“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Gundem.az-a müsahibə verib.
Həmin materialı təqdim edirik:
- Ərəstun bəy, Azərbaycan Ordusunun Qarabağda apardığı əməliyyatla bağlı fikirlərinizi bildirməyə bir qədər ehtiyat etdiyinizi, yəni “küçə adamları tərəfindən təhqir olunmaq” istəmədiyinizi vurğulamısınız. Bizə təqdim olunan fakt ondan ibarətdir ki, əməliyyatdan saatlar öncə əsgərimiz erməni silahlıları tərəfindən qətlə yetirilib. Həmçinin görüntülərdən də aydın olur ki, ermənilərin ərazidə hərbi postları mövcuddur. Bu baxımdan sizin fikirlərinizi bilmək maraqlı olardı. Azərbaycan ordusunun öz ərazisində apardığı bu əməliyyatla bağlı həqiqəti demək sizin üçün niyə çətindir?
-Mənim Qarabağda son baş verənlərlə bağlı fikirlərimi bildirməkdə ehtiyat etməyimin səbəbi onunla bağlıdır ki, belə bir situasiyada Azərbaycanda kütləvi psixoz hökm sürür. İnsanlar reallığı görmək istəmirlər və reallığı təqdim edənləri də hədəfə alırlar, təhqir edirlər. Zaman keçir, hər şey yerini tutur və bu qəbildən olan kütlə səhvini etiraf etmək istəmir. Amma gəlin etiraf edək ki, heç kəs söyülmək, təhqir olunmaq istəmir. Özü də hansısa cahil kütlə tərəfindən. Onlar ətrafında baş verənləri dərk etmək istəmir, dərk edənləri də hədəfə alırlar. Qaldı ki, Qarabağdakı son əməliyyata, bu mənim üçün yenilik deyil. Bu barədə daha öncə danışmışam, yazmışam. Amma bunun indiki mürəkkəb situasiyada baş verməsi xeyli suallar doğurur. Azərbaycanın öz ərazisində anti-terror əməliyyatı aparması tamamilə normal haldır. Əslində biz bu əməliyyatı 2020-ci ilin noyabrında başa çatdırmalıydıq ki, sonra daha böyük, güclü işğalçı ilə üz-üzə qalmayaq. Bu işğalçı bizə bu gün belə problemlər yaratmasın. Erməni postları nə üçün mövcuddur, onlar niyə ordumuza qarşı təxribatlar törədir? Ona görə ki, orada Rusiyanın “sülhməramlıları” var. 2020-ci ilin noyabrında Xankəndi demək olar ki, boşaldılmışdı. Mən hələ o zaman demişdim ki, dayanmaq yanlış addım idi. Bunu Paşinyan da etiraf etmişdi ki, həmin vaxt ermənilərin 10 minlik bir korpusu mühasirəyə düşürdü. Əgər biz həmin əməliyyatı davam etdirsəydik, danışıqların məzmunu fərqli olacaqdı və bu gün müzakirə olunan təmas xətti, erməni silahlıları və s. məsələlər olmayacaqdı. Mən “əməliyyat davam etməlidir” deyəndə hələ müharibə bitməmişdi. Amma bu mövqeyimə görə, məni hədəf seçdilər, küçə adamları söyüşə əl atdılar. Bu gün həmin adamlar “Ərəstun bəy, sizə qarşı səhv etmişik, bağışlayın” ifadəsini işlətməyə özlərində cəsarət tapmırlar. Mən bu mənada demişəm ki, həqiqəti söyləyib küçə adamları tərəfindən təhqir olunmaq istəmirəm. Çünki hər birimizin qüruru var.
-10 noyabr 2020-ci il bəyanatından sonra çoxları düşünürdü ki, Azərbaycan ordusu Qarabağda daha heç bir əməliyyat apara bilməz. Çünki artıq rus sülhməramlılar ərazidə yerləşib, amma ötən gün baş verənlər bu düşüncəni alt-üst etdi. Son əməliyyatı zəruri edən faktorlar nədən ibarət idi?
-Şəxsən, mən düşünmürdüm ki, 10 noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan tərəfi daha hərbi əməliyyatlar apara bilməyəcək. Mən bilirdim ki, əməliyyatlar aparıla bilər və bu zamanla bağlıdır. Rusiyanın ora qoşun yeritməsində əsas məqsədi Qarabağda hərbi baza yaratmaq, Azərbaycana təzyiq etməkdir. Bu təzyiq yollarından biri də erməni silahlılarını gücləndirmək, ruhlandırmaqdır. O vaxt ruslar Xankəndi və digər yaşayış yerlərini tərk etmiş erməniləri avtobuslara doldurub geri qaytarırdı. Bu cür davranış gec-tez Azərbaycanı növbəti hərbi əməliyyatlara vadar edəcəkdi. Müharibədən sonra yeni müharibəyə nə ehtiyac vardı? Həmçinin, 44 günlük müharibədən fərqli olaraq, Qarabağda risk faktoru var. Rus qoşunları - mən onları sülhməramlı saymıram, çünki hüquqi statusları yoxdur - çalışacaqlar ki, hərbi qarşıdurma olsun. Mən daha öncə də demişəm ki, Qarabağda 2008-ci ildə Gürcüstanda baş vermiş Cənubi Osetiya ssenarisi təkrarlanması təhlükəsi var. O zaman Rusiya Cənubi Osetiyadakı sülhməramlıları qorumaq adı altında Gürcüstana əlavə hərbi kontinget yeritdi. Rusiya gələcəkdə həmin ssenarini Qarabağda da təkrarlaya bilər.
-Maraqlıdır ki, həm Ermənistanda, həm də Azərbaycanda bu əməliyyatla bağlı belə bir ortaq düşüncə var. “Rus sülhməramlılar niyə bu əməliyyata göz yumdu”? Sizcə, rus hərbçiləri Azərbaycanın bu əməliyyatına niyə mane olmadı?
-İstər Azərbaycanda, istərsə də Azərbaycanda Qarabağdakı rus hərbi kontingentinə olan reaksiyalar təbiidir. 10 noyabr bəyanatından görünür ki, rus kontingentinin əsas missiyasi təmas xəttində əmin-amanlığı təmin etməkdən ibarət olmalıydı. Amma hər iki tərəf də görür ki, ruslar hərbçiləri orada özünü daha çox müşahidəçi kimi aparır. Sanki qarşıdurma üçün şərait yaradırlar. Üçtərəfli bəyanatda Rusiyanın marağında olmayan bəndlər yerinə yetirilmir. İstər Laçın dəhlizi ilə, istər erməni silahlılarının bölgədən çıxarılması, istərdə də Zəngəzur dəhlizi ilə bağlı bəndlər yerinə yetirilmir. Hesab edirəm ki, bəndlərin icrası sırf Azərbaycan və Ermənistandan asılı olsaydı, daha tez yerinə yetirilərdi.
-Mətbuatda bu əməliyyat həm anti-terror, həm də “Qisas” əməliyyatı adlandırılır. Müdafiə Nazirliyinin açıqlamasından belə başa düşülür ki, əməliyyatın adı “Qisas”dır. Yəni ermənilər hərbçimizi qətlə yetirdikləri və ərazidə hərbi mövqelənmə həyata keçirdikləri üçün bu əməliyyat aparılıb. Sizcə, aparılmış hərbi əməliyyat daha çox istiqamətə yaxındır?
- Açığı Qarabağda keçirilmiş əməliyyatın məqsədini mən bilmirəm. Əməliyyat elə də böyük deyildi. Hərbi əməliyyata “qisas”, intiqam” adları qoymurlar. Ordunun vəzifəsi dövlətin ərazi bütövlüyünü təmin etməkdir. Bu əməliyyat “zəruri antiterror əməliyyatı” adlandırılsaydı, daha məqbul olardı. “Qisas” adı Azərbaycanı beyəlxalq aləmdə arzuolunan şəkildə təqdim etmir. İkincisi, bu əməliyyat daha geniş miqyasda keçirilməliydi və xeyli strateji nöqtələr ermənilərdən alınmalıydı. Ola bilsin ki, hərbçimizin qətlə yetirilməsi ordumuzun əməliyyatını daha sürətləndirib. Amma düşünmürəm ki, əməliyyatın yeganə səbəbi hərbçimizin şəhid edilməsidir.
- Digər məsələ yeni Laçın yolu ilə bağlıdır. 10 noyabr bəyanatında alternativ yolun çəkilməsi nəzərdə tutulsa da, görünən odur ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi heç bir addım atmayıb. Sanki Ermənistan rəhbərliyi yeni yolun çəkilməsindən narazıdır. Qeyd edirlər ki, bu yol onlarla razılaşdırılmayıb. Belə olan halda Azərbaycan tərəfinin artıq yekunlaşdırmaqda olduğu yeni Laçın yolunun istifadəyə verilməsi nə dərəcədə mümkündür? Ermənistan tərəfi nə üçün bu müddət ərzində öz ərazisində yol çəkməyib?
- Laçında alternativ yolun çəkilməsilə bağlı erməni tərəfinin arqumentlərinin heç bir əsası yoxdur. Çünki bu məsələ üçtərəfli bəyanatda öz əksini tapıb. Əgər Ermənistan tərəfi öhdəliyi yerinə yetirmirsə, vasitəçiliyi öz üzərinə götürmüş Rusiya bunu niyə bu günə qədər həll etməyib? Azərbaycan öz tərəfindən yolu çəkib, Ermənistan niyə öz ərazisinə yolu çəkməyib? Bu sual həm də Rusiya tərəfinə yönəlməlidir. Təbii ki, Ermənistan çalışır ki, üçtərəfli razılaşmanı sabotaj etsin. Çünki burada Laçın şəhərinin, ətrafdakı kəndlərin Azərbaycanın nəzarətinə keçməsi məsələləri var. Bu onların maraqlarında deyil. Amma razılaşmanın yerinə yetirilməsinə Ermənistanla bərabər Rusiya da cavabdehlik daşıyır.
- Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, Dağlıq Qarabağ ərazi vahidi qəbul edilməlidir, onun sərhəd xətti tanınmalıdır. Paşinyanın bu açıqlamasını ciddi qəbul etmək olarmı?
-Paşinyanın bu açıqlaması absurddur. Üçtərəfli bəyanatda və digər danışıqlarda inzibati ərazi vahidi olaraq Dağlıq Qarabağ ifadəsi yoxdur. Heç Qarabağıdakı ermənilərin status məsələsi də müzakirə olunmur. Digər erməni rəsmiləri bildirirlər ki, status məsələsi Rusiya tərəfindən həll edilməlidir, “sülhməramlılar” bölgədə qalmalıdırlar və s. Bu artıq Azərbaycanın suverenliyinə qəsddir, ərazi bütövlüyümüzü şübhə altına almaqdır. Biz görürük ki, belə cəhdləri digər tərəflər də edir. Məsələn, bu yaxınlarda ABŞ dövlət katibinin Azərbaycan prezidentilə telefon danışığı oldu. Dövlət Departamenti məlumat yaydı ki, telefon danışığı zamanı Minsk qrupunun fəaliyyətinin bərpası müzakirə edilib. Bu qrupun fəaliyyətinin bərpasının müzakirəsi o deməkdir ki, Qarabağdakı ermənilərin status məsələsi də kimlər üçünsə aktualdır. Bu isə bizim üçün yolverilməzdir. 44 günlük müharibə statusun müzakirəsinə nöqtə qoydu. Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının sədri də açıqlama verib dedi ki, status məsələsi müzakirə olunmur.
- Ötən gün bir qrup radikal dindar Azərbaycanın Londondakı səfirliyinə hücum etdi. Bu hücumun məqsədi nədir və arxasındakı güclər kimlərdir?
- Bu mürəkkəb bir məsələdir və ətraflı araşdırılmalıdır. Təbii ki, ilkin məlumatlar, informasiyalar var. Radikal dindarların Azərbaycan səfirliyinə hücum etməsi, oranı zəbt edib Azərbaycan bayrağını yerə atması və öz bayraqlarını ora sancmaları, divarlara şüarlar yazmaları bir təxribatdır. Azərbaycan dövləti buna adekvat reaksiya verməlidir. Sosial şəbəkələrdə bəzi şəxslər, hətta müxalif dairələr hücumun arxasında İran dövlətinin durduğunu iddia edirlər. Amma bildirim ki, səfirliyə hücum edən dini qrup İrana qarşı da müxalif mövqedədir. Kimlərsə, baş vermis hadisədən Azərbaycan-İran münasibətlərini korlamaq məqsədilə istifadəyə cəhd edir. Hesab edirəm ki, hadisənin arxasında Azərbaycanla İranı toqquşdurmaq cəhdləri dayanır. Burada Azərbaycan cəmiyyətində parçalanma və qütbləşmə yaratma niyyətləti də var. Bu baxıman dəyərləndirmələrimizdə çox ehtiyatlı olmalıyıq. Məsələnin kökündə duran səbəbləri araşdırmalı və cəmiyyət olaraq da müzakirələrin yanlış istiqamətə getməsinə yol verməməliyik. Azərbaycanın İran və Rusiya ilə münasibətlərini korlamaq cəhdləri, cəmiyyətdə parçalanma və qütbləşmə yaratmaq niyyətləri milli təhlükəsizliyimizə ziddir. Məsuliyyətsiz bəyanatlardan çəkinməliyik. Həmçinin Böyük Britaniyaya sual ünvanlanmalıdır ki, nə üçün London polisi Azərbaycan səfirliyinə hücum zamanı özünü tərəfsiz, müşahidəçi tərəf kimi aparıb?
Söhbətləşdi: Nurlan