Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, 3-cü qrup əlil Əli Əliyevin Ali Məhkəmədə şikayətinə baxılıb
"Demokratikmusavat.com" xəbər verir ki, Əli Əliyev həmkəndlisi, Cəlilabad rayonu Sərhədabad kənd sakini Nemət Astanovun kənddə ailəsi ilə yaşayan bacısı Aynurə ilə intim münasibətdə olmaq niyyətini hiss edib.
Bu səbəbdən Aynurənin əri gecə növbəsində olduğu zaman onlara gedib. Bir neçə saat onlarda olduqdan sonra, gecə yarısı - saat 2-də bacısının evindən çıxıb.
Bu zaman Əli Əliyev Nemət Astanovun öz yaşadığı evin həyətində olduğunu və onu görəndə gizləndiyini müşahidə edib. Həmin gecə onun bacısıgilə gedəcəyini, ərinin evdə olmamasından istifadə edərək bacısı ilə intim münasibətdə olacağını düşünüb.
Əli Əliyev Nemət Astanovu öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı evə gedərək həyətdəki yarımtikilidən məişət təyinatlı bıçağı götürüb və birbaşa bacısı Aynurənin yaşadığı evin həyətinə qayıdıb.
Həyətdə olduğu zaman tövlənin qarşısından səs eşidərək həmin yerə gedib. Nemət Astanovun tövlənin qarşısındakı asma tavanın altında dayandığını və əlindəki alışqanın işığını evin pəncərəsinə tərəf yandırıb-söndürdüyünü görüb.
Əli Əliyev Nemət Astanova yaxınlaşaraq yaxasından tutub və gecə vaxtı bacısının evinin həyətinə gəlməsinin səbəbini soruşub. Nemət Astanov ona cavab verməyib.
Əli Əliyev ona nalayiq ifadələrlə söyərək, tövlənin sol kənarına çəkib. Orada gödəkçəsinin cibindən bıçağı çıxararaq əvvəlcə Nemət Astanovun qarın nahiyəsinə bir zərbə vurub. Müqavimət göstərən Nemət Astanovu arxası üstə yerə yıxıb. O, Nemətin üzərində oturaraq bıçaqla onun döş qəfəsinə, kürək nahiyəsinə xəsarətlər yetirib.
Ümumilikdə 29 ədəd bıçaq xəsarəti alan Nemət Astanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Cinayəti törədən gənc polisə gedərək təslim olub və törətdiyi cinayəti etiraf edib.
İstintaq orqanı tərəfindən Əli Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da yüngül cəza təyin edilməsini xahiş edib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Elman Astanov da apelyasiya şikayəti verib. O, qeyd edib ki, qardaşı Nemət Astanov həmkəndlisi Əli Əliyev tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib: "Cinayət işinin istintaqını Cəlilabad rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Nurlan Rahmanov aparıb. İstintaqın gedişində bir çox kobud hüquq pozuntularına yol verilməklə qətldə iştirak edən digər bir qatil üzə çıxarılmayıb. Müstəntiq əsas şahid Toğrul Qasımovun ifadəsini dəyişdirib.
Toğrul Qasımov ifadəsində qətl zamanı Əli Əliyevin bacısı Aynurəni taxta parçası ilə döyərək evinə saldığını, meyitin yanından ikinci bir şəxsin qaçdığını, meyitin yanında taxta parçasının olduğunu, meyitin su ilə islanmış vəziyyətdə olduğunu bildirib. Məhkəmə prosesi zamanı da bu hal aydınlaşdırılmayıb”.
Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyilə baş tutan prosesdə tərəflərin şikayətləri araşdırılıb.
Araşdırmanı aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Bu qərardan narazı qalan Əli Əliyev kasasiya şikayəti verib. O, kasasiya şikayətində işinə ədalətli baxılmasını istəyib.
Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin edilməyib.