Rusiya Estoniya ərazisinə raket zərbələrini imitasiya edir. Estoniya Müdafiə Nazirliyi vəziyyətin ciddi olduğunu hesab edir.
Bu barədə Finlandiyanın "İltalehti" nəşrinə Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salm məlumat verib.
NATO mənbələrinin məlumatına görə, son günlər Rusiya Baltikyanı ölkələrə imitasiya edilmiş raket hücumları həyata keçirib. Salm Estoniya ilə bağlı məlumatı təsdiqləyib.
“Hazırda rusiyalıların Estoniya ərazisinə raket zərbələrini imitasiya etdiyi təlimlər keçirilir”, - deyə Salm bildirib.
İmitasiya edilmiş raket zərbələri ilə yanaşı silahlı Rusiya helikopterləri Baltikyanı ölkələrin sərhədlərini pozub.
“Rusiya helikopterləri bir neçə dəfə sərhəd pozuntusuna yol verib. Söhbət sahildən əlli mil məsafədə və ya təyyarələrdən uzaqda olan gəmilərdən yox, helikopterlərdən gedirdi. Helikopter təsadüfən sərhədi keçmir”, - deyə Salm qeyd edib.
NATO mənbələrinin məlumatına görə, Rusiya helikopterləri hücumu məşq edirdi.
Estoniya Müdafiə Nazirliyi vəziyyətin çox ciddi olduğunu hesab edir.
“Rusiyalılar hesab edir ki, biz müstəqilliyə layiq deyilik. Onların son əməliyyatları və strateji kommunikasiyaları bununla bağlı gəldikləri qənaəti təsdiqləyir”, - deyə Salm xəbərdarlıq edib.
Daha öncə Estoniya Rusiya hərbi helikopterinin ölkənin hava məkanını pozduğunu bildirmişdi.
Bundan əlavə, Rusiyanın Mi-17 helikopteri may ayında iki dəfə Finlandiya hava məkanını pozaraq, Finlandiya ərazisinə bir neçə yüz metr məsafədə nüfuz etmişdi.