Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib.
Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda deyilir ki, siyahı “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiqlənib. Qərar bu ilin əvvəlindən tətbiq edilir və gələn ilin sonuna qədər qüvvədədir.
Nazirlər Kabinetinin yaydığı açıqlamada deyilir ki, bugünki qərarla yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılıb. Bu, ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.
Xatırladaq ki, ötən aydan Azərbaycana yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.