Bu gün Əməkdar artist Əli Haqverdiyevin doğum günüdür. "Demokratikmusavat.com" onun haqqında maraqlı faktları təqdim edir.
Əli Həsən oğlu Haqverdiyev 1939-cu il iyulun 29-da İçərişəhərdə rəssam ailəsində dünyaya göz açıb. Əli Haqverdiyevin atası Həsən Haqverdiyev əslən Güney Azərbaycanın Mamağan şəhərindən olub. Onun ailəsi əvvəlcə Güneydən İrəvan şəhərinə, ordan Gəncəyə, daha sonra da Bakıya köçür.
***
Anası Güllü Mustafayeva isə əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra Güllü xanımın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olur. Onun anası Nabat xanım Seyid Əzim Şirvaninin nəslindən olub.
Həsən Haqverdiyevlə Güllü Mustafayeva elə Rəssamlıq Texnikumunda tanış olub 1938-ci ildə ailə qururlar. Bir il sonra - 1939-da doğulan Əli Haqverdiyevlər ailəsinin ilk övladı idi.
***
Rəssam Həsən Haqverdiyevin ilk övladı Əli altı aylıq olanda 1940-cı ildə onu hərbi xidmətə çağırırlar. Həsən Haqverdiyev İkinci Dünya Müharibəsinə yollanır. 1942-ci ildə onu orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxırlar. Məzuniyyətdən cəbhəyə qayıdandan az sonra almanlara əsir düşür. Bir müddət Berlində Məhəmməd Əmin Rəsulzadənin yanında “Azərbaycan” qəzetində rəssam olaraq çalışır. Müharibədən sonra əsirlikdən qayıdır və iki uşaq atası olan gəns rəssamı “xalq düşməni” kimi Sibirə sürgün edirlər.
***
Həmin vaxtlar Güllü Mustafayeva “xalq düşməni”nin arvadı olduğundan təzyiqlərə məruz qalır, heç yerdə iş tapa bilmir. 1947-ci ildə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portretini çəkir və aldığı qonorarla Sibirə ərini görməyə gedir. Sibirdə Həsən Haqverdiyev Güllü Mustafayevaya deyir ki, “get, məndən rəsmən boşan ki, sənə yaşamağa və işləməyə imkan versinlər”. Güllü Mustafayeva da Bakıya qayıdıb sənəd-sübutla rəsmən boşanır. Və beləcə, təzyiqlərdən canını qurtara bilir.
O zamanlar Stalinin qəzəbinə tuş gələn “xalq düşmənləri”nin Sibirdən geri qayıdacağına çoxları inanmır. Sibirə sürgün olunanlar acından, soyuqdan ya da xəstəlikdən ölürlər. Həsən Haqverdiyevdən rəsmən boşanan iki azyaşlı uşaq anası olan Güllü Mustafayeva qardaşının məsləhəti ilə 1949-cu ildə gənc rəssam Nəcəfqulu İsmayılovla ailə qurur. Güllü Mustafayeva Nəcəfqulu İsmayılovla evli olduğu müddətdə daha iki qızı dünyaya gəlib.
***
1953-cü ildə heç kimin gözləmədiyi halda Həsən Haqverdiyev Sibir sürgünündən evə qayıdır. O, arvadının ikinci dəfə ərə getdiyini biləndə çox məyus olur. Bu hadisə hər iki ailədə narahatlıq yaradır. Amma artıq onlar bir daha birlikdə ola bilmirlər.
Həsən Haqverdiyev də ikinci dəfə ailə qurmağa məcbur olur və bu evlilikdən 4 övladı dünyaya gəlir. Bununla belə, o, analarının yanında qalan birinci evliliyindən olan oğlu Əli və qızı Zemfiraya da həyan olur.
***
Ata-anasının rəssam olması Əli Haqverdiyevə də sirayət edir və o da uşaq yaşlarından bu sənətə böyük həvəs göstərir. Elə bu həvəslə də 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olur.
Əli Haqverdiyev 1958-ci ildə Rəssamlıq məktəbində oxuyanda maraqlı bir hadisə baş verir. Müəllimləri onun həm də gözəl səsə sahib olduğunu kəşf edirlər. Bu istedadın itib batmaması üçün gənc Əlini Asəf Zeynallı adına Musiqi məktəbinə göndərirlər. Hər iki texnikumun rəhbərliyi belə bir qərara gəlir ki, Əli Haqverdiyevə eyni vaxtda iki məktəbdə oxumağa imkan yaratsınlar. Beləcə o, həm Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, həm də Asəf Zeynallı adına Musiqi məktəbində təhsil alır.
***
1961-ci ildə isə Əli Haqeverdiyev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur. Burada tanınmış sənətkarlar Bülbül və Şövkət Məmmədovadan dərs alır. Həmin vaxtlar gözəl avazı ilə o zamanlar Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbəri olan maestro Niyazinin diqqətini cəlb edir. Niyazi onu teatra işə qəbul edir. Əli Haqverdiyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. O, bir müddət Leninqrad Kiçik Opera Teatrında təcrübə də keçir və daha da püxtələşir.
Əli Haqverdiyev hərtərəfli istedada malik olub. O, Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Opera və Balet Teatrında çalışmaqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim işləyib. O, geniş konsert proqramları ilə çıxış edərək Çaykovski, Musorçeki, Şuman və başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edib. Keçmiş SSRİ məkanında dəfələrlə onun yaradıcılıq gecələri keçirilib.
***
Opera və Balet Teatrının səhnəsində bir-birindən fərqli rollar oynayan Əli Haqverdiyev Üzeyir Hacıbəyovun "Koroğlu” və "Leyli və Məcnun” operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib, "Arşın mal alan” komediyasında Soltan bəyin partiyasını oxuyub. "Faust" tamaşasında Mefistofel, "Otello"da Yaqo obrazlarını yaradıb. Kinoda "Uzun ömrün akkordları”, "Şir evdən getdi”, "Dədə Qorqud”, “Özgə ömür” filmlərinə çəkilib.
***
Kinoda Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud” filmindəki Yalıncıq obrazı olsa da, deyilənə görə özü həmin rola çəkilməyinə peşman olub. Bunu aktyorun bacısı da xatirələrində təsdiqləyib: "O filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da qardaşıma pis təsir edirdi”.
Əli Haqverdiyev iki dəfə evlənib. Birinci ailəsindən övladı olmadığı üçün 1990-cı ildə ikinci dəfə ailə qurur. Bu evliliyindən Fərhad adlı oğlu dünyaya gəlir. Rumıniyada rəssamlıq təhsili alan Fərhad da rəssam kimi fəaliyyət göstərir.
***
1992-ci il sentyabrın 14-də Əli Haqverdiyevi tok vurur və o, elə hadisə baş verən yerdə dünyasını dəyişir. Bacısı Zemfira Qafarova müsahibələrinin birində bu haqda deyir:
“Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Əli də sentyabrda həftəsonu bağa gəlmişdi. Axşamdan yağış yağmışdı. Ayın 14-də Əli səhər tezdən dedi ki, gedib dənizdə çimmək istəyir. O, üzməyi gözəl bacarırdı. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, o, heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qumun üstünə yüksək gərginlikli elektrik xətti qırılıb düşübmüş. Əli ayağını həmin yerə basan kimi tok vurmuş, yerindəcə qalmışdı. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam şəkər xəstəliyi tapdı, 1994-cü ildə o da bu dünyadan getdi”.