Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "QazaqGaz" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Demokratikmusavat.com SOCAR-a istinadən xəbər verir.
Söhbət zamanı SOCAR ilə "QazaqGaz" arasında əməkdaşlığın inkişaf perspektivlərinə, nəzərdə tutulan layihələrin icrasını həyata keçirmək məqsədilə işçi qruplarının yaradılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşün yekununda SOCAR və “QazaqGaz” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Memorandum, həmçinin tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcək.