“Kəmaləddin Heydərov yüzlərlə insanı məhv edib, indi elədikləri özünə qayıdır”- Politoloq Azər Rəşidoğlu

 

FHN-lə bağlı yayılan video Azərbaycanda gündəmi silkələyib. Bir çox müşahidəçilər bu faktın sıradan olmadığını, FHN-də böyük dəyişikliklərin anonsu olduğunu bildirirlər.

Suallar aydındır: 8 il əvvəl çəkilmiş videonun indi yayılmasının arxasında nə dayanır? Burada hansı məqsədlər ola bilər? Bu təkcə məlum faktın ictimailəşdirilməsidir, yoxsa Kəmaləddin Heydərovun “vurulmasıdır”?

"Demokratikmusavat.com" xəbər verir ki, durumu “Yeni Sabah”la müzakirə edən siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, bu məsələləri iki yerə bölmək lazımdır: Çəkilişləri kim və niyə yayıb, dövləti təmsil edən insanlar yerindədirmi? 

“Söz yox ki, rəhbərlik etdiyi idarədə baş verənlərə görə Kəmaləddin Heydərov birbaşa məsuliyyət daşıyır. Dövlət mundiri daşıyan və əxlaqsızlıq edən rəhbər işçiləri idarəyə o yığıb. O işçilər ya onu saymayıblar, ya da Heydərovun bütün bu məsələlərdən xəbəri olmayıb. 

Hər iki hal Heydərova başucalığı gətirmir. Təhqir olunan bir qadın deyil, Azərbaycandır. Dövlət geyimində olan iki (daha doğrusu çoxsaylı) şəxs dövlət idarəsində əxlaqsızlıq edir. Dövlətin əsas dayaqlarından biri olan nazirliyi az qala pritona çeviriblər. Mənim vergimlə maaş alan bu insanlar o qədər harınlayıb ki, heç kəsi saymırlar. Özlərini dövlət içində dövlət hesab edirlər. Pozğunluq, əxlaqsızlıq o həddə çatıb ki, artıq yüzlərlə insan, xüsusən xanımlar, dövlət işində işləməyə qorxur. 

Belə seksual manyaklar, şərəf yoxsulları vətəndaşı dövlətə nifrət etməyə vadar edir. Bir qrup pozğunun etdiyi əməl əslində, dövlətə xəyanətdir. Bunu bağışlamaq olmaz. Bunu bağışlamaq dövlətçiliyi təhqir etmək anlamına gəlir. 

Görüntüləri videonun “baş qəhrəmanı”nın çəkdiyi məlumdur. Deməli, vəzifədə yüksəlmək üçün kimlərsə belə əxlaqsız simanın şərtlərini qəbul etməli imişlər. Kimsə, nə vaxtsa, “cızığından cıxarsa” həmin videolar şantaj kimi istifadə edilirmiş. Budurmu dövlət ərkanı? 

Sanki biliyə, bacarığa qiymət vermirlər, amma Kama Sutranın rəqəmlərini əzbərləyənlərə “yaşıl işıq” yandırılır. Daha betər düşmənçilik olarmı? Bunu edənlər ən yüksək cəzanı almalıdır. 

Bu görüntüləri kim yayır? Düşünürəm ki, 30 il ərzində ölkənin ən mühüm postlarında oturan və media kralına çevrilən, irili-xırdalı sahibkarları sıradan çıxardan Heydərovun hakimiyyət strukturlarında düşmənləri kifayət qədər çoxdur və bunu kimin etdiyinin də önəmi yoxdur. 

Heydərovun özü yüzlərlə insanı məhv edib, indi bumeranq effekti yaranıb və elədikləri özünə qayıdır. İnanmıram ki, yaxın və uzaq qonşumuzun dəstəyi Heydərovu xilas edə bilsin. Heç sahiblik etdiyi saysız-hesabsız media quruluşları və yiyəlik etdiyi deputatlar da da onu xilas edə bilməyəcək. Buna cəhd etsələr, fərqli videolar da meydana çıxa bilər və “film”də bəzi jurnalistlər də rol ala bilər. Artıq Heydərov və FHN mərhələsi bitib və bu qurumun ləğvi ən yaxşı cavab olardı”.

0.13870406150818