Sərdar Cəlaloğlu: “Rusiya dövlətinin maraqlarında, eləcə də rus idarəçilərin beynində müsəlman-türk xalqlarına qarşı tarix boyu düşmənçilik hissi yaranıb və formalaşıb”
“Moskva artıq imperiya ambisiyalarını həyata keçirmək iqtidarında deyil”
“Azərbaycanın Türkiyə ilə sıx ittifaqa girməsi bizi regional güc səviyyəsinə qaldırıb”
Son günlər həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm də rus sülhməramlıların nəzarəti altında olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin təxribatları özünü açıq şəkildə büruzə verir. Məqsəd təxribatlar yaratmaqla Azərbaycan və Ermənistan arasında mövcud olan problemlərin birdəfəlik həllinə mane olmaq, üçtərəfli sazişin əməl olunmayan müddəalarının həyata keçirilməsini mümkün qədər gecikdirməkdir. Belə görünür ki, erməni təxribatları Rusiyanın da maraqlarına tam uyğundur.
“AzPolitika.info” Rusiya-Azərbaycan münasibətlərinin indiki mərhələsini və perspektivini Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.
- Sərdar bəy, 44 günlük müharibənin 2 ilinin tamamına bir neçə ay qalır. Buna baxmayaraq, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşmanın bəzi bəndləri hələ də yerinə yetirilməyib. Bu kontekstdə Rusiya-Azərbaycan münasibətlərini necə şərh etmək olar?
- Mən bunu Rusiya-Azərbaycan münasibətlərində gizlində yaşanan gərginlik kimi dəyərləndirirəm. Faktiki olaraq, üzdə diplomatik dillə hər şeyin yaxşı olduğu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin qaydasında olması ifadə edilsə də, alt qatda gizli gərginlik inkişaf etməkdə və qarşıdurma vəziyyətinə gəlib çıxmaqdadır. Bunu Azərbayan Prezidentinin son açıqlamaları da göstərir. Eləcə də Azərbaycan ordusunun rus sülhməramlıların karvanında qanunsuz silahlar aşkar edərək, onları geri qaytarması faktı da sübut edir ki, artıq Azərbaycan Xankəndi iqtisadi zonasında üçtərəfli bəyanata zidd fəaliyyətlə barışmaq niyyətində deyil. Addım-addım öz ərazisində öz suverenliyini bərpa etmək istiqamətində müəyyən addımlar atmağa hazırlaşır.
- Azərbaycan Prezidenti də məlum çıxışında Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinin verdiyi sözə əməl etmədiyini bildirib, bir növ xəbərdarlıq edib...
- Ümumiyyətlə, Azərbaycan rəhbərlərinin Rusiya, həmçinin Rusiya rəhbərlərinin Azərbaycanla bağlı verdiyi bəyanatları, eləcə də Rusiya-Ermənistan, Rusiya-Azərbaycan əlaqələrini təhlil etdikdən sonra belə qənaətə gəlirəm ki, Rusiya ilə Azərbaycan arasında gizli gərginlik artmaqdadır. Məsələn, bir tərəfdən
Avropa Birliyi(AB) Rusiyaya qarşı sanksiyalar tətbiq edir, digər tərəfdən Rusiyanın Avropadakı bazarının yerini Azərbaycan doldurur. Bunun özü Rusiyaya qarşı sanksiyaların davamlı olması üçün vacib şərtdir. Bu da sözsüz ki, Rusiyanı qıcıqlandırmaya bilməz.
- Azərbaycanın Avropaya qaz nəqli yeni məsələ deyil. İllərdir ki, Avropa ölkələrinə qaz satırıq. Digər tərəfdən, qaz bazarda satılırsa və ən böyük bazar da Avropadırsa, ABŞ, Qətər və ya Norveç kimi Azərbaycan da öz malını sata bilməzmi?
- Bəli, bazardır, amma bazarda monopoliya, maraqlar, klassik satıcı və alıcılar var. Hətta gündəlik həyatda bir alverçi digərinin müştərisini əlindən alanda böyük dava düşür. Bu da iri miqyasda birinin digərinin əlindən müştərisini alması deməkdir. Avropa uzun müddət Rusiya qazından asılı olub. Bunu aradan qaldırmaq mümkün olacaqsa, deməli, Rusiyaya qarşı sanksiyalar da uzanacaq. Dolayısı yolla bu da Rusiyanın maraqlarına ziddir.
- Amma Azərbaycan əslində, böyük qaz ixraçatçısı deyil. Rusiya Avropaya ildə 150-200 milyard kubmetr qaz tədarük etdiyi halda, biz onun 20 faizini belə əvəzləmirik...
- Avropa Rusiyanın yerini təkcə Azərbaycanla doldurmur. Rusiyanın yerini həm də Yaxın Şərq ölkələrindən aldığı qaz və neftlə doldurmağa çalışır. Azərbaycanın ildə 20 milyard kubmetr qaz ixrac etməsi layihəsi əslində, bizim üçün nəhəng işdir. Bəli, bu, Avropa üçün böyük qaz tədarükü sayılmaya bilər, amma yenə də əhəmiyyətlidir. Əgər əhəmiyyətli olmasaydı, ilin-günün bu vaxtı gəlib Azərbaycanla memorandum imzalamazdılar.
- İndiki şərtlər altında Rusiya Azərbaycandan nə istəyir?
- Rusiyanın Ukrayna ilə müharibədən qabaq Azərbaycandan istədikləri ilə indi istədikləri məncə, bir qədər fərqlənir. Müharibədən əvvəl o, Azərbaycanı öz təsir dairəsinə salmaq, iqtisadiyyatına nəzarət etmək istəyirdi. Rusiya siyasi həyatımıza, xarici siyasətimizə müəyyən qədər nəzarət edirdi, amma iqtisadi siyasətimizə nəzarət etmirdi. Müharibə başlayandan sonra Rusiya artıq Azərbaycanın yalnız ona qarşı olan koalisiyada yer tutmamasında, Rusiyanın indiki rəqibləri ilə əlaqə qurmamasında maraqlıdır. Yəni, Rusiya artıq imperiya ambisiyalarını həyata keçirmək iqtidarında deyil.
- Bəs, yaxın gələcəyi necə proqnoz edirsiniz? -Əgər, Ukrayna-Rusiya müharibəsi Rusiyanın ziyanına başa çatacaqsa, bu zaman dünyada tamamilə başqa bir mənzərə yaranacaq. Birinci variantda keçmiş sovet respublikaları real müstəqillik əldə edəcək, Avropaya inteqrasiya şansı açılacaq, eləcə də Türk Dövlətləri Birliyi daha da möhkəmlənəcək və beynəlxalq nüfuza malik olacaq. Rusiya qalib gələcəyi təqdirdə isə Putin imperiya maraqlarını daha eybəcər şəkildə həyata keçirməyə cəhd göstərəcək ki, bu da yeni konfliktlərin meydana çıxmasına səbəb olacaq.
- O zaman müharibə ilə bağlı proqnozunuz necədir?
- Mənə elə gəlir ki, bu müharibədə Rusiya uduzacaq. Rusiyanın qalib gəlmək şansı yoxdur. Bu gün Rusiyanın Ukraynaya hücum etməsi, ərazi tutması, öz rejimini qurması mahiyyət etibarı ilə beynəlxalq hüququn əsaslarını sarsıtmağa yönəlib və bu, bütün dünya dövlətlərinə təsir edir. Məsələn, adicə Ukrayna taxılının dünya bazarlarına çıxarılmaması dünyada aclıq təhlükəsi yaradır. Eləcə də digər addımlar dünyanın idarə olunmasında, iqtisadiyyatında çox pis vəziyyətlər yaradır. Ona görə də dünya Rusiyaya qarşı birləşib. Burada Rusiyanın bütövlükdə dünyaya qalib gəlmək şansı yoxdur, ola da bilməz. Hazırda Ukraynada baş verən hadisələr də göstərir ki, Rusiyanın Ukraynada irəliləməsi müvəqqəti xarakter daşıyır və tezliklə Rusiya öz sərhədlərinə doğru geri çəkilməyə başlayacaq. Rusiyanın bu müharibədə məğlub olmasını hazırda rus liderlərinin danışıq ritorikasından da görürük. Əvvəllər Ukraynaya öz şərtlərini diqtə edən, yeridən Rusiya bu gün Ukraynaya az qala yalvaran dildən istifadə edir. İndi biz Ukraynanın danışıqlardan yayınmasından şikayət edən Rusiyanı görürük. Halbuki, müharibə başlayanda Ukrayna danışıqlar istədiyi halda Rusiya özünü yüksək tutur, danışıqlara razılıq vermirdi. Buna görə də danışıqlar ağır şərtlərlə başlandı. İndi isə Ukrayna danışıqlarda maraqlı deyil. Bu da onu göstərir ki, cəbhədə vəziyyət Ukraynanın xeyrinədir.
- Bizim Qarabağda problemimiz var, müəyyən ərazimiz hələ də suverenliyimiz altında deyil. Rusiya bu məsələdə bizim maraqlarımızı gözləyə və beləcə də Azərbaycan-Rusiya münasibətləri birdəfəlik pozitiv reysə otura bilərmi?
-Bu, qətiyyən mümkün deyil. Əvvəla, Rusiya bölgədə bizə düşməndir. Ona görə də, Rusiya-Azərbaycan münasibətlərində heç vaxt səmimi əlaqələrdən danışmaq olmaz. Məsələn, zamanında Rusiya Azərbaycanı işğal edəndə kimlərsə deyirdi ki, Azərbaycanın gələcəyi Rusiya ilə birlikdədir. Belə konyuktur ifadələrlə deyə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri yaxşıdır. Amma Rusiya dövlətinin maraqlarında, eləcə də rus idarəçilərin beynində müsəlman-türk xalqlarına qarşı tarix boyu düşmənçilik hissi yaranıb və formalaşıb. Ona görə də onlar heç vaxt bizə münasibətdə səmimi olmayacaqlar. Onların ən yaxşı halda bir nömrəli dostları ermənilər, sonra gürcülər ola bilər.
Digər tərəfdən, Rusiyanın Qarabağ məsələsindən geri çəkilməsi Azərbaycana
qarşı düşmənçilik siyasətinin daha da güclənməsinə gətirib çıxaracaq. Rusiya Qarabağda özünə baza qurmaq hüququ əldə etmək istəyir. Qarabağdan çıxacaqları təqdirdə isə Moskva açıq-aydın Azərbaycana düşmən olacaq.
- Deməli, yaxın dövrdə ancaq gərginlik gözləyirsiniz?
- Bu, təkcə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri ilə bağlı məsələ deyil. Qlobal siyasətdə nə qədər ki kataklizmlər davam edir, qlobal iqtisadi böhran aradan qalxmayıb, qlobal siyasi böhran dərinləşəcək. Sabah Asiyada və ya başqa nöqtədə belə hallar yaşana bilər. Yəni, qlobal siyasətdə stabillik olmadığından regional siyasətdə də stabillik yoxdur. Regional siyasətdə stabillik olmadığı təqdirdə milli siyasətdə də tarazlıq ola bilməz. Bu baxımdan ikitərəfli münasibətlər o zaman sabitləşər ki, regional siyasət sabitləşsin. Bunun üçünsə qlobal siyasətdə sabitlik olmalıdır.
- Qlobal siyasətdə və iqtisadiyyatda kataklizmlər davam etdiyi dövrdə Azərbaycanın yeri hardadır, rolu nədir, biz kiminlə bir yerdəyik?
- Çox maraqlıdır ki, Azərbaycan fiziki parametrlərinə uyğun olmayan siyasi ölçü əldə edib. Faktiki olaraq, Azərbaycanın siyasi çəkisi ilə onun fiziki çəkisi arasında böyük fərq var. Azərbaycan 10 milyon əhalisi və kiçik ərazisi olan ölkə olsa da, bu gün dünya siyasətində tərəf müqabilləri ABŞ, Avropa Birliyi, Rusiya və Çindir. Baxın, Azərbaycan Avropa Birliyi ilə müqavilə bağladı. Artıq Avropa Birliyinin 30 üzv dövləti faktiki bizimlə tərəf müqabilidir. Eləcə də ABŞ-Azərbaycan əlaqələri digər qonşu dövlətlərlə müqayisədə sanki iki böyük dövlət arasında olan münasibətlər kimidir. Üstəlik, Azərbaycanın Türkiyə ilə sıx ittifaqa girməsi bizi regional güc səviyyəsinə qaldırıb. Azərbaycana münasibət həm də Türkiyəyə münasibətlə bağlıdır.
- Amma Türkiyə son bir ildə Rusiya ilə çox yaxın münasibətlər qurub...
-Rusiyanın Türkiyə ilə münasibəti “mehriban düşmən” münasibətidir. Hər ikisi ortaq çıxarları olan nöqtələrdə əməkdaşlıq edir, amma Suriyada müahribə aparırlar, Ukraynada qarşıdurma vəziyyətindədirlər. Rusiya Türkiyə ilə münasibətdə heç də bütün sahələr üzrə dostluq və əməkdaşlıq xəttini tutmayıb. Bu baxımdan düşünmürəm ki, onlar yaxın münasibət qurublar.
Qarabağ məsələsinə gəldikdə Türkiyə ilə Rusiya arasında böyük ziddiyyətlər var. Eləcə də Ukrayna, Gürcüstan, Suriya, Liviya və İraq məsələsində ziddiyyətlər mövcuddur. Ona görə də, onların uzlaşan nöqtələrinin sayı uzlaşmayan nöqtələrindən azdır.
Məsələn, Qarabağ məsələsində Türkiyə rus qoşunlarının buradan çıxarılmasını istəyir, amma Rusiya çıxmaq istəmir. Türkiyə Azərbaycanın istənilən ərazisində özünün hərbi fəaliyyətini qurmaq istəyir, lakin Rusiya buna qarşıdır. Burada Türkiyənin bir sıra maraqlarının reallaşmasına Rusiya mane olur.
Rasim Əliyev