Rusiya sabahdan buğdanın ixrac rüsumunu 20 faiz artırır.
Demokratikmusavat.com Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğdanın ixrac rüsumu iyulun 13-dən etibarən bir ton üçün 5558,9 rubl yəni, 150 manat 9 qəpik təşkil edəcək. Bəs bu artım ölkəmizə də təsir edəcəkmi?
Xezerxeber.az-ın məlumatına görə, ekspertlər bildirib ki, ölkəmizin buğdaya faktiki tələbatı 3 milyon tondan yuxarıdır. Bunun 40 faizi ölkəyə xaricdən idxal olunur. Xaricdən idxal olunan 1 milyon 140 min tondan yuxarı buğdanın 95 faizi Rusiyadan gəlir.
Təkcə bu ilin 5 ayını müqayisə etdikdə, ölkəmizə buğda idxalı 9 faiz azalıb. Yəni ölkəmizdə istehsal olunan buğdanın daxili tələbatın ödənilməsinə təsirləri getdikcə artır. Cari ilin əvvəlində ölkəyə idxal olunan buğdanın isə ötən illə müqayisədə kifayət artıq olması, ehtiyatlarımızın möhkəmlənməsinə müsbət təsir göstərib.
Qeyd edək ki, Rusiyanın buğdaya tətbiq etdiyi rüsum artımı qısa müddətlidir. Yeni rüsum dərəcələri iyulun 19-dək qüvvədə olacaq.