Nürəngiz Bəşirova məsuliyyətdən yayınmağa çalışır: – PROKURORLUĞUN QƏRARI NƏ OLACAQ?

 

Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik.

Həmçinin, həmin yazımızda Beyləqan rayon prokurorluğuna ifadə verən təcili yardım xidmətinin sürücüləri verdikləri ilkin ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə, onlar ehtiyac üzündən bu cinayəti etmək məcburiyyətində qaldıqlarını bildiriblər. Məlum yanacaq oğurluğu hadisəsindən ciddi çox narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün havadarlarına ağız açıb, onlardan kömək umduğu haqda da yazmışdıq.

Qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq, N. Bəşirovanın yaxın ətrafında olan adamlar dövriyyəyə belə bir informasiya buraxıblar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbəri olub, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib. Yayılan şaiyədən belə nəticə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib.

Əlbəttə, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə, onda ortaya bir sıra suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan Nurəngiz Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi!

Sürücüləri xəbərdarlıq etməklə, dövlətə vurduqları ziyanı ödətdirib, direktor onları işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Əlbəttə, bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdan ibarətdir?

Düzü, bu məsələ mənə heç inandırıcı gəlmədi. Hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir şaiyə yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil.

Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik.

Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax, onda biz hər şeyin üstünü açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları ona görə dərc etməyib, saxlayırıq ki, istintaqın gedişinə təsir etmək problemi yaranmasın.

Qeyd edək ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz aparacağına əmin olmaq istərdik. Cənab prokuror R. Hadıyevin nəyinsə xatirinə və kimlərinsə təsirinə düşərək, direktoru məsuliyyətdən kənarda saxlamağa razı olaşacağına inanmaq çətindir.

Mənbə: RealMedia.az

0.19074606895447