Üçüncü dünya müharibəsinin astanasında: “İş nüvə silahına qədər gedib çıxar” – Sinan Oğan

 

Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi yaşanır, digər tərəfdə Serbiya-Kosovo və ABŞ-Çin arasında gərginlik hökm sürür. İqtisadi böhranın yaşandığı vaxtda üçüncü dünya müharibəsi alovlana bilər?

“Üçüncü dünya müharibəsi olmayacaq, çünki böyük güclər heç vaxt birbaşa özləri müharibə etmirlər. Həmişə özlərinə yaxın terrorçu qrupları və ya kiçik dövlətləri müharibəyə sövq edirlər”.

Demokratikmusavat.com xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyənin sabiq millət vəkili, siyasətçi Sinan Oğan deyib. O, Rusiya-Ukrayna, Serbiya-Kosovo, ABŞ-Çin gərginliyinin lokal olaraq qalacağını bildirib:

“Rusiya-Ukrayna gərginliyi artıq müharibəyə çevrilib. Serbiya və Kosovo arasındakı gərginlik də məlumdur. Hər nə qədər müharibəyə çevrilməmiş olsa da, münasibətlərdə belə bir potensial var. Çünki Serbiyanın Kosovonun müstəqilliyini tanımaq istəməməsi, onun öz tərkib hissəsi olduğunu iddia etməsi bir münaqişə riski daşıyır. Digər tərəfdən isə bir neçə gündür, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri müzakirə edilir. Əslində, bu xüsusi bir səfər deyil, Uzaq Şərq ziyarəti çərçivəsində həyata keçirilib. Özü də Ağ Evlə razılaşdırılaraq gerçəkləşmədiyi iddia edilir. Çünki orada hökumətlə Konqres fərqli səlahiyyətlərə malikdir və heç kim bir-birinin işinə qarışmır. Bütün bu proseslər bir araya gəldikdə təbii olaraq, “üçüncü dünya müharibəsi riski varmı?” sualı ortaya çıxır ki, əvvəldə də qeyd etdiyim kimi, belə bir ehtimal yoxdur”.

Həmsöhbətimiz Çin siyasətini düzgün analiz etməli olduğumuzu söyləyib:

“Çin uzaqgörən siyasət həyata keçirir, Rusiya kimi qəfil reaksiya verib müharibəyə başlaması gözlənilən deyil. Çin ancaq özü üçün əlverişli şərait yarandıqda lazımi cavabı verən ölkədir. Ona görə onun təlimlər aparması, güc göstərişi etməsi bu işi savaşa aparacağı mənasına gəlmir. Lakin bundan sonra Çinin Tayvan üzərində təzyiqləri artacaq. Proseslərə belə yanaşmamın səbəbi odur ki, ABŞ-Çin müharibəsi üçüncü dünya müharibəsi demək olar və onun da qalibi olmaz. Çünki böyük dövlətlərin müharibəsi də böyük olar. İş nüvə silahlarına qədər gedib çıxar”.

0.1466429233551