Darçiaşvili: "Azərbaycan və Ermənistan dialoqunu başlatdıq”

 

“Biz tərəfdaşlarımıza, dostlarımıza dialoq aparmaları üçün dəstək ola bildik. Bu prosesdə məqsədimiz ilk növbədə, dost, qonşu dövlətlərimizin bu danışıqlar nəticəsində konkret nəticələr əldə etməsidir”.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın İctimai Televizyasına açıqlamasında deyib.

Nazir bildirib ki, əsas məqsəd regionda - Cənubi Qafqazda birgə koordinasiya və çox sıx ünsiyyət yolu ilə sülhü və təhlükəsizliyi gücləndirməkdir.

İlia Darçiaşvili bunu dünyada təhlükəsizlik arxitekturasının problemlərlə üzləşdiyi bir vaxtda region üçün önəmli adlandırıb.

XİN başçısı bu görüşün konkret nəticə ilə başa çatıb-çatmaması ilə bağlı suala cavabında bildirib ki, beynəlxalq danışıqların cəmi bir raundu fonunda həmişə konkret nəticə əldə edilmir və bu gün də oxşar hal olub:

“Lakin burada ən önəmlisi odur ki, bir presedent yaradıldı və biz iki qonşu ölkə arasında birbaşa dialoq başlatdıq. Onlar gündəmdə onları maraqlandıran və həlli xüsusi əhəmiyyət kəsb edən bütün prioritet məsələləri bir-birlərinə təqdim etdilər. Əminəm ki, bu görüş sayəsində danışıqların davam etdirilməsi üçün çox möhkəm zəmin yarandı”, - deyə İlia Darçiaşvili bildirib.

Gürcüstanın baş diplomatı Tbilisinin gələcəkdə də iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində olan konkret məsələlərin həllinə kömək etməyə hazır olacağını vurğulayıb.

0.16256785392761