Deputat: "Ailə başçısı rəhmətə getdikdən sonra pensiyasını xanımı alsın"

 

"Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur. Qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir. Bu azyaşlı övladı olan ailələrə şamil edilir. Biz çox gözəl bilirik ki, ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil". 

Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, qadınlara iş tapmaq, dolanmaq daha çətindir.

"Mən bir neçə ailəni qəbul etmişəm, ya övladı yoxdur, ya uşaqları  ayrılıb, öz ailəsi var. Qadın isə həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr kütləvi deyil, amma problemləri çox ağırdır və onların göz yaşları məni çox mütəəssir edib", - o qeyd edib. 

Deputat təklif edib ki, müvafiq qanunlara düzəliş edərək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın. 

"Hörmətli Sahibə xanım, Sizdən bu məsələnin araşdırılması üçün müvafiq şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Bu məsələyə ƏƏSMN-nin nümayəndəsinin də fikir bildirməsini xahiş edirəm. Bu problemin həlli imkanları varmı?", - deputat vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.16998195648193