Qədim sənəd və kitablar,eksponatlar gizli şəkildə AMEA-dan mənzillərə daşımağa başlayıblar-Araz Qurbanov

 

XATIRLATMA: 1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınmışdır.

Müəyyən edilmişdir ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan «alim» Bakıya gələrək akademiyanın kitabxanasında «elmi araşdırmalar» aparmağa başlamışdır.

Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalmışdır) kitabın fondan çıxarılmasına nail olmuşdur.

Oğru ifşa edilmiş, yaşadığı mənzildən həmin nadir kitablar götürülmüşdür. «Alim» bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdir.

Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın Cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi.

Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: «Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır»…

Bu hadisəni əbəs yerə xatırlatmıram. Dünən də, bu gün də erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq. Tədqiqatçılar yaxşı bilir:

"kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır".

Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…
Bu gün AMEA-ın gələcək taleyi ilə bağlı bir çox fikirlər, ehtimallar dolaşmaqdadır. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqqında fikir yürütməkdən uzağam.

Çünki əlimdə tutarlı fakt yoxdur. Amma bu günlərdə müəyyən etdiyim bir arzuolunmaz proses məni çox narahat etdi. Bəri başdan deyim ki, yazdıqlarım hər hansı bir «kampaniyanın» tərkib hissəsi də deyildir.

Belə ki, akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlamışlar.

Mən əminəm ki, AMEA-ın rəhbərliyi və əlaqədar dövlət strukturları bu vandalizmin qarşısını almaq üçün ciddi tədbirlər görəcəklər.

0.1354968547821