“Biz gördük ki, İranın Ali rəhbəri Əli Xameneinin timsalında özü də Ərdoğanla görüş davam elədiyi bir dönəmdə atılan tvit İranın həm anti-Türkiyə həm də anti-Azərbaycan mövqeyində olmasının rəsmi səviyyədə bir nümunəsidir”.
Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə tandeminin gücləndiyi bir dövrdə İranın narahatlığı başadüşüləndir:
“Əlbəttə ki, dünyanın yenidən bölünməsi fonunda, o cümlədən bu prosesin daha öncə Qarabağ müharibəsindən sonra proseslərin bu müharibəylə başlaması detalını da nəzərə alsaq, gedişatın davam etməsini də göz önündə tutsaq, İranın narahatlıqlarını başa düşə bilərik.
Məsələ ondan ibarətdir ki, bölgədə hərbi və siyasi üstünlük Azərbaycanla Türkiyənin əlindədir. Xüsusən də Qafqazda, o cümlədən İranda azərbaycanlıların çoxluq təşkil etməsi imkan verir ki, potensiala yönəlik Azərbaycan-Türkiyə tandemi gələcək güc əldə eləsin. Bir halda ki indi Rusiya ilə müharibə gedişində Avropa özünün iqtisadi, etibarlı müttəfiqi Azərbaycanı, Türkiyəni görür. Paralelində isə Azərbaycanla yanaşı, Rusiya ilə də problemlər davam etməkdədir. Uzun illərdir İran sanksiyalar altındadır. Bu münasibətlərin toqquşan nöqtələrindən biri də təbii ki, Qarabağdır. Azərbaycan torpaqlarını azad etdikdən sonra 10 noyabr razılaşmasının mühüm bir hissəsi icra olunmalı idi. Zəngəzur dəhlizi məsələsinin icrası gecikdikcə, Azərbaycan Prezidenti rəsmi şəkildə elan elədi ki, əgər icra edilmirsə, erməni tərəfi izahat versin ki, niyə icra edilmir. Biz də onların bu izahından sonra konrkert addımlar - hərbi yol və s.- ata bilərik.
Müqavilənin yerinə yetirilməsinə cavabdeh olan Moskva da buna bir ad qoymalı, izah eləməlidir ki, nə baş verir.
Əks halda, Azərbaycanın hərbi əməliyyatlara əl atma məsələsi gündəmə gəlir. Xamenei də Azərbaycan Prezidentinin hərbi iradəsinə öz aləmində cavab verir ki, bu, bizim miniklərə söykənən yolumuzun bağlanmasıdır. Yəni bu, Ermənistan və İran üçün qırmızı xətdir”.
Ə.Əlibəylinin sözlərinə görə, onlar nəzərə alırlar ki, 10 noyabr razılaşması yerinə yetirilməsə, Azərbaycan mütləq hərbi yola əl atacaq:
“İkincisi, Xamenei tarixi saxtalaşdırır, minilliklərə söykənən dövlətlərdən danışır. 1813-1828-ci illərdə bağlanan Türkmənistan və Gülüstan müqavilələrində Qacarlar dövləti ilə Çar Rusiyasının adı hallanır. İran bu tarixi də saxtalaşdırır. Məsələnin mahiyyəti də gəldi ona çıxdı ki, İranın indiki halda Ermənistana sahib olması Azərbaycan və Türkiyəsiz həm də İranın enerji ehtiyatlarını Ermənistan vasitəsilə Avropaya çıxa bilmə ehtimalına söykənən bir iş idi”.
Politoloqun sözlərinə görə, Türkiyə ilə İran arasında problemlər yaxın gələcəkdə həll olunmayacaq:
“Belə görünür ki, Suriya məsələsi üzərində razılığa gələ bilmədilər və alternativində dünən İraqda baş verən anti-Türkiyə çıxışları, o cümlədən İranın maliyyələşdirdiyi şiə hərbçi qruplarının türk hərbi bazalarına intihar hücumları göstərir ki, iki dövlət arasında çox ciddi problemlər var. Üstəlik, İsrail-Türkiyə münasibətlərinin yeni səviyyəyə çıxdığı bir dönəmdə bu problemlər yaxın gələcəkdə həll olunası deyil”.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycanla İran arasında münasibətlər Qafqazda yaranan yeni güc dinamikasına görə bir müddət soyuq olaraq qalacaq.
Billurə Yunus