Bu sahibkarlara dövlət dəstək verəcək

 

Azərbaycan hökumətində logistika sahəsinə dəstəklə bağlı mexanizmlər müzakirə olunacaq.

Demokratikmusavat.com xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

"Yeni mexanizmlərdən yerli nəqliyyat şirkətləri ilə əməkdaşlıq edəcək sahibkarlar yararlana biləcəklər. Yəni əsas şərt bu olacaq ki, daşınma mütləq şəkildə yerli nəqliyyat şirkətləri ilə həyata keçirilsin. Bu, dəmir yolu, hava və quru yolla daşınma ola bilər. Yəni, xarici şirkətlərlə həyata keçirilən ixraca dəstək göstərilməyəcək. İstiqamətlər və coğrafiya müəyyənləşdiriləcək. Hər bir ölkə üzrə bu təşviq tətbiq edilməyəcək. Bəzi ölkələrdə kifayət qədər geniş ixrac əməliyyatları həyata keçirilir. Logistika tam qurulub. Yeni bazarlara məhsullarımızın təşviqi istiqamətində logistikanın dəyəri çox önəmlidir. Ona görə də yeni istiqamətlərdə dəstək olacağıq. Sərfəlilik nöqteyi nəzərdən təhlil edilir. Bu gün nəqliyyat sahəsində islahatlar aparılır", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında işçi qrupu yaradılıb: "İşçi qrupu çərçivəsində Tədbirlər Planı nəzərdən keçirilir, nəqliyyatı, logistikanı əhatə edən geniş tədbirlər görülür ki, nəqliyyat şirkətlərinin maya dəyərləri aşağı endirilsin. Onlar rəqabəta dözümlü olsun. Logistikanın təşviq edilməsi önəmli məsələdir".

0.14292287826538