Avtomobillərin icbari sığortası haqqı artacaq - AÇIQLAMA

 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib.

Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. 

“Demokratikmusavat.com”​ xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynlinin sözlərinə görə, bu dəyişikliklə sığorta haqlarında artım olacaq:

"Mərkəzi Bankın 29 iyun 2022-ci il tarixli, 25/1 saylı Qərarı ilə təsdiq edilən bu yeni qayda avtomobil sahiblərinin ödəyəcəyi sığorta haqlarını əhəmiyyətli dərəcədə artıracaq. 1 oktyabr 2022-ci ildən tətbiqi nəzərdə tutulan bu qayda sığorta haqları üçün yeni meyarlar (əmsallar) nəzərdə tutur: sürücünün yaşı, sürücülük təcrübəsi, avtomobilin qeydiyyat yeri (daha çox istifadə olunduğu ərazi), avtomobilin yaşı, istifadəçi sayı. Bundan başqa, bonus-malus sinifləri üzrə də dəyişiklik var.

Hüquqi şəxslərin ödəyəcəyi sığorta haqqı daha çox artır (əvvəlki 1,2 əmsalı əvəzinə 1,4 əmsalı tətbiq olunur)". 

"Şübhəsiz ki, sığorta haqlarının belə artırılması sığorta təminatının (sığorta ödənişinin) da artması ilə tamamlanmalıdır. Ona görə də, ümid edirəm ki, Milli Məclis payız sessiyasında sığorta təminatının da artırılmasını həyata keçirər", - deyə ekspert bildirib.

0.19766998291016