Son günlərdə Ermənistan ordusunun davamlı olaraq atəşkəs rejimini pozması nəticəsində Ermənistan -Azərbaycan sərhədində vəziyyətin yenidən gərginləşməsi müşahidə edilməkdədir. Sərhəddə vəziyyətin gərginləşməsi isə birbaşa İrəvanın maraqlarına xidmət edir.
İrəvan əlindəki bütün kartlardan isitfadə etməklə status-kvonu qoruyub saxlamağa və sülh sazişini bacardıqca uzatmağa çalışır.
- Birincisi, vəziyyəti gərginləşdirməklə 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya bəyanatında əksini tapan müddəaların, həmçinin ondan sonra istər Rusiyanın, istərsə də Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi istiqamətində əldə edilmiş razılaşmaları icra etməkdən boyun qaçırıb, özləri üçün əlverişli geosiyasi şərait yarananadək mövcud status-kvonu uzatmağa nail olmaq istəyir. Son vaxtlar Ermənistan rəsmilərinin sülh sazişinə hazır olduqları barədə verdikləri bəyanatlar da buna xidmət edir. Çünki verilən bəyanatlar boş söz çoxluğunu xatırladır, hər hansı konkret əmələ əsaslanmır. Bu daha çox özlərini “sülhpərvər” görüntüsü yaratmağa xidmət edir.
- İkincisi, liderlərin gözlənilən növbəti görüşü zamanı danışıqlarda özləri üçün hansısa imkanlar əldə etməyə çalışır.
- Üçüncüsü, sərhəddə gərginliklə müxtəlif güclərin diqqətini bölgəyə cəlb etmək və bu yolla maraqlarını təmin etməyi düşünürlər. Ermənistan avqustun 5-də Soçidə baş tutacaq Ərdoğan-Putin görüşündən çox ciddi narahatlıq keçirir.
- Dördüncüsü, daxili auditoriyaya hesablanmış addımdır. Bu yolla Paşinyan hakimiyyəti daxildəki narazılığı sərhəddəki vəziyyətə yönəltməyə çalışır.
- Beşincisi, İrəvan vəziyyəti gərginləşdirməklə hər vasitə ilə Zəngəzur dəhlizinin reallaşmasını uzatmaq və buna mane olmaq niyyətindədir.
Amma İrəvan onu da hesablamır ki, vaxt və dünyada baş verən qlobal geosiyasi proseslər elə sürətlə inkişaf edir ki, bu proseslər də onların ziyanına işləyir. Çünki siyasətdə geosiyasi və geoiqtisadi gedən proseslərə uyğun mövqeyini müəyyən edib maraqlarına uyğun cəsarətli addım atmaq və zamanlama çox önəmlidir. İrəvanın əlindəki təsirli rola malik olmayan kartları itirmək istəməməsi, nəticədə Ermənistan dövlətçiyi üçün daha təhlükəli bir vəziyyətə yol aça bilər. Vaxtında belə addım atılmazsa, o zaman təhlükə və uğrusuzluqlar qaçılmazdır. Ermənistanın bu gün qlobal geosiyasi proseslərdə bir-birinə zidd qüvvələr arasında “oyun oynaması” nəticə etibarı ilə öz başlarında çatlayacaq. İrəvanın bu “oyun”undan qazanan Ermənistan yox, daha çox ondan istifadə edənlər qazanıb və gələcəkdə də onlar qazanacaq. Uduzan tərəf isə hər zaman olduğu kimi Ermənistan olacaq. İrəvanın destruktiv siyasəti isə Azərbaycanı məsələnin sərt metod və taktikalarla həllinə sövq edir. Azərbaycan məsələnin istənilən sərt metodlarla həll etmək qüdrətinə malik olsa da, danışıqlar yolu ilə həllinə üstünlük verir. Sərt metodlara isə ən sonuncu variant kimi baxır. Əgər İrəvan yenə də vaxt qazanmaq istiqamətində siyasətini davam etdirərsə, Azərbaycanı sərt metodlara əl atmaq məcburiyyəti qarşısında buraxacaq. Bu da nəticə etibarı ilə bölgədə yeni xəritə dəyişikliyinə gətirib çıxaracaq. Və bu isə istisna deyil. Bununla təkcə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı erməni quldurlardan azad edilməyəcək, müharibənin yekunu olaraq kapitulyasiya şərtlərinə əsasən kompensasiya olaraq Qərbi Zəngəzur da Azərbaycanın tərkib hissəsi ola bilər.
Mürtəza
Demokratikmusavat.com