“Şahdəniz”də emissiyaların azaldılmasına yönəlmiş layihəyə başlanılır

 

“Şahdəniz” layihəsinin tərəfdaşları “Şahdəniz Alfa” (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə “Şahdəniz Bravo” (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.

Bu barədə “Demokratikmusavat.com "a “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu layihə ŞDA platformasının əməliyyat emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.

ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli deyib: “Layihə ildə təxminən 20 kte CO2 səviyyəsində Əhəmiyyətli Emissiya İntensivliyi (SER) təmin edəcək ki, bu da nəticədə ŞDA platformasından ümumi karbon qazı tullantılarının həcmini azaltmaqla bizim və "Şahdəniz" tərəfdaşlarının dekarbonizasiya səylərinə töhfə verəcək. Bu isə nəticədə neft və qaz əməliyyatlarımızın emissiyalarını azaltmaq məqsədimizə çatmaq üçün sanballı bir töhfədir. Eyni zamanda, bu layihə 2050-ci ilə qədər və ya daha tez xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əməliyyatlarımızdan yaranan emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq üzrə qlobal hədəfimizə uyğundur. Bundan əlavə, layihə ŞDA platformasının istismar səmərəliliyini artırmaqla və kommersiya qaz həcmlərinin nəqlində fasilələrin yaranması riskini azaltmaqla bir çox digər məqsədlərimizə çatmağa yardım edəcək”.

Yeni layihə çərçivəsində “Şahdəniz” tərəfdaşları bu yaxınlarda “SOCAR-KBR” birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.

5,7 milyon ABŞ dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün “SOCAR-KBR” birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağı BP şirkəti tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Bu vaxtadək “Şahdəniz” yatağından ümumilikdə 164 milyard standart kubmetrdən çox qaz və 37 milyon tondan artıq kondensat hasil edilib.

Hazırda yataqdan gündə təxminən 70 milyon kubmetr qaz və 105 min barel kondensat hasil olunur.

“Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. “Şahdəniz”in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.

“Şahdəniz 2” çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə “Şahdəniz” qazı Avropaya nəql olunmağa başlanıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).

0.15591788291931