Azərbaycan Elm və Təhsil naziri kim olacaq?

 

Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin ləğv edilərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlı yeni qurumun yaradılması ölkə gündəminin bir nömrəli məsələsinə çevrildi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan bir çox strukturun yeni nazirliyin balansına verilməsi müzakirələrə rəng qatdı. Hazırda təhsil icitmaiyyətini və ölkədə baş verən hadisələrə biganə qalmayan fəal kəsimi ən çox bu sual maraqlandırır: Yeni nazir kim olacaq?

Yenisabah.az sualın cavabını tapmaq üçün hakimiyyətdəki etibarlı mənbələrlə ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, yeni yaradılmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə rəhbərlik etmək üçün bir neçə tanınmış şəxsin şansı var.

Mənbə bu sırada birinci yerdə indiki nazir Emin Əmrullayevın adını çəkib. Onun sözlərinə görə gənc nazir idarəçilikdə zəngin təcrübəyə malik olmasa da, səmimi jestləri ilə təhsil ictimaiyyətinin, o cümlədən cəmiyyətin müəyyən kəsiminin etimadını qazana bilib. Azərbaycan hakimiyyətində gəncləşmə siyasətinin sürətlə davam etdiyi bir vaxtda Emin Əmrullayevin öz postunu qoruması daha məntiqli görünür.

Məlumatlı şəxs ölkədə kifayət qədər tanınmış iki rektorun da yeni yaradılan nazirliyə rəhbərlik edə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ölkə başçısının dünənki fərmanı ilə super nazirliyə çevrilən yeni qurumun başına daha təcrübəli və "dişli” bir adamın gətirilməsi mümkündür.

Mənbə bu posta şanslı namizədlər sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun adını çəkib. Onun sözlərinə görə, Azərbaycan Turizm Universitetinə rəhbərlik etdiyi ilk gündən rüşvət və korrupsiyaya qarşı apardığı mübarizə ilə ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacaran C.Cəfərov yaxın günlərdə E.Əmrullayevi əvəz edə bilər. Rektorun analoji fəaliyyətini ADPU-da da davam etdirməsi onun şansını bir qədər də artırır.

Yeni yaradılmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə rəhbərlik etmə şansı olan üçüncü namizəd isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Hələ sovet dövründən rüşvət və korrupsiya yuvası kimi tanınan İqtisad Universitetində apardığı islahatlarla ölkənin təhsil ictimaiyyətinin rəğbətini qazanan Ə.Muradovun E.Əmrullayevi əvəzləmək ehtimalı var. UNEC-in beynəlxalq reytinq sorğularında Azərbaycan universitetləri arasında hər zaman ön sıralarda olması rektorun "əlini gücləndirən” faktor kimi qiymətləndirilir.

Sonda mənbə yeni yaradılmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə sürpriz bir ismin rəhbərlik edə biləcəyini də istisna etməyib.

"Demokratikmusavat.com"

 

0.13079285621643