Bakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində Mahiri (adlar şərti verilib - red.) bıçaqlayıb.
Demokratikmusavat.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən ilin martın 15-də Nərimanov rayonu, M.Araz küçəsində baş verib. Əli Mahirin həmin ünvanda yaşayan bacısı Südabənin yaşadığı mənzilə gəlmə səbəbini müəyyənləşdirərkən aralarında mübahisə baş verib.
Bu zaman Əli üzərində gətirdiyi bıçaqla Mahiri vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Südabə onun doğma bacısıdır: "Zərərçəkmiş Mahiri əvvəllər tanımamışam, barəsində eşitməmişəm. Martın 15-də, saat 21:00 radələrində işdən çıxaraq evə getdim. Evdə istirahət etdiyim zaman bacımın həyat yoldaşı Cabir mənə zəng etdi. O, yaşadıqları mənzildə bacımı tanımadığı kişi ilə birlikdə evdə tutduğunu dedi. Bunu eşidən kimi evdə olan özümə məxsus bıçağı götürdüm, bacımın yaşadığı Nərimanov rayonundakı mənzilə getdim. İçəriyə daxil olduğum zaman orada qardaşım Vüqar, bacım Südabə, yeznəm Cabir və tanımadığım bir şəxs var idi. Qəzəbli şəkildə məsələni aydınlaşdırmaq məqsədi ilə bacımın üstünə doğru getdim. Amma qohumlarım araya girdi, ona yaxınlaşmağıma imkan vermədi. Ona görə də həmin tanımadığım şəxsə doğru getdim. Çox qəzəbli və həyəcanlı vəziyyətdə adını sonradan bildiyim Mahirin qarın hissəsinə bir dəfə bıçaqla vurdum. Bu anda qardaşım əlimdən bıçağı alaraq yerə atdı. Sanki birdən özümə gəldim və vəziyyətin yaxşı olmadığını gördüm".
Təqsirləndirilən şəxs qeyd edib ki, qohumlarından Mahiri xəstəxanaya çatdırmalarını xahiş edib: "Mən özüm isə mənzildə qaldım, polis əməkdaşlarının gəlməsini gözlədim. Törətdiyim əməldən çox peşmanam".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirin sözlərinə görə, Südabə ilə onun həyat yoldaşı Baharın aralarında dostluq münasibətləri var: "Təqsirləndirilən şəxsi və onun qardaşını əvvəldən tanımamışam. Martın 14-də arvadım Südabəyə zəng edərək "Necə kamil namaz qılaq?" kitabını mənim vasitəmlə səhəri gün hədiyyə olaraq ona göndərəcəyini bildirdi. Martın 15-də, saat 15 radələrində həmin kitabı Südabəyə apardım. Həmin vaxt Südabənin həyat yoldaşı Cabir evə gəldi. Südabə Cabirin məsələni səhv başa düşəcəyindən qorxdu. Məndən qabları və bankaları saxladıqları yerə keçməyimi istədi ki, həyat yoldaşı evə keçdikdən sonra gedim. Əvvəlcə belə bir şey etmək istəməsəm də, Südabə təkid etdiyindən məcbur olaraq razılaşdım. Saxlanc yerinə keçdim, oranın qapısını bağladım".
Zərərçəkmişin sözlərinə görə, sonra Cabir saxlanc yerinin qapısını açaraq ondan orada nə etdiyini soruşub: "Mən isə ailəyə yaxın adam olmağımı bildirdim. Cabir məndən mənzilə keçərək gözləməyimi istədi. Südabə üçün kitab gətirməyimi deməyimə baxmayaraq Cabir buna inanmadı. Qayınlarına zəng edərək ora gəlmələrini istədi. Təxminən 25 dəqiqə sonra Südabənin qardaşı Vüqar gəldi. Vüqar nə baş verdiyini soruşdu. Südabə hadisəni olduğu kimi Vüqara dedi. Mənim sadəcə onun üçün həyat yoldaşımın göndərdiyi kitabı gətirdiyimi bildirdim".
Zərərçəkmiş qeyd edib ki, həmin vaxtı Vüqar Bahara zəng edib: "Arvadımla danışdı, Südabəyə kitab göndərib-göndərmədiyini soruşdu. Bahar isə kitab göndərdiyini bildirdi. Bundan sonra isə Südabənin kiçik qardaşı Əli mənzilə daxil oldu.
Əli ilk olaraq Südabəyə doğru gəlmək istədiyi zaman Vüqar onu saxladı. Bu zaman Əli geriyə çəkildi və mənim üzərimə gəldi. Əlindəki bıçaqla qarın hissəmə bir dəfə vurdu. Vurduqdan sonra Əli məni dərhal xəstəxanaya aparmalarını orada olanlara bildirdi. Südabə və Vüqar məni xəstəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxartdıqları zaman Cabirin qardaşı Elmar gəldi. Onlar məni xəstəxanaya apardılar".
Zərərçəkmiş ifadəsinin sonunda Əli ilə barışdığını, onu bağışladığını deyib: "Müalicəm ilə bağlı lazımi köməklik də göstərilib. Bu səbəbdən Əliyə qarşı şikayətim yoxdur".
Əlinin barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.