Boris Conson qəzəbləndi: "Get!" deyirlər, "Əsla!" söyləyir...

 

Heyətdə maliyyə naziri Nadhim Zəhavi, daxili işlər naziri Priti Patel, xarici ticarət naziri Enn-Mari Trevelyan, biznes və sənaye naziri Kvazi Kvartenq və nəqliyyat naziri Qrant Şepps vardı.

Boris Conson hələlik rəsmi bəyanatla çıxış etməyib. Lakin qeyri-rəsmi məlumatlara görə, Conson onu istefaya səsləyən nazirlərə belə cavab verib: "Siz ya məni dəstəkləyərək bütün səylərinizi iqtisadi inkişafa nail olmaq üçün fəaliyyətə kökləyəcəksiniz, ya da partiyada liderlik uğrunda savaşla və müxalifətin təzyiqi ilə qarşılaşacaqsınız. Müxalifətin məqsədi isə mümkün qədər tez müddətdə parlament seçkilərinin keçirilməsidir".

Boris Conson bir qədər əvvəl parlament komitəsində olarkən "bu ölkəyə gərək olan axırıncı nəsnə seçkilərdir" demişdi. Onun sözlərinə görə, səlahiyyətləri 2019-cu ildə keçirilmiş və böyük üstünlüyü ilə bitmiş seçkilərin nəticələri ilə müəyyənləşir.

Britaniya hökuməti isə çalxalanır. Belə ki, hökumətdə çalışanlar arasında artıq 44 nəfər istefa niyyətini açıqlayıb. Onların arasında hökumət üzvü sayılmasalar da, nazirlər kabinetinin işinə qatılan deputatlar da var.

Dünənsə 14 nazir istefa verdiklərini bildiriblər.

Qalmaqallı vəziyyətin səbəbi iyulun 5-də, axşam saatlarında səhiyyə naziri Sacid Cavidin və xəzinədarlıq kansleri Rişi Sunakın istefa vermələridir. Onlar seksual cinayətlərdə suçlanan deputat Kris Pinçerə hökumətdə vəzifə verilməsinə etiraz edirlər.

İlk baxışdan Boris Consonun mövqeləri səbatlıdır. Axı iyunun 6-da Britaniya parlamenti "COVİD əyləncə gecəsi" qalmaqalından sonra Consona etimad votumu nümayiş etdirmişdi. Deputatların 59 faizi Consonun lehinə səs vermişdilər. Qaydalara görəsə, etimadsızlıq votumu ilə bağlı səsvermə yalnız bir ildən sonra keçirilə bilər.

Consonun opponentləri - xüsususilə də Mühafizəkarlar Partiyasından olanlar - onun istefasına nail olmaq istəyirlər. Conson könüllü istefa verməsə, etimad votumu ilə bağlı səsvermə yenidən tələb edilə bilər.

Prosedur yetərincə mürəkkəbdir: Britaniya parlamentində bu işlə "1922 komitəsi" məşğul olur. Komitə Mühafizəkarlar Partiyasının 18 üzvündən ibarətdir. Və həmin komitə də etimad votumu ilə bağlı növbədənkənar səsvermənin keçirilməsinin əleyhinə səs verib.

Fəqət problem budur ki, bazar ertəsi, iyulun 11-də "1922 komitəsi"nin heyətinə yeni seçkilər keçiriləcək. Yeni heyətsə qaydaların dəyişdirilməsinə və etimad votumu ilə bağlı növbədənkənar səsvermənin keçirilməsinə razılaşa bilər.

Britaniya həyəcanla gözləyir. Mümkün variantlardan biri etimad votumu ilə bağlı növbəti səsvermə müddətinin yarım ilədək azaldılmasıdır.

Belə olarsa, Boris Conson istefa təhlükəsi ilə ən tezi dekabrda üzləşəcək.

Komitənin yeni heyəti qaydaları dəyişsə belə, Britaniya parlamentindəki deputatların əksəriyyətinin Boris Consonun istefasının lehinə səs verəcəkləri qəti ehtimal deyil.

Baş nazir postuna ən potensial namizədlərsə müdafiə naziri Ben Uolles və xarici işlər naziri Elizabet Trassdır.

Elçin Alıoğlu
Milli.Az

0.12349104881287