Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) və Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən "Kapadokiya Texnoparkı" arasında əməkdaşlıq protokolu imzalanıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə YTP məlumat yayıb.
Məlumata görə, sənədi şirkətin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və "Kapadokiya Texnoparkı"nın baş direktoru Bilgin Yazlık imzalayıb.
Protokolun əsas məqsədi iki qurum arasında davamlı əməkdaşlığın qurulması, çoxtərəfli layihələrin həyata keçirilməsi ilə qardaş ölkələr Azərbaycan və Türkiyənin texnoloji inkişafına mühüm töhfələr verməkdir.
Protokol çərçivəsində "Kapadokiya Texnoparkı" YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin fəaliyyətinin gücləndirilməsində, birgə inkubasiya proqramlarının hazırlanmasında, Türkiyədə texnoparkların inkişafı üçün dəstək proqramlarında, eləcə də Avropa İttifaqı və digər beynəlxalq təşkilatların layihə çağırışlarının reallaşdırılmasında iştirakının təmin edilməsində dəstək göstərəcək. Bundan əlavə, tərəflər innovasiya ekosisteminin inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün qısamüddətli təlim və mentorluq dəstəyinin təmin edilməsi, akademiya-sənaye əməkdaşlığının inkişafı üçün qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda yetişən sahibkarların "Kapadokiya Texnoparkı"na yönləndirilməsi və Texnoparkın Azərbaycan ekosistemi ilə tanış edilməsini təmin edəcəklər.