İsmayıllı rayonunda iki nəfəri avtomobillə qəsdən vuraraq xəsarət yetirməkdə təqsirli bilinən Fazil Ağamirzəyevin cinayət işi üzrə ibtidai istibtaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası avqustun 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 28-i rayon ərazisində baş verib. İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.