ABŞ-IN GÜNEY QAFQAZ SİYASƏTİNİN YANLIŞLARI VƏ DOĞRULARI -Siracəddin Hacı

 

                  I YAZI

      YANLIŞ ADDIMLAR

Rusiyanın Ukraynanı işğal hərəkatının ortaya çıxardığı nəticələrdən biri də budur ki, Avropa İttifaqı, ABŞ Güney Qafqazda fəallaşıblar, bölgəni Rusiyanın təsir məkanından çıxarmağa çalışırlar. Güney Qafqazı Rusiyaya bağlayan ən önəmli məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı sıxıntılardır. ABŞ və Avropa İttifaqı düşünür ki, bu sıxıntılar həll olunsa, Rusiyanın mövqeyi zəifləyəcək, bölgə yavaş-yavaş onun təsirindən çıxacaq, Rusiyanın yasaqlardan qurtulmaq imkanı azalacaq...
ABŞ-ın hədəfi doğru olsa da, ciddi yanlış addımları var ki, məqsədin gerçəkləşməsinə imkan vermir. Sıralayaq:
- ABŞ-ın Güney Qafqaz siyasəti Ermənistan mərkəzidir. Bu, iki önəmli səbəbə bağlıdır: 1) ABŞ-da güclü erməni lobbisi var, yunan lobbisi ilə birgə hərəkət edir – türk düşmənliyi onları birləşdirir, ABŞ hakimiyyətinə təsir imkanına sahibdirlər, Baydenə güclü dəstək veriblər, ABŞ-da payızda seçkilər olacaq, Konqresin üçdə biri dəyişəcək, hakimiyyət ermənilərin dəstəyindən istifadə edir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun İrəvana səfəri Rusiyaya, İrana, Türkiyəyə, Azərbaycana mesaj olsa da, əsas səbəb seçki ilə bağlıdır. ABŞ ermənilərin dəstəyini səfərbər etmək üçün çox önəmli/təhlükəli adamı İrəvana göndərir, Ermənistana verdiyi önəmi böyütdükcə ermənilərin dəstəyi də böyüyür – Fransada seçkilər olanda prezidentliyə namizədlərdən biri ermənilərin səsini almaq üçün Xankəndinə gəlmişdi. Kəşfiyyat rəisinin gəlişinin ağırlıq mərkəzi seçki olmasa idi, o, Azərbayacana da gələrdi, qəsdən gəlmədi ki, ermənilərin mövqeyi güclənsin, etimadı qazanılsın, dəstək artsın – Xankəndinə getsə idi, ABŞ-ın Qafqaz siyasəti alt-üst olardı, ona görə də İrəvana getdi; 2) ABŞ Ermənistan hakimiyyətini özünə daha yaxın sayır, deyir ki, Paşinyanı xalq seçib, Putin onu devirməyə çalışır, devrilsə, Rusiyanın mövqeyi güclənəcək, Paşinyanın ABŞ-ın dəstəyinə ehtiyacı var;
- ABŞ-ın Güney Qafqaz siyasətinin Ermənistan mərkəzli olmasının əlamətləri bunlardır – Gürcüstanı artıq müttəfiqi sayır: 1) ABŞ deyir ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ var – dövlət statusu verilməlidir; 2) Azərbaycan işğal etdiyi – diqqət edin, işğal etdiyi - ərazilərdən çıxmalıdır; 3) ATƏT-in Minsk qrupunun fəaliyyəti bərpa olunmalıdır – bu təşkilat fəaliyyətə başlasa, edəcəyi bircə iş var: Qarabağ ermənilərinə status qazandırmaq, Fransa, Ermənistan bu qurumun fəaliyyətə başlamasını israrla tələb edirlər; 4) ABŞ Ermənistana işğalçı demir; 5) erməni əsirlər geri qaytarılmalıdır deyir, ancaq itkin düşmüş azərbaycanlılardan danışmır; 6) Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmir; 7) Bakıdakı səfirini Şuşaya göndərmir; 8) Ermənistan Azərbaycana təzminat ödəməlidir demir; 9) ermənilərin haqlarından, mədəni irsindən danışır, ancaq ermənilərin zülm etdiyi yüz minlərlə azərbaycanlıların haqlarından danışmır; 10) Birləşmiş Millətlər Təşkilatının iclaslarında Ermənistana qarşı olan qərarların qəbul olunmasına imkan vermir;
- ABŞ Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsini istəmir, anlamır, anlamaq istəmir ki, Türkiyə olmadan Rusiya ilə Güney Qafqaz uğrunda mücadiləni öz xeyrinə həll etmək imkansızdır;
- Bir anlıq düşünün: ABŞ Güney Qafqaz siyasətində ədalətli mövqe tutsa idi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, erməni quldur dəstələri Qarabağdan çıxarılmalıdır, Qarabağ erməniləri Azərbaycan vətəndaşıdırlar desə idi, nələr dəyişərdi? Ən azı Azərbaycan Rusiyanın təsir məkanında qalmalıdır deyənlərin heç bir bəhanəsi olmazdı, Azərbaycan xalqının dirəniş gücü artar, Rusiyanın ağalığından qurtulmaq imkanı əldə edərdi;
ABŞ-ın Güney Qafqazda fəaliyyətinin artmasının Azərbaycana xeyri də var...
Ardı var...

Demokratikmusavat.com

0.17560005187988