XİN rəhbəri: “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq”

 

“Bu formatda görüş ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin keçirilən birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.

“İndiki dövrdə də biz regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan üçtərəfli Azərbaycan-Türkiyə-Qazaxıstan formatı Azərbaycanın xarici siyasət münasibətlərində yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımız regional səviyyədə risklərin və çağırışların qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat və kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektli sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığın genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, - XİN rəhbəri qeyd edib.

0.15747809410095