Azərbaycan Yazıçılar Birliyinin (AYB) sentyabrın 30-na planlaşdırılan qurultayı ilə bağlı müzakirələr bitmək bilmir.
Demokratikmusavat.com xəbər verir ki, müzakirələr illərdir yazıçı Anarın sədr postunda olması ilə bağlıdır.
Bu vəziyyət vaxtaşırı olaraq gənc yazıçılar tərəfindən tənqid edilsə də, Anar dəfələrlə sədr postunda qalmağa davam edəcəyini açıqlayıb.
Qeyd olunur ki, sədr postuna seçkilərdə AYB üzvlərinin əksıriyyəti yenə də Anara səs verəcək.
Müzakirələrə qoşulan yazıçı Rasim Qaraca isə bildirib ki, ideya olaraq Yazıçılar Birliyi köhnəlib, rəhbərliyin dəyişməsi ilə ədəbi prosesdə yaxşılığa doğru heç nə dəyişməyəcək.
Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan Xalq yazıçısı Anar yazıçı Rasim Qaracaya AYB-nin işlərinə qarışmamağı tövsiyə edib:
“Rasim Qaraca getsin öz dərdini çəksin. Bir “Azad Yazarlar Ocağı” yaratmışdı, fıs çıxdı. Getsin onlarla məşğul olsun. Yazıçılar Birliyinin üzvü deyil, birliyin işinə də qarışmasın”.
Sədr postunda qalmaqla bağlı dediklərini bir daha təkrarlayan Anar əlavə edib ki, bu onun AYB sədri postunda sonuncu namizədliyi olacaq:
“Əvvəl də demişəm. Sədrliyə namizəd olacağam. Əgər seçilsəm, bu, sonuncu dəfə olacaq”,- deyə o söyləyib.
Qeyd edək ki, 84 yaşlı Xalq yazıçısı Anar 1987-ci ildən bəri AYB-nin sədri vəzifəsini icra edir. AYB-nin ali orqanı olan Qurulyat beş ildən bir çağrılır.
Billurə Yunus