməmək, həm də erməni əlinə düşməmək üçün öz azadlığını Ağdərə çayının sularında tapdı. 

Dağlıq ərazidə, Laçın kimi cənnət iqlimdə yaşayan insanların çoxu Ağcəbədi rayonuna pənah gətirdi. Çox ağır günlər keçirdik. İnsanların çoxu bu ayrılığa dözə bilmədi. Ələlxüsus da yaşlı nəslin nümayəndləri fərqli iqlim şəraitində vərəm xəstəliyinə tutulub dünyadan köçdü.
Anam da 2002-ci ildə Laçın deyə-deyə vəfat etdi”.

330555

R.Abbasov deyir ki, Laçını tərk edərkən ermənilərdən fərqli olaraq onlar rəsmi sənədlər istisna olmaqla, heç bir əşyasını götürə bilməyib:

“Hətta anamın öz əli ilə toxuduğu xalçaların hamısı Laçındakı evimizdə qaldı. Buna görə anam həmişə ağlayırdı. Ordan gələndə Ağcəbədidə bacımgildə, yerin altında yerləşən daxmaya sığındıq. Nə yaşadığımız şərait, nə də başqa şeylər bizi Laçınımızdan ayrı qalmaq qədər ağrıtmırdı.

Laçından çıxarkən 5 nəfər Şeylanlı kənd sakini (Mehbalı Quliyev, Şəmil Mayılov, oğlu Manaf Mayılov, Nəbat Quliyeva və kürəkəni Cümşüd) girov götürülmüşdü. Onların taleyi hələ bu gün də məlum deyil. Qonşu Katos kəndindən Mədət adlı kişini güllə ilə vurmuşdular. Qızı atasını xilas etmək üçün güllənin qabağına atılanda onu da vurub öldürmüşdülər, oğlu Talehi isə girov götürmüşdülər. Həmin oğlan bir neçə ildən sonra girovluqdan qaytarıldı”.

R.Abbasov danışır ki, bu illər ərzində laçınlılar doğma yurddan ayrı düşsələr də, heç vaxt işğalla barışmayıblar:

“Oradan çıxanda da, 30 illik işğal dövründə də yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləmişik. Hətta 92-ci ildə həyətimizdə it vardı. Evdən çıxanda anam iti bağdan açmışdı ki, gedib yeməyə bir şey tapsın, biz qayıdana qədər ac qalmasın.

Heç kəsin əli gəlməz ki, öz doğma evinə murdar donuz qanı sürtsün, ya da od vursun. Çünki ora bizim öz yurdumuzdur, ermənilər isə sonradan gəliblər. 

Bu günə isə min şükür. Bəhs etdiyimiz ağrı-acılar arxada qaldı. Hər bir laçınlı kimi biz də bayram əhvali-ruhiyyəsindəyik. Laçına köçəcəyimiz günü səbirsizliklə  gözləyirik. Bizim bu günü görməyimiz üçün canlarını qurban vermiş vətən fədailərinə, Allahdan rəhmət diləyirəm. Allah ordumuzu, müzəffər Ali Baş Komandanımızı qorusun”. 

İxtisasca kimya-biologiya müəllimi olan Rövşən Abbasov vaxtilə Laçının nadir bitkiləri ilə bağlı elmi iş hazırlamaq istəsə də, işğal planlarına mane olub. O bildirib ki, doğma Laçına qayıtdıqdan sonra sevə-sevə orada müəllimlik etməyə və araşdırma aparmağa davam edəcək:

“Əgər yaşım imkan versə, görəcəyim işlər var. Gənclərə tövsiyə edirəm ki, Laçının flora və faunasını araşdırsınlar. Burada tədqiqatçısını gözləyən çoxlu nadir incilər var”, - deyə o əlavə edib.

Billurə Yunus

Ölkə.az

 

0.14796590805054