Taxıl böhranı: Yeni saziş Azərbaycana necə təsir edəcək?

 

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan saziş imzalaması buğdanın dünya bazar qiymətinə təsirsiz ötüşməyib. Saziş imzalandıqdan sonra Birləşmiş Ştatlarda fyuçers müqavilələrində buğda 3% dəyər itirərək hər buşeli üçün 786 dollara təklif olunub. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəddə 1300 dollaradək yüksəltmişdi.

Ukraynanın Qara dənizdən ixracatını bərpa etməsi taxıl böhranını aradan qaldıracaqmı? Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

"Demokratikmusavat.com" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarını gücləndirdiyini bir daha göstərir. Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir:

"Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə də, bu taxıl böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır. Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyli zəiflətdi. Xüsusən də, bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən 2 ölkə qlobal taxıl ixracatının 30%-ni formalaşdırır və onların bazardan çəkilməsi təklifə ciddi təsir göstərir".

Ölkəmizə gəlincə isə millət vəkili bildirib ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir: "Yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artıb. İdxal daha çox Qazaxıstandan həyata keçirilib. Son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər- baxmayaraq Qara Dənizdən ixrac ediləcək taxılın əsas alıcıları başqa qitələrdə yerləşirlər".

"Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da, artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir", - deyə V. Bayramov əlavə edib.

0.13947916030884