İyunun 7-də Rusiyanın “Şərq” Dövlət muzeyində “Edmond Petrosyan. Misteriyalar” sərgisi açılıb. Sərgidə Xankəndi sakini Edmond Petrosyanın işləri təqdim edilib.
Demokratikmusavat.com Caliber.Az-a istinadən xəbər verir ki, Moskvanın erməni muzeyi sərgini “Edmond Petrosyan. Dağlıq Qarabağdan misteriyalar” adı altında anons edib. Baxmayaraq ki, Rusiyanın “Şərq” muzeyinin saytında material “Edmond Petrosyan. Misteriyalar” adı altında dərc edilib və orada “Dağlıq Qarabağ” ifadəsi işlənməyib. Üstəlik, sərginin təsvirində indi “Stepanakert” ifadəsinin yanında mötərizədə şəhərin əsl adı Xankəndi göstərilir.
Moskvanın erməni muzeyi Azərbaycanın Qarabağ bölgəsindən olan şəxsin sərgisinin ilkin adının dəyişdirilməsinə nəyin səbəb olduğunu öyrənmək qərarına gəlib.
“Fakt budur ki, siz də bunu bilməlisiniz, Dağlıq Qarabağ ərazisi dünya birliyi və xüsusən Rusiya Federasiyası nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının bir hissəsi hesab olunur. Siz bunu bilirsiniz. Məndən soruşun ki, nə üçün “Stepanakert” sözünün yanında azərbaycanca adı (Xankəndi - red.) ortaya çıxıb. Çünki bu, yaşayış məskəninin Azərbaycan hakimiyyəti tərəfindən tanınan rəsmi adıdır. Əgər Rusiya Federasiyasının bu ərazinin Azərbaycan Respublikasının bir hissəsi kimi tanınması ilə bağlı mövqeyi varsa və bu, Rusiyanın rəsmi mövqeyidirsə, siz istəyirsiniz ki, muzey Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd getsin?”, - deyə “Şərq” muzeyinin direktor müavini, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru İlya Zaytsev “Moskva” erməni muzeyinin nümayəndəsinin suallarını cavablandırarkən deyib.
Ermənistan nümayəndəsinin sərginin adından “Dağlıq Qarabağ” ifadəsinin niyə çıxarılmasını aydınlaşdırmaq üçün inadkar cəhdlərinə görə professor Zaytsev erməni muzeyinin nümayəndəsinə rəssamların siyasi, milli, cinsi mənsubiyyətinə yox, bu insanların daşıdığı sənətə diqqət yetirməsini tövsiyə edib.
“Belə olan halda rəssamın etnik mənsubiyyəti o qədər də önəmli deyil. Əhəmiyyətli olan onun nə çəkdiyidir, rəsmin keyfiyyətidir. Bizim göstərməyə çalışdığımız budur”, - deyə professor Zaytsev bildirib.
Erməni muzeyinin nümayəndəsi təkid etməyə başlayıb ki, “sərginin adı dəyişdirilənə qədər heç bir problem olmayıb və bu adda heç bir düzəliş edilməyib”. Sonra erməni nümayəndə iddia edib ki, guya Rusiyanın rəsmi mövqeyinə görə “sərgi başlığında Dağlıq Qarabağ görünməli idi”.
“Belə bir şey yoxdur. Sərginin adı ilə bağlı Rusiya Federasiyasının heç bir rəsmi mövqeyi yoxdur. Necə istəsək, elə də edəcəyik. Başa düşürsünüz? Biz onu bax belə adlandırmaq istədik – elə də adlandırdıq. Biz bununla bağlı qərar verdik. Bu sizi niyə qane etmir? Bu ad kimisə təhqir edir?”, - deyə professor Zaytsev erməni nümayəndəyə cavab verib.
“Moskva” erməni muzeyinin nümayəndəsi daha sonra Rusiya muzeyini “Azərbaycan tərəfinin tələblərini yerinə yetirməkdə” ittiham etməyə başlayıb.
“Siz bu hadisəni siyasi kontekstə salırsınız və onu ümumbəşəri ölçülərə şişirdirsiniz”, - deyə İlya Zaytsev erməni nümayəndəyə cavab verib və ona mübahisə etmək əvəzinə gedib rəssamın işi ilə tanış olmağı tövsiyə edib.