Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) müraciəti əsasında Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi məsələsinə baxılıb.
Bu barədə “Demokratikmusavat.com ” nazirlyə istinadən xəbər verir.
Dövlət Komissiyasının qərarına əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 (PMR 446-private mobile radio, 446 MHs) analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə (DRİ) birbaşa müraciət edəcəklər.
Xatırladaq ki, indiyə qədər bu tip radiostansiyalardan istifadə etmək istəyənlər Dövlət Komissiyasına müraciət edirdi və komissiya mövcud qaydalara əsasən, müraciətlərə 2 ay ərzində baxaraq qərar verirdi.
Yeni dəyişikliyə görə, müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonra 3 iş günü ərzində istifadəçilərə tezlik nominallarının ayrılması mümkün olacaq.