Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. "Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Bizim.Media-ya komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə hadisə mediada yayılan kimi Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edilib:
“İcra hakimiyyətindən bizə hələki araşdırma getdiyi bildirilib. Yeniyetmənin kim tərəfindən fiziki zorakılığa məruz qalmasından asılı olmayaraq hadisəyə hüquqi qiymət verilməsini tələb edirik”.
Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman Camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evinə çağırılaraq döyülüb. Başında, üzündə və bədənində ağır travmalar alan yeniyetmə hazırda xəstəxanadadır.