Keçmiş deputat şirkət yaratdı, 8 gün sonra tender qazandı

 

Milli Məclisin keçmiş deputatı Müslüm Məmmədov şirkət təsis edib.

"Demokratikmusavat.com" Qaynarinfo-ya istinadla xəbər verir ki, sabiq deputatın yaratdığı şirkət “Alpha Medical and Construction” MMC adlanır.

İqtisadiyyad Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarında göstərilir ki, “Alpha Medical and Construction” MMC 27 iyul 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Müslüm Mürsəl oğludur.

Şirkət 1 aydır ki, faəliyyət göstərməsinə baxmayaraq, artıq tenderlərə qatılıb və qalib olub. Avqust ayında “Alpha Medical and Consturction” MMC ilə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanası arasında satınalma müqaviləsi imzalanıb. Maliyyə dəyəri 154 976.48 AZN təşkil edən müqavilədə cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.

Müslüm Məmmədov beşinci çağırış Milli Məclisin deputatı olub. O, 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanıb. Müslüm Məmmədov deputat olmamışdan əvvəl Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıbvə 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıb. BDU-da ali təhsil alıb. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. 2005-2006-cı illərdə Fransada magistr təhsili alıb. 2009-cu ilə qədər doktorantura pilləsində oxuyub. Milli Məclisin V çağırış (2015-2020, 57 saylı Kürdəmir Seçki Dairəsi) deputatı olub.

0.15520000457764