İnflyasiyada qabaqlayıcı TƏDBİRLƏR: Valyutalar bahalaşacaq - Ekspertlərin RƏYİ + FOTO

 

İnflyasiyanı önləmək üçün Avropa Mərkəzi Bankı ötən gün 2011-ci ildən bəri ilk dəfə 0.5% artıma gedib. Beləliklə, bankın depozit faizi mənfi 0,5 faizdən 0 faizə qaldırılıb.

Demokratikmusavat.com xəbər verir ki, durumu Oxu.Az-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru, maliyyə mütəxəssisi Elçin Süleymanov bunun avronun ucuzlaşmasını durdurmağa yönələn bir addım olduğunu deyib:

“Avropa Mərkəzi Bankının faiz artımına getməsi gözlənilən idi. Çünki həm avronun ucuzlaşması, həm də FED-in faiz artımı buna məcbur etdi. Avro tarixində ilk dəfə dollarla bərabərləşdi. Burada, təbii ki, koronavirus pandemiyası səbəbilə təchizat zəncirinin pozulması, nəticədə Avropa iqtisadiyyatının ciddi zərər görməsi də rol oynadı. Həmçinin Rusiya-Ukrayna müharibəsi də ən çox Avropaya təsir etdi.

323014

Sanksiyalar fonunda Rusiya Avropaya qaz ixracını dayandırdı. Təbii qazın qiyməti kifayət qədər qalxdı. Dolların yuxarı olması Avropa tarixində ciddi inflyasiya təzyiqi yaratdı. Əslində, qiymətlər, xüsusilə ərzaq məhsullarının qiyməti bütün dünyada qalxır, bu, qaçılmazdır. Amma həm inflyasiya, həm də avronun ucuzlaşması fonunda ikiqat ziyanla qarşılaşıldı”.

Ekspert mövcud qərardan sonra avronun ucuzlaşmasının qismən duracağını diqqətə çatdırıb:

“Amma qiymət artımı hələ davam edəcək, hətta müəyyən qədər də güclənəcək. Çünki bunu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu proqnozlaşdırır. Çıxış yolu kimi müharibənin yekunlaşması və iqtisadiyyatın yenidən axarına düşməsi gözlənilməlidir”.

İqtisadçı-ekspert Eyyub Kərimli isə hesab edir ki, yaxın günlərdə avronun bahalaşmasını müşahidə edəcəyik:

323013

“Hazırda Avropada inflyasiya iri templərlə davam edir, səkkiz faizi ötüb. Avronun məzənnəsinin düşməsi də iqtisadiyyata mənfi təsir göstərir. Həmçinin Rusiya-Ukrayna müharibəsinin Avropa iqtisadiyyatına mənfi təsirləri hiss olunur. Çünki 11 il fasilədən sonra Avropa Bankı faizləri mənfi 0,5-dən 0-a qaldırıb. Bu o deməkdir ki,  Avropa Bankı tüğyan edən inflyasiyayla ciddi mübarizə aparmaq kursu götürüb. Bu, Avropada istehsal edilən məhsulların qiymətinə, o cümlədən Avropa ixracat potensialına da müəyyən mənada mənfi təsir göstərə bilər. Hər an qiymət artımı müşahidə edə bilərik. Lakin buna baxmayaraq, Avropada inflyasiya ilə mübarizə üçün maliyyə siyasətində sərtləşməyə gedilməsi düzgün yoldur və qaçılmazdır”.

0.14643979072571