Rusiya ilə İran sürətlə bir-birinə yaxınlaşırlar

 

Siracəddin Hacı:

Tarixi müttəfiq olan – aralarında ciddi rəqabət, düşmənlik də olmuşdur – Rusiya ilə İran sürətlə bir-birinə yaxınlaşırlar, səbəb ehtiyac və çıxarlardır:
- Rusiyanın İrana yaxınlaşmasının səbəblərini belə sıralaya bilərəm: 1) Rusiyanın Ukraynanı işğal hərəkatı uzanır, uzanacaq, siyasi, iqtisadi, diplomatik yasaqların təsiri artdı, artır, artacaq. Avropa Rusiyadan enerji asılılığını önəmli ölçüdə azaltsa - bu məqsədlə ciddi addımlar atır – ya da imtina edə bilsə, əsas gəlirini enerji satışından qazanan Rusiya ağır zərbə alacaq. Elə buna görə də Rusiya alternativ yollar axtarır, İrana yasaqlardan qurtuluş yolu kimi baxır, rus qazını İran vasitəsilə Şərq ölkələrinə satmağı düşünür; 2) Rusiya üçün İran ticarət yoludur; 3) təklənmiş Rusiya İranı siyasi müttəfiq kimi dəyərləndirir; 4) Rusiya Avropanın İranla danışıq apardığını bilir, İranın Xarici İşlər naziri bir ay öncə İtaliyaya getdi, Avropanın İranın enerjisindən istifadə imkanları müzakirə olundu. İran bu addımı həm də Rusiyadan daha çox şey almaq üçün atdı. İranla Avropa anlaşsa, bu, Rusiyanın nəfəs yolunun çox daralması demək olacaq; 5) Rusiya Avropa Birliyinin Güney Qafqaza gəlməsini istəmir, bu məsələdə mövqeyi İranla yüzdə yüz üst-üstə düşür; 6) Rusiya İranla əməkdaşlığı gücləndirərək ABŞ və Avropaya deyir ki, sizin yasaqlarınızın bizə təsiri olmayacaq;
- İranın Rusiyaya yaxınlaşmasının səbəbləri bunlardır: 1) İran da yasaqların çox ciddi ziyan vurduğu dövlətdir, ölkə iqtisadiyyatının çöküşü davam edir, xalqın rejimdən narazılığı artır, elə buina görə də İran Rusiyanın iqtisadi imkanlarından istifadə etməyə çalışır; 2) İran Rusiyaya yaxınlaşaraq ona tətbiq edilən yasaqların təsirini azalda biləcəyini düşünür, Avropa, ABŞ-la Rusiya arasında manevr edir, belə ki, bu yasaqlar ləğv edilməsə, rejimi qorumaq imkansız olacaq; 3) İran əsla Rusiyanın çökməsini istəmir, Rusiya çöksə, Güney Qafqazda, Yaxın və Orta Şərqdə tarazlıq İranın ziyanına pozulacaq, Türkiyənin, ABŞ-ın, Avropanın mövqeyi güclənəcək, İran Avropa ilə qonşu olmaq istəmir, bu, totalitar molla rejiminin çökməsi anlamını daşıyır; 4) İran Zəngəzur yolunun açılmasını istəmir, bu planını da Rusiyanın əli ilə gerçəkləşdirməyə çalışır; 5) İran bilir ki, Rusiya çöksə, ya da zəifləsə, Azərbaycan güclənəcək, İrana təsir imkanı artacaq, Azərbaycanı zəiflətmək üçün istifadə etdiyi Ermənistan və Qarabağ erməniləri əlindən çıxacaq; 6) İran bilir ki, Rusiya zəifləsə, Ermənistan Türkiyənin, Azərbaycanın təsir məkanına daxil olacaq; 7) İran ABŞ-Səudiyyə Ərəbistanı birliyinə qarşı Rusiya ilə əməkdaşlığı gücləndirir, Rusiyanın Suriyadan çıxması halında onun yerini tutmağa çalışır, Rusiya ilə birlikdə xalqına soyqırımı tətbiq etmiş Bəşər Əsədi hakimiyyətdə saxlayır, Rusiya ilə birlikdə PKK, PYD terror təşkilatlarından Türkiyəyə qarşı istifadə edir, Rusiya ilə birlikdə Azərbaycana qarşı Ermənistanı dəstəkləyir;
Rusiyanın İranla yaxınlaşmasının əlamətləri bunlardır:
- Tərəflər bir-birini açıq müdafiə edirlər;
- Lavrov bir ay öncə İrana getdi, bu mesajları verdi: 1) İranın nüvə silahına sahib olmaq haqqı var, Rusiya bu məsələdə ona yardım göstərəcək; 2) İran Rusiyanın tarixi müttəfiqidir, siyasi, iqtisadi, hərbi əlaqələri gücləndirəcəyik;
- İranın Xarici İşlər naziri də Moskvaya getdi, ikili əlaqələrin önəmini vurğuladı;
- Rusiya İrandan dron almağa hazırlaşır;
- Son altı ayda Rusiya ilə İranın ticarət dövriyyəsi qırx faiz artıb;
- İranın Milli Neft Şirkəti NIOS ilə Qazprom dəyəri qırx milyard dollar olan müqavilə imzaladılar, İranın Kiş, Şimali Pars yataqları birgə istismar olunacaq, yatırımın on milyard dolları Qazproma aiddir;
- Rusiya Rəşd-Astara yolunun çəkilməsini istəyir (razılıq əldə olunub), bu yol Rusiyanın Peterburqdan Fars körfəzinə çıxışını təmin edəcək;
- Rusiya dəmir yolu xətti ilə Azərbaycandan İrana, oradan da Hindistana çıxış yolu qazanmağa çalışır;
- Rusiya İranın infrastruktur, özəlliklə, yol çəkilişi layihələrinə yatırım qoyacaq;
- Rusiya deyir ki, İranın Güney Qafqazda rolu artırılmalıdır;

- Putin bunları söyləyir: İranın dini liderinin bölgəsəl və strateji məsələlərlə bağlı fikirləri çox önəmlidir, mövqeyimiz demək olar ki, üst-üsttə düşür;
- Ukraynanı işğal məsələsində Rusiyanı gizli müdafiə edən İran ilk dəfə açıq biçimdə Rusiyaya dəstək verdi, işğala açıq biçimdə haqq qazandırdı, dini lider ağ yalan danışdı, dedi ki, Rusiya Ukraynanı işğal etməsə idi, Ukrayna Rusiyaya hücum edəcək idi;
- Rusiyanın son dönəmlərdə Azərbaycana tətbiq etdiyi aldadıcı yumşalma siyasətinin əsas səbəbi də onun İrana ehtiyacı ilə bağlıdır, belə ki, İranla bağlı planların gerçəkləşməsi üçün Azərbaycanın torpaq, hava, su yollarından, iqtisadi imkanlarından, bank sistemindən istifadəyə ehtiyac var. Azərbaycanla razılaşma hələ başa çatmayıb. Azərbaycan Rusiyanın tələblərini qəbul etsə, çox ciddi sıxıntılarla üzləşəcək;
 
 Demokratikmusavat.com

0.14142608642578