Qondarma “DXR” yaraqlıları tərəfindən əsir götürülən 45 yaşlı britaniyalı humanitar işçi Pol Yuri xəstəlik səbəbindən dünyasını dəyişib.
Demokratikmusavat.com xəbər verir ki, ailəsinin Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, Pol Yuri 5 gün əvvəl dünyasını dəyişib.
Yuri aprelin 25-də Zaporojye yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində britaniyalı könüllü 22 yaşlı Dilan Hili ilə birlikdə əsir götürülüb. Qondarma “DXR”-də britaniyalı “muzdlu fəaliyyət”də ittiham olunub.
“DXR”-in insan haqları üzrə müvəkkili adlandırılan Daria Morozova sosial şəbəkədə Yurinin şəkər xəstəsi olduğunu, nəfəs alma, böyrək və ürək-damar sistemində problemləri olduğunu bildirib.
Onun sözlərinə görə, “cinayətin ağırlığına baxmayaraq” Pol Yuri “müvafiq tibbi yardımla təmin olunub. Lakin diaqnozlar və stress nəzərə alınarsa, o, iyulun 10-da dünyasını dəyişib”.