Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilib.
Əmrulla Güləliyev bildirib ki, dəfələrlə Əvəz Hafizi ilə mübahisələri olub.
"Əvəz Hafizi ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı. Dedim yolundan qayıt. Yolunu azmışdı. Əxlaqsızlıq edirdi. Həmin günü də aramızda mübahisə yarandı. 2014-cü ildən bilirdim ki, əxlaqsızlıq edir. Öldürmək istəmirdim onu. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Hər dəfə deyirdim ki, nəslimizin adını batırma. O isə qulaq asmırdı. Mən əmimgildə qalırdım. Əvəz də əmimgillə bir həyətdə ayrı evdə yaşayırdı. Daimi yaşayış yerim yoxdur. Gah Savalan qəsəbəsində bibim oğlugildə, gah da Balaxanıda əmimgildə qalırdım. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu, mənim sənətimdi, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə, sonra isə evdə vurdum. Həmin vaxt özümdə deyildim. Neçə bıçaq vurdum, harasında vurdum, bilmədim. Evdə heç kim yox idi deyə səsə də gələn olmadı. Öldürdüm çıxdım. Əməlimdən peşmanam, gərək öldürməyəydim. Əvəzi öldürüb, əlmi yuyub, bıçağı da götürüb polisə getdim", - təqsirləndirilən şəxs bildirib.
Əvəz Hafizinin boyun nayihəsinin kəsilməsinə gəlincə isə təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib: "Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində, o məni söyməsəydi, öldürməyəcəkdim. Məni söydüyü üçün vurdum. Mənə dedi ki, öz işim, öz həyatımdır. Sonra da söyüş söydü. Ən əsası, küçədə, qəsəbədə gəzə bilmirdim. Hamı deyirdi ki, əmin oğlu bu yoldadır. Başımı aşağı eləmişdi dost-tanış içərisində".
Prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan olunub.
İfadədə bildirilib ki, hadisədən 3 ay əvvəl o, Əvəzi öldürmək qərarı verib. Hadisə günü o, Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib, ondan evdə kiminsə olub-olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdir, həyətdə yaşayanlar hamısı rayona gedib. Əmrulla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb, yerə yıxıb, boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq zərbəsi vuraraq onu öldürüb. Daha sonra o, polisə gedərək təslim olub.
Prosesdə ifadə verən Əvəz Hafizinin qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub.
"Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı biz qardaş kimi bilmişik. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əmrulla ilə Əvəz arasında nə mübahisə olduğunu bilmirdik. Şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur. Biz iki qardaş, bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə ona da qardaş deyirdik. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdu", -zərərçəkmiş deyib.
Məhkəməyə dəvət olunan zərərçəkmiş Əvəz Hafizinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova isə bildirib ki, rayonda eşidib ki, Əmrulla Əvəzi qətlə yetirib.
"Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Digər uşaqlardan fərqli geyinirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimlə işi yox idi. Mən səhər-səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Aralarında heç bir mübahisə olmayıb. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm. O, günahsız balamı öldürüb", - zərərçəkmiş deyib.
Əvəz Hafizinin əmisi Ceyhun Şıxməmmədov bildirib ki, qətlə yetirilən şəxslə 5 il əvvəldən münasibəti olmayıb. O deyib ki, Əvəz Hafizinin pis yolda olduğunu bildiyi üçün onunla münasibəti kəsib. Qətli isə hadisə günü rayonda eşidib.
Məhkəmədə ifadə verən Xəyal Mirzəliyev isə deyib ki, Əvəz Hafizi və Əmrulla Güləliyev onun dayısı oğlanlardır: "Hadisə vaxtı Savalan qəsəbəsindəki evimdə idim. Zəng vurdular ki, Əmrulla Əvəzi öldürüb. Bilirdim ki, Əvəz cinsi azlıq nümayəndəsidir. Amma onunla bu barədə heç bir söhbətim olmayıb", - dayısı oğlu deyib.
Prokuror bildirib ki, Əvəz Hafizinin qardaşı və anası zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Ona görə də Əvəz Hafizinin anası Cəmalə Şıxməmmədovaya oğlunun zərərçəkmişin hüquqi varisliyindən çıxarılmasını təklif edib.
C.Şıxməmmədova bunun üçün məhkəmədən vaxt istəyib.
Proses iyulun 25-də davam etdiriləcək.
Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.