Gözləntilərə uyğun olaraq, dünən axşam saatlarında ABŞ-ın Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini 0,75 faiz bəndi artırdı. Bu qərarın ardından kriptovalyuta bazarlarında böyük aktivlik müşahidə olundu.
"Demokratikmusavat.com" xəbər verir ki, qərardan bir qədər əvvəl 21,644 min dollara ticarət olunan bitkoin qərardan sonra 22,958 min dollara yüksəldi.
Bu gün səhər saatlarında isə bitkoinin dəyəri 9,5% artaraq 23,250 min dollara satılıb.
"Ethereum" analoji olaraq 13,4% bahalaşaraq 1644 dollar olub. Bazar dəyərinə görə ilk 10 kriptovalyutadan biri olan "Binance Coin" gündəlik 6,1%, "Ripple" 6,6%, "Cardano" (ADA) 8,6%, "Solana" 8,1%, "Dogecoin" 6,7% bahalaşıb.
"Coinmarketcap" birjasının məlumatlarına görə, kriptovalyutaların ümumi bazar dəyəri son 24 saatda 84 milyard dollar artaraq 1 trilyon 60 milyard dollara çatıb.
Qeyd edək ki, analitiklər, cüzi də olsa uçot dərəcəsində 1%-lik artım ehtimalının olduğunu, bu səviyyədə artım olmadığı üçün kriptovalyutaların dəyərinin yüksəldiyini bildiriblər.
Könül
Demokratikmusavat.com