Yeni qaz dəhlizlərində Türkiyə və Azərbaycanın rolu

 

Şərqi Aralıq dənizi qazının Avropanın qaz təchizatı təhlükəsizliyində oynaya biləcəyi rol Rusiya-Ukrayna müharibəsindən sonra daha ciddi müzakirə olunmaqdadır.

Demokratikmusavat.com  xəbər verir ki, türkiyəli ekspert  İsmail Sarı “Anadolu”da yayımlanan məqaləsində Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı səbəbilə Yaxın Şərqdə gündəmə gələn yeni qaz dəhlizlərində Türkiyənin və Azərbaycanın xüsusi rolundan yazıb.

Məqalədə qeyd olunur ki, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə enerji təchizatı şoku və çox yüksək enerji qiymətləri ilə üzləşən qlobal iqtisadiyyatın üzərinə böyük bir yük qoymuşdu. Mövcud vəziyyətə Avropa nöqteyi-nəzərindən nəzər saldıqda diqqət yenidən diversifikasiya resurslarına, xüsusilə Yaxın Şərq və Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarına yönəlib.

Ekspert hesab edir ki, Aİ Rusiya qazından çox asılıdır. “Aİ ildə təxminən 155 milyard kubmetr qaz idxal edir ki, bu da onun qaz alışının 45 faizini və istehlakının 40 faizini təşkil edir. Aİ idxalının 80 faizini təbii qaz kəməri vasitəsilə həyata keçirir və bu boru kəmərləri arasında əsasən heç bir əlaqə yoxdur. Qaz kəmərlərinin əksəriyyəti əsas gücləri Əlcəzair, Norveç və Azərbaycanda yerləşir. Problem ondadır ki, LNG əlavə nəqliyyat və qazlaşdırma infrastrukturları tələb edir, lakin artıq metantanker parkı yoxdur və onun genişləndirilməsi çətindir. Torpaq əsaslı reqazifikasiya qurğularının tikintisi vaxt aparır və kifayət qədər baha başa gəlir” - o qeyd edib.

 Avropanın qısa və uzunmüddətli perspektivdə Rusiya qazına qarşı mümkün qədər çox alternativ mənbələrinə gəldikdə ekspert bildirib ki, Şimal dənizində, Norveçdə, Şimali Afrikada, Yaxın Şərqdə, Qafqazda və ABŞ-da bəzi alternativlər olsa da, satınalmanı çətinləşdirən texniki, infrastruktur və vaxt maneələri mövcuddur: “Türkiyəni coğrafi mövqeyinə görə dəyərli və əhəmiyyətli bir ölkə edən bu kontekstdə yeni təchizat qaynaqlarının təmin edilməsidir. Əvvəllər qazın Türkiyə üzərindən Avropaya daşınması ilə bağlı ciddi planlar olsa da, onların çox az hissəsi reallaşdırılıb. Türkiyə Avropanı Azərbaycan, Türkmənistan, İran və İraq kimi qazla zəngin ölkələrlə əlaqələndirir. Türkiyə Rusiyanı cəlb etmədən Xəzər dənizindən qaz ehtiyatlarını Avropa bazarlarına çıxarmaqla Avropanın enerji təchizatını artırmaq və şaxələndirmək məqsədi daşıyan Cənub Qaz Dəhlizi (CQC) boru kəməri sisteminin mərkəzindədir. Bu mənada Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi Türkiyə üçün çox vacibdir. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyənin Avropanın Rusiya qazına alternativ tapmaq səylərində əsas tranzit ölkəsi olacağı ehtimal edilir”.

Mürtəza
Demokratikmusavat.com

0.15326189994812