Azərbaycanda iqtisadi artım qlobal proseslərin vurduğu zərəri neytrallaşdırmaq imkanı yaradır

 

Son illər dünyadakı iqlim dəyişiklikləri və koronavirus (COVID-19) pandemiyası beynəlxalq iqtisadiyyatı ciddi təhlükələr qarşısında qoydu. Müxtəlif ölkələrdə yaşanan inflyasiya sürətlənərək qlobal xarakter aldı, ölkələrarası dəyər zəncirində qırılmalar, istehsal məsrəflərinin artması, əhali və biznesə dəstək üçün həyata keçirilən fiskal ekspansiya, həmçinin tələb və təklif arasında uyğunsuzluq inflyasiyanın əsas amillərinə çevrildi. Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflyasiyanın sürətlənməsi ilə müşahidə olunmaqla yanaşı, makroiqtisadi sabitliyə mənfi təsiretmə risklərini də artırdı.

Bu ildən Rusiya-Ukrayna arasında başlanan siyasi və hərbi münaqişə də qlobal inflyasiyanı kəskinləşdirib, xüsusən ərzaq və enerji qiymətlərinin daha da artmasına səbəb olub. Dünya Bankı son açıqlamalarında müharibə nəticəsində bu il enerji qiymətlərinin 50 %, kənd təsərrüfatı məhsullarının qiymətlərinin 20 % artacağını və bu qiymət artımlarının 2024-cü ilin sonuna qədər davam edə biləcəyini bildirib. Beynəlxalq Valyuta Fondunun hesabatlarında da müharibənin qlobal inflyasiyanı sürətləndirəcəyi, yanacaq və ərzaq qiymətlərinin sürətlə bahalaşaraq aşağı gəlirli ölkələrdəki həssas əhaliyə daha çox zərbə vuracağı qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında da ərzaq qiymətlərinin iki il bundan əvvəllə müqayisədə kəskin artdığı bildirilib. Təşkilatın baş direktoru Qu Donqyu mətbuata açıqlamasında FAO-nun Ərzaq Qiymətləri İndeksinin 2022-ci ilin martında ən yüksək səviyyəyə çatdığını deyib. O, əlavə edib ki, gübrə və yanacağın qiymətləri də ərzaq istehsalının maya dəyərinə və ümumilikdə dünyada qiymətlərin artmasına səbəb olub. Bu isə beynəlxalq səviyyədə logistik maneələr, yüksək nəqliyyat xərcləri və qlobal təchizat zəncirinin pozulması ilə özünü göstərib. FAO-nun məlumatlarında müşahidə olunan qiymət artımlarının son 30 ilin ən yüksək göstəricisi olduğu qeyd edilib.

Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün dünya bazarlarında cərəyan edən proseslərin təsiri ölkəmizdə də özünü göstərir. Ötən ilin ikinci yarısından qlobal inflyasiyanın xərc amillərinin aktivləşməsi, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymət artımı ölkəmizə idxal olunan məhsulların bahalaşmasında öz əksini tapıb. Bu isə daxili bazarda qiymət artımının əsas səbəblərindən olub. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarların­da qiymət sabitliyini təmin etmək, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaş­dırdıqları intervensiyalar da bu prosesdə əlavə yük yaradır. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başla­yıb.

Bununla belə, 2022-ci ilin ilk altı ayının nəticələri göstərir ki, Azərbaycanda ÜDM 6,2 % artıb. Ölkənin qeyri-neft iqtisadiyyatında 9,6 % artım müşahidə edilib. Aparıcı reytinq agentlikləri, dünya təşkilatları Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi templərə əsaslanaraq burada iqtisadiyyatın böyüməsi ilə bağlı proqnozlarını artırırlar. Azərbaycan bir sıra məhsulları aralıq məhsul kimi ixrac edir, ancaq onların lokallaşma potensialı öyrənilir və ayı-ayrı layihələr həyata keçirilir. Məsələn, pambıq mahlıcının ipliyə, ipliyin növbəti mərhələlərdə parçaya çevrilməsi layihələri, neft-qaz sənayesində müxtəlif növ polimer materialları, kükürd, koks və digər maddələrin istehsalı üzrə layihələr ölkənin əlavə dəyər zəncirini artırır. Təsadüfi deyil ki, ölkədə ilin birinci yarısında nəqliyyat sektorunda 27 %, turizm və ictimai iaşədə 85,8 %, informasiya və rabitə sektorunda 14,2 % əlavə dəyər artımı baş verib.

Azərbaycanda ixracyönümlü iqtisadi artım modeli uzunmüddətli dövrdə iqtisadi inkişafın strateji xəttidir. Bu baxımdan ilin ilk altı ayında ölkədə ixrac 2 dəfədən çox artıb, eyni zamanda xarici ticarət dövriyyəsi 75 % böyüyüb. Xarici ticarət balansının müsbət saldosu 12,1 milyard ABŞ dolları olub. Azərbaycanın ixrac strategiyası bir neçə istiqaməti nəzərdə tutur. Bunlardan birincisi coğrafiyanın diversifikasiyası, ikincisi məhsulun diversifikasiyasıdır. İxrac sahəsində ölkədə xüsusilə qeyri-neft ixracına diqqət yetirilir. Bunun nəticəsi olaraq ölkədə qeyri-neft ixracının artımı 25 %-i üstələyib.

Bu gün Azərbaycanın iqtisadi siyasəti sənayeləşmə prosesinin dərinləşməsini ehtiva edir. Azərbaycanın bölgədə əldə etdiyi makroiqtisadi, makrofiskal, ilk növbədə siyasi sabitlik, infrastruktur təminatı və təchizatı indiyə qədər Azərbaycan bazarına daha az maraq göstərən sənayeləşmiş və ya sənayeni əsas götürən sərmayəçilərin bu bazara daxil olacaqlarını proqnozlaşdırmağa şərait yaradır. Sevindirici haldır ki, qeyri-neft-qaz sənayesində artım templəri ümumi sənaye istehsalındakı artımı 5 dəfə üstələyir. Belə ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda ümumi sənaye üzrə əlavə dəyər 2,2 %, qeyri-neft-qaz sənayesində əlavə dəyər 11 %, qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 15,2 % artıb. Ölkədə ümumi sənaye buraxılışında qeyri-neft-qaz sənayesinin xüsusi çəkisi 20,8 % təşkil edir. Eyni zamanda qeyri-neft sənaye məhsullarının ixracının qeyri-neft ixracında payı 66,3 %-dir.

Qeyri-neft sənayesinin sürətli inkişafında sənaye zonaları, aqroparklar əlverişli mexanizmdir. Ölkədə yaradılan sənaye zonaları ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açır. 2022-ci ilin 6 ayında sənaye zonalarında istehsal 52,9 %, ixrac isə 2 dəfə artıb. Aprelin 1-nə qədər sənaye zonalarına ümumilikdə sahibkarlar tərəfindən 6,4 milyard manat investisiya yatırılıb. Sənaye parklarında 10 mindən çox daimi iş yeri yaradılıb.

Aqroparkların da Azərbaycan iqtisadiyyatında rolu artır. Ölkədə artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. 32 rayon üzrə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb. Aqroparklarda ümumi 4 500-dək daimi, 6 300-dən çox isə mövsümi işçi çalışır. Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.

Ümumilikdə görülən işlər, postpandemiya və postmüharibə dövründə qeydə alınan iqtisadi artım geosiyasi və geoiqtisadi hadisələr fonunda Azərbaycana dəyən iqtisadi zərəri neytrallaşdırmağa imkan yaradır. Əlavə olaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə də Azərbaycan iqtisadiyyatı üçün yeni reallıq və əlavə imkanlar yaranıb. İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı, bu potensialın reallaşdırılması mexanizmləri, regionun ölkə iqtisadiyyatına reinteqrasiyası, Qarabağa yerli və xarici investorlarının marağının getdikcə artması gələcəkdə ölkə üzrə iqtisadi artım tempinin yüksək olacağını deməyə əsas verir.

0.15330696105957