İngiltərədəki "siyasi zəlzələ"nin pərdəarxası: Consonu istefaya aparan proses...

 

Böyük Britaniyanın baş naziri Boris Conson hökumətindəki çoxsaylı istefalar və təzyiqlərdən sonra ötən gün istefa verib. 

Demokratikmusavat.com xəbər verir ki, 1932-ci ildən bəri İngiltərə hökumətində ən çox istefa ilə üzləşən Conson, partiya nəzarətini itirməsi səbəbi ilə istefaya çağırılıb. 

Boris Consonun istefasına gətirib çıxaran məsələləri təqdim edirik.

Ən çox istefa ilə qarşılaşan dövlət lideri

Baş nazir Conson kabinetindəki 5 nazir və 50-dən çox nazir müavini və hökumət rəsmisinin istefa verib. Conson administrasiyasına reaksiya olaraq kabinetdən istefa verən əsas adlar arasında səhiyyə naziri Sajid Cavid, maliyyə naziri Rişi Sunak, Şimali İrlandiya naziri Brandon Levis, Uels naziri Simon Hart kimi nazirlər var. Həmçinin, Mənzil, İcmalar və Yerli İdarəetmə naziri Maykl Qov Boris Consona istefa verməsini söylədikdən sonra işdən çıxarılıb.

Qısa müddət ərzində Conson hökumətindəki istefaların sayı 59-a çatıb.

Conson Britaniya tarixində 1932-ci ildən bəri 24 saat ərzində ən çox hökumət istefası alan lider olub. 1932-ci ildə Ramsey MakDonald dövründə 11 nazir 24 saat ərzində istefa verdi, Consonun dövründə isə ilk istefalar çərşənbə axşamı elan edildikdən sonra ilk 24 saat ərzində 17 kabinet üzvü istefa verib.

Etimad edilməyən baş nazir

Britaniya hökumətindəki istefaların səbəbi baş nazir Boris Consona etimadın itirilməsidir. İstefa verən nazirlər Consona yazdıqları istefa məktublarında ona etibar etmədiklərini açıq şəkildə ifadə edərək baş naziri istefaya çağırıblar.
Ən son istefa verənlərdən biri olan Ticarət Səfiri Riçard Qraham verdiyi açıqlamada 3 fərqli baş nazirə 10 il Ticarət səfiri olaraq xidmət etdikdən sonra vəzifəsini tərk etdiyini deyib:
“İnam hər şeydir. Dəyərlər, dürüstlük və əxlaq təhlükədədir. Ölkənin ehtiyacları hər zaman ön planda olmalıdır” - o bildirib.

Adı qalmaqallarda hallanıb

Baş nazir olduğu müddətdə müxtəlif qalmaqallarla gündəmə gələn Conson həm müxalifət liderləri, həm də lideri olduğu Mühafizəkarlar Partiyasının liderləri tərəfindən "vicdansız" olduğu üçün tənqid hədəfinə çevrilib. Johnson, 2020 və 2021-ci illərdə koronavirusla bağlı qapanmalar zamanı qaydaları pozaraq müxtəlif şənliklərə getdiyi üzə çıxdıqdan sonra vicdansızlıqda ittiham edilib.

Conson, keçən həftə iki nəfəri cinsi istismara məruz qoyduğu üzə çıxdıqdan sonra istefa verən keçmiş Mühafizəkarlar Partiyasından olan deputat Kris Pinçerlə bağlı mövqeyindən dolayı da tənqidlərlə üzləşib. Consonun Pinçerin istismar məsələsindən xəbərdar olduöu, lakin baş nazir kimi vaxtında və məsuliyyətli hərəkət etmədiyi irəli sürülüb.

Həm müxalifət liderləri, həm də Consonun lideri olduğu Mühafizəkarlar partiyası Consonu istefaya çağırıb. Çərşənbə günü İcmalar Palatasında keçirilən iclasda Mühafizəkar deputat və 1922-ci il komitəsinin icraçı direktoru Gary Sambrook deyib ki, Conson "məsuliyyəti öz üzərinə götürməli və istefaya getməlidir".

İstefaya müqavimət

Adı qalmaqallarda hallanan və hökumət üzvlərinin etimad etmədiyi Conson  istefa verməmək üçün uzun müddət müqavimət göstərib:

"Baş nazirin işi çətin şəraitdə davam etməkdir və mən də bunu edəcəyəm" - Conson açıqlamalarında demişdi.

Sonda kütləvi istefa və çoxsaylı təzyiqlərdən sonra Boris Conson baş nazir postundan istefa verib. O, payıza qədər hakim partiyanın yeni liderini seçmək üçün baş nazir postunda qalacaq.

Billurə

0.1581130027771